Krımın türk-tatar qaraçıları

0
643

Qaraçılar vətəni olmayan və belə demək mümkünsə, dünyanın hər yerinə yayılan və indinin özündə belə böyük hissəsi yarıköçəri, yarıoturaq həyat sürən bir toplumdurlar. Onların tarixinin Hindistandan başladığını tədqiqatçılar dəfələrlə sübut etməyə çalışıblar və bununla bağlı çoxlu sayda elmi tədqiqat əsərləri də yazılıb. Avropadakı və Amerikadakı qaraçılar özlərini rom, Suriya və Fələstindəki qaraçılar isə dom adlandırırlar. Amma Krımda yaşayan qaraçılar özlərinə “krımatika”, “qurbet” deyirlər. Ümumiyyətlə, dünyanın hər yerinə səpələnmiş qaraçıları bir-birilərindən ayıran yeganə xüsusiyyət onların müxtəlif dinlərə mənsub olmalarıdır. Buna səbəb qaraçıların yaşadıqları ölkənin əhalisi ilə sıx kontakta girə bilmələri üçün yerli xalqın sitayiş etdiyi dini qəbul etməyə məcbur olmalarıdır. Avropada katolikliyi, protestantlığı, lüteranlığı, İslam ölkələrində isə İslamı qəbul edən qaraçıların böyük əksəriyyəti 2-3 min il bundan əvvəl olduğu kimi, yenə də köçəri həyat sürməkdə davam edirlər. Amma onların bir hissəsi artıq oturaq həyata keçməyə başlayıb. Bu baxımdan Krım qaraçıları daha çox diqqəti cəlb edir. Qaraçıların Krıma köç etmələrinin dəqiq tarixini heç kim bilmir. Bəzi tədqiqatçılar (V.X.Kondaraki) qaraçıların Krıma İrandan, Balkanlardan, digər tədqiqatçılar (N.Svyatski) Moldovadan gəldiklərini yazırlar. Amma tədqiqatçı alim V.İ.Filonenko qaraçıların Krıma müxtəlif vaxtlarda, fərqli yerlərdən hissə-hissə gəldiklərini yazır.

Tatarlardan fərqlənmirlər

Krıma gələn qaraçılar, əvvəlcə, türklərin məskunlaşdıqları Baxçasaray və Salaçikdə məskunlaşıblar. Sonra isə tədricən bütün Krıma yayılıblar. Bununla bağlı hələ 1895-ci ildə tədqiqatçı N. Q. Ştuber yazırdı: “Bütün Krım qaraçıları islam dininə sitayiş edirlər. Onlar Qurani-Kərimi tatarlar qədər, hətta onlardan yaxşı bilir, İslam dininin adət-ənənələrinə fanatikcəsinə əməl edirlər. Krım qaraçıları burada yaşayan tatar ( türk) əhali arasında yaşadıqlarından onların dillərini yaxşı bilirlər, onlar kimi geyinirlər. Əyinlərinə tatar xalatı geyinir, başlarına tatar papağı qoyurlar. Onlar bütün vasitələrlə tatarlardan fərqlənmək istəmir, onlara oxşamağa çalışırlar. Krım qaraçıları dinləri eyni olduğundan buradakı tatarlara qız verir və qız alırlar. Bu da onların tatarlarla qaynayıb-qarışmasına gətirib çıxarıb. Krım qaraçıları tatarlar kimi zurna və nağarada məharətlə ifa edirlər. Onların adət-ənənələrini, toyla yas mərasimlərini yerli tatarların analoji tədbirlərindən ayırmaq mümkün deyil”.

Türklərlə (tatar) qaynayıb-qarışma nəticəsində Krım qaraçılarının dillərinə kifayət qədər türk sözləri keçib. Hazırda Krım qaraçılarının dillərindəki sözlərin 40 faizindən çoxunu tatar (türk) sözləri təşkil edir. Amma Krımda yaşayan qaraçılarn İslam dinini nə vaxt qəbul etdikləri məlum deyil. Krıma gələn qaraçıların hələ Balkanlarda yaşadıqları vaxtlar İslam dininə sitayiş etdikləri məlum idi.

