Krım tatarlarının gələcəyi təhlükə altındadır

624

Rusiyanın Krımı işğal etməsindən sonra bölgədə insan haqlarının kəskin şəkildə tapdalanması və bu müstəvidə də bölgənin yerli xalqı olan Krım tatarlarına qarşı təzyiqlərin gündən-günə artması beynəlxalq təşkilatları da narahat etməkdədir.

Bunu ATƏT-in Ukrayna üzrə insan haqlarının vəziyyətini araşdırma qurumunun məsələ ilə bağlı həyəcan təbili çalması da sübut etməkdədir. Ötən gün Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ( ATƏT) Ukrayna üzrə insan haqlarının vəziyyətini araşdırma qurumunun hazırladığı hesabatı rəsmi şəkildə yayımlayıb. Martın 6-dan aprelin 17-nə kimi olan müddət ərzində ATƏT-in Ukrayna üzrə insan haqlarının vəziyyətini araşdırma qurumunun 17 nəfər eksperti tərəfindən hazırlanan hesabatda Krım tatarlarına qarşı rus hərbçiləri və qondarma idarəetmə orqanları tərəfindən təzyiqlərin və zorakılıqların ən yüksək həddə çatdığı vurğulanıb. Bununla bağlı hesabatda deyilir: “Krımda bu bölgənin yerli xalqı olan Krım tatarlarının vəziyyəti dözülməz hala çatıb. Krımı işğal edən Rusiyanın Krım tatarlarına qarşı baş vurduqları zorakılıqlar ara vermir.”

Hesabatda məsələ ilə bağlı beynəlxalq təşkilatların təcili tədbirlər görməsinin vacibliyi də xüsusi vurğulanıb.

Bu arada isə Krım tatarlarına qarşı Rusiyanın bölgədəki oyuncaq rejimi tərəfindən həyata keçirilən müxtəlif cəza tədbirləri davam etməkdədir. Belə ki, Krım tatarlarının lideri Mustafa Krımoğlunun Krıma girişinə qadağa qoyulmasına qarşı çıxaraq, buna görə etiraz aksiyası keçirən Krım tatarlarına qarşı oyuncaq rejimin hüquq-mühafizə orqanları tərəfindən sərt cəza tədbirlərinə əl atılmaqdadır. Bu çərçivədə də etiraz aksiyasında iştirak etməyə görə 55 nəfər Krım tatarı haqqinda “cinayət” işi açılıb. Bununla bağlı rəsmi açıqlama verən Krım Tatar Milli Məclisinin Hüquq komitəsinin sədri Tofiq Qafarov bu günə kimi haqqında “cinayət” işi açılan 55 nəfərdən 18-nə cəza kəsildiyini bildirib. Onun sözlərinə görə, Kurman bölgə məhkəməsi 18 nəfərdən 6-na 40 min rubl, 8 nəfərə 15 min rubl, 4 nəfərə isə 10 min rubl cəza verilib. Tofiq Qafarov Ağməscid ( Simferopol) məhkəməsi tərəfindən 6 nəfərə 10 min rubl, Baxçasarayda 14 nəfərə 10 min rubl, 2 nəfərə 15 min rubl,1 nəfərə 11 min rubl, İslam Terek bölgəsində isə 6 nəfərə 10 min rubl cəza kəsildiyini bəyan edib. O bu qədər pulun kasıb tatarlar tərəfindən ödənilməsinin mümkün olmayacağını xüsusi qeyd edib.

Bu arada isə Krım Türklərinin Kültür və Yardımlaşma Dərnəyinin İstanbuldakı şöbəsi Krım tatarlarının Krımdan sürgün edilməsinin 70-ci ildönümü və Mustafa Krımoğlunun Krıma buraxılmaması ilə bağlı bəyanat verib. Bəyanatda deyilir ki, Krımın Rusiya tərəfindən işğal edilməsindən sonra Krım tatarlarına qarşı təzyiqlərin ara verməməsi ciddi narahatlıq doğurur. Bəyanatda beynəlxalq təşkilatların, insan hüquqlarını müdafiə cəmiyyətlərin Krımdakı etnik azlıqlara qarşı baş vurulan zorakılıqlara qarşı ayağa qalxmalarının vacibliyi qeyd edilib. Krım tatarlarının acınacaqlı vəziyyəti və Krım tatarlarının Krımdan sürgün edilməsinin 70-ci ildönümü ilə bağlı Krım Türklərinin Kültür və Yardımlaşma Dərnəyi may ayının 18-də Rusiyanın İstanbuldakı Baş konsulluğu qarşısında mitinq keçirməyi planlaşdırıb. “Krım yenidən rus işğalı altında” şüarı ilə keçiriləcək mitinqdə Krım tatarlarına qarşı zorakılıqlara son qoyulması tələb ediləcək, Baş konsulluğun önünə qara gül çələngi qoyulacaq.

Əzız Mustafa