Krım tatarlarının deportasiya təhlükəsi artır

547
Rusiyanın Krımın işğal etməsindən sonra yenidən ardı-arası kəsilməyən  təzyiqlərə və təhqirlərə məruz qalan Krım tatarları zorla yeni köçə məcbur edilməkdədirlər. 
Belə ki, hər gün yerli hökumət orqanları tərəfindən Krım tatarlarına qarşı yeni təzyiq və təhqirlərə baş vurulur. Bu müstəvidə də iyunun 26-da Krımın ana şəhəri olan Ağməscidin ( Simferopol) mərkəzində yerli hökumət orqanları tərəfindən Krım tatarlarına Bayraq günü keçirilməsinə icazə verilməyib. Bununla bağlı məsələyə münasibət bildirən Krım Tatar Ali Məclisinin Sədri Refat Çubarov yerli hakimiyyət orqanlarının icazə verməməsinə baxmayaraq, 26 iyunda Bayraq gününü Ağməscid şəhərinin kənarında Krım tatarlarının kompakt halda yaşadığı Borçokrak məhəlləsində qeyd edəcəklərini söyləyib. Onun sözlərinə görə, şəhərin mərkəzində Krım tatarlarına Bayraq gününün qeyd edilməsinə icazə verilməməsi yerli hökumət orqanları tərəfindən bölgənin yerli xalqı olan Krım tatarlarına qarşı həyata keçirilən ayrı-seçkiliyin nəticəsidir. Refat Çubarov: “Krımı idarə edənlərin Krım tatarlarına Bayraq gününü qeyd etməyə icazə verməməsi insan haqlarının tapdalanması, onlara qarşı düşünülmüş və planlı şəkildə ayrı-seçkilik siyasətinin həyata keçirilməsi deməkdir. Biz yerli hökumətin bütün cəhdlərinə baxmayaraq, Bayraq gününü keçirmək niyyətindəyik. Ancaq yerli hakimiyyət orqanları ilə qarşıdurmaya getməmək və onların əllərinə əleyhimizə müxtəlif bəhanələr verməmək üçün müqəddəs Bayraq gününü şəhərin kənarında keçirmək qərarına gəlmişik”,-deyib.

Refat Çubarov bununla bağlı həmçinin xatırladıb ki, Krıma yenidən qayıtdıqları 23 il ərzində ilk dəfə Krım tatarlarının deportasiyası – hüzn gününü mərasimlə qeyd etməyə yerli hökumət orqanları icazə verməyiblər. Krım Tatar Ali Məclisinin Sədri həmçinin deyib ki, yerli hökumət orqanları Krım tatarlarının bölgəni tərk etməsi üçün bütün təzyiqlərdən, təhqirlərdən, zorakılıqlardan istifadə edir, dinc tatarlara qarşı çoxlu sayda qeyri-insani hərəkətlərə baş vururlar. Refat Çubarov adanı işğal edən ruslar