Nəhayət, yenə də qeyd edək ki, Krımda yaşayan qaraçılar özlərini Avropa və Amerika qaraçılarından fərqli olaraq, həm də “Qurbet” adlandırırlar. Bu söz türk sözü olub qürbət, qürbətdə yaşayanlar deməkdir. Onlar özlərini “qurbet” adlandırmaqla türk soyundan gəldiklərini iddia edirlər. Antropoloji baxımdan Krım qaraçıları arasında türklərə bənzəyənlər az qala onların 70-80 faizini təşkil edir. Bu da onların əsrlərlə tatarlarla birgə yaşamalarından, onlara qaynayıb-qarışmalarından irəli gəlir. Krım qaraçıları xarakter etibarilə sakit xalqdırlar. Onlar istənilən mübahisəni dinc yollarla həll etməyə çalışırlar. Amma bu onların fağır, məzlum olmaları demək deyil. Krım qaraçıları yerli tatarlar kimi döyüşkəndirlər və olduqca emosionaldırlar. Onlar donuz əti yemir, şərab içmirlər.

Qeyd edək ki, almanlar Krımı işğal edərkən qaraçıları axtarıb taparaq və onları da yəhudilər kimi güllələmək istəyirdilər. Ancaq yerli tatarlar İslam dini qəbul edən qaraçıları almanlara təhvil vermədilər və onların köç edib getdiklərini bildirdilər. Almanlar Krımı işğal etdikləri 3 il ərzində qaraçıları yerli tatarlardan ayıra bilmədiklərindən onlardan bir nəfərini də ələ keçirib güllələyə bilmədilər. Stalin də 1944-cü ildə tatarlarla birgə müsəlman qaraçıları da Orta Asiyaya sürgün etdi. Ancaq Orta Asiyaya sürgün edilən müsəlman qaraçıların böyük hissəsi müxtəlif yollarla sürgündən qaçaraq yenidən Krıma – doğma evlərinə qayıda bildilər.

Toy və yas mərasimləri

də eynidir

Krımda türklərlə birgə yaşamaları qaraçıların həyatında mühüm rol oynayıb. Onlar qeyd etdiyimiz kimi, Krım türklərinin (tatarların) adət-ənənələrini, dilini elə mənimsəyiblər ki, kənardan baxan heç vəchlə qaraçı ilə Krım tatarını bir-birindən ayıra bilmir. Krımın türkləşmiş, tatarlaşmış qaraçılarını buradakı yerli xalqdan ayırmaq, ümumiyyətlə, mümkün deyil. Çünki zahirən də, xarakter etibarilə də türkləri sanki təqlid edirlər. Türk milli musiqi alətlərində (zurna, saz, nağara) çalmağı öyrənən qaraçılar türk milli mahnılarını da məharətlə, yüksək səviyyədə ifa edirlər. Krımdakı türk-tatar toylarının çoxunu qaraçılar aparırlar. Krım qaraçıları məşğul olduqları sahələrə görə müxtəlif qruplara bölünüblər. Özü də onlar özlərinin məşğul olduqları sahələri türk adları ilə adlandırırlar. Məsələn, ayı oynatmaqla məşğul olan qaraçılar özlərini ayıçılar, ələk və səbət düzəldənlər isə ustalar, nağaraçı, balaban çalanlar, “davulçular” (türkcə davul-nağara) adlandırırlar. Oturaq həyata keçmək qaraçıların daha incə sənətlərlə məşğul olmalarına gətirib çıxarıb. Məsələn, Krım qaraçıları tatarlardan zərgərliyi mənimsəyərək, mahir zərgərlərə çevriliblər. Onu da deyək ki, zərgərlər Krım qaraçıları arasında ən varlılarıdır. Davulçular – nağara çalanlar dini bayramlarda (Ramazan, Qurban bayramı) və toylarda kifayət qədər yüksək qazanc əldə edirlər. Ən mahir davulçular Salaçikdədir. Krım qaraçılarının həyatını tədqiq edən akademik Konçevski yazır: “Ən mahir musiqiçilər Salaçikdədir. Salaçik dünyanın açıq səma altında olan məşhur konservatoriyasıdır. Salaçik qaraçıları tatar toylarının bəzəyidirlər”. Toylardan danışarkən onu da deyək ki, Krım qaraçıları da tatarlar kimi qız ərə verərkən oğlan tərəfindən kalım, süd pulu, başlıq alırlar. Başlıq verə bilməyənlər bu pulu yığıb verməlidirlər. Amma artıq bu adət öz əhəmiyyətini itirməyə başlayıb. Başlıq verə bilməyən Krımın türkləşmiş qaraçıları qızın razılığı əsasında rəsmi nikaha girirlər və bununla da məsələ bitmiş hesab edilir. Krım qaraçılarının yas mərasimləri də yerli tatarlarınkı kimidir. Onlar ölü üçün “üç”, “yeddi”, “qırx” və “əlli iki” mərasimi keçirirlər. Onlar tatarlar kimi İslam dininin qanun-qaydalarına uyğun olaraq, oruc tutur, qurban kəsirlər.

Krım qaraçıları tatarlar kimi “yılbaşı”nı, Novruzu bayram edirlər. Krımın bəzi yerlərində türkləşmiş qaraçılar əhalinin 70-80 faizini təşkil edirlər.

Məsələn, Yevpatoriyanın İsmayıl bəy adlı mikrorayonunda yaşayanların da 70 faizi qaraçıdır. Onlar özlərini türklər kimi dayfa (tayfa) adlandırırlar. Onların adları tatar adlarından fərqlənmir, tatarlardan daha çox məscidə gedir, tatarlardan daha çox İslam adət-ənənələrinə hörmət edirlər. Krım-Tatar Etnoqrafiya Muzeyinin Krım-Tatar Etnoqrafiyasının şöbə müdirinin müavini E.S. Zeynəliyeva yazır: “Yevpatoriya qaraçılarını tatarlardan ayırmaq mümkün deyil. Məsələn, Məmişeva Xədicə Cankoyda yaşayır. O da yerli tatarlar kimi çubuq (qəlyan) çəkir, bazarda alver edir, müntəzəm olaraq məscidə gedir”.

“Beloqorsk” bazarında alver edən Ədəm Mambetşayevi də tatarlardan ayırmaq çətindir. Onun xalası 78 yaşlı Mamutova (çox güman ki, Məmmədova və ya Mahmudova) Asina deyir ki, Allah onlara dayfa adı verib və tatarlarla qohum edib. Amma “beynəlmiləlləşmə” Krımın tatarlaşmış qaraçılarına da təsir edib. Belə ki, Krımdakı türkləşmiş qaraçıların bəziləri qeyri-islam dininə mənsub olan qaraçılarla evlənirlər. Məsələn, Sərvərov Xəlil islam dininə, həyat yoldaşı Rita isə xristian dininə sitayiş edir.

Amma bu onların birgə yaşamasına mane olmur. Onlar həm Qurban bayramını, həm Pasxanı, Troitsanı və Yılbaşını (Novruz bayramı və ya Yeni il) birgə bayram edirlər. Yura Umerovun ailəsi də oxşar talelidir. Ər müsəlman, arvad (Roza) pravoslavdır. Roza da deyir ki, müsəlman və xristian bayramlarını birgə bayram edirlər. Onlar da özlərini tatarlardan ayırmırlar. Bir sözlə, bu gün Krım qaraçıları haqqında “onlar həm tatar, həm də qaraçıdırlar” deyirlər.