Krımda tatarlar yoxa çıxırlar

523

“Human Rights Watch” (İnsan Hüquqları Müdafiəsi) hüquq-müdafiə təşkilatı Krımda növbəti insan oğurluğu halları haqqında məlumat yayıb. Əksər hallarda krım-tatar əhalisi nümayəndələri yoxa çıxırlar. Rusiya tərəfindən ilhaq edilmiş Krım hakimiyyəti Krım tatarlarına qarşı daha çox cinayətlər törədildiyinə dair iddialarla razı deyil və insan oğurluğu ilə bağlı bütün halları araşdırdıqlarını deyirlər.

 

“Qorxu və düşmənçilik ab-havası”

HRW nümayəndələri may ayından bəri, sentyabrın 27-də Beloqorskda oğurlanmış İsləm Cepperov və Cevdet İslamov daxil olmaqla, beş nəfərin yoxa çıxdığını bildirirlər.

Hüquq-müdafiəçilərinin fikrincə, əslində söhbət yarımadada krım-tatar əhalisi üzərinə təzyiqlərin güclənməsindən gedir. “İnsanların yoxa çıxması, Krım tatarları da daxil olmaqla, ukraynapərəst mövqeləri bölüşənlərə dair qorxu və düşmənçilik ab-havasını daha da şiddətləndirir. Mövcud Krım hakimiyyəti bütün yoxaçıxma hallarının, o cümlədən, Krım özünümüdafiə qüvvələri və Rusiya xüsusi xidmətlərinin buna aidiyyəti olması səbəblərini araşdırmalıdır”, – deyə, Avropada və Mərkəzi Asiyada HRW təşkilatının proqramları üzrə əməkdaşı Yuliya Qorbunova bəyan edib.

HRW xatırladır ki, Krım hakimiyyəti sentyabrda Krım Tatar Məclisini buraxmaqla hədələmiş və onun Simferopoldakı ofisini möhürləmişdir. Məclisin sabiq və hazırkı sədrlərinin Krıma girişi qadağan olunmuşdur. Avqust ayından xüsusi xidmətlər məscidlərdə, məktəblərdə və Krım tatarlarının şəxsi evlərində axtarışlar aparır və dediklərinə görə, “silah, narkotik və qadağan olunmuş ədəbiyyat” axtarırlar.

İtkin düşənlər

Rusiya İstintaq Komitəsinin (RİK) Krım Respublikası üzrə Baş İstintaq İdarəsində insan oğurluğu hallarının hamısının araşdırıldığını deyirlər. İsləm Cepperovla Cevdet İslamovun oğurlanması faktı üzrə ötən həftə cinayət işi açılıb, idarənin rəsmi nümayəndəsi Yevgeniya Belikova bu barədə BBC-yə deyib.

İsləm Cepperov və Cevdet İslamov xala oğulları sentyabrın 27-də Beloqorsk yaxınlığında Sarı Su mikrorayonunda oğurlanıblar, hadisə şahidlərinə istinadən “Krım. Realii” portalı yazır. Naməlum şəxslər onları itələyib mikroavtobusa salıb aparıblar.

Rusiyanın ilhaqından sonra Krıma gəlişi qadağan edilmiş Krım tatarlarının lideri Mustafa Cemilov istintaqın gedişindən narazıdır və hətta oğurlanma halları çoxsaylı şahidlərin gözü qabağında baş verəndə belə, yeni Krım hakimiyyətinin həmin işləri araşdırmadığını bildirir.

Ən son hadisə oktyabrın 3-də Simferopolda baş verib – 23 yaşlı Eskender Apselemov itkin düşüb. Onun qohumları son dəfə onu axşam saat altı radələrində evin yanındakı mağazanın yaxınlığında gördüklərini söyləyirlər. O vaxtdan ondan heç bir xəbər-ətər yoxdur.

 

Sentyabrın 29-da Saki şəhərindən Yevpatoriyaya yollanmış Edem Asamovdan heç bir xəbər olmayıb, ötən bazar ertəsi günü isə onun meyiti Yevpatoriyada başlı-başına buraxılmış sanatoriyada asılı halda aşkar edilib. Asamovun ölüm səbəbləri də bu günədək məlum deyil.

 

Tərkisilah olma tələbi

HRW-də hesab edirlər ki, Krım tatarlarına və başqa millətlərdən olan ukraynapərəst fəallara qarşı əvvəlki çoxsaylı zorakılıq hallarında rusiyapərəst Krım özünümüdafiə qüvvələrinin əli var. Hüquq müdafiəçiləri Krım hakimiyyətini çoxdan bu bölmələri tərisilah edib, qeyri-qanuni hərəkətlərdə təqsirliləri cəzalandırmağa çağırırlar. Mart ayında HRW Krımda yeddi itkin düşmə hallarını qeydə alıb – sonradan onların altısı sərbəst buraxılıb, birinin meyiti isə iki həftədən sonra qətl izləri ilə aşkar edilib. Yarım il ərzində Krımda 18 nəfər itkin düşüb.

Human Rights Watch nümayəndəsi Yuliya Qorbunova hesab edir ki, Krım tatar icması nümayəndələrinin yoxa çıxması hallarında hakimiyyətin fəaliyyətsizliyi ucbatından yeni cinayətlərə yol açan tənbehsizlik ab-havası yaranır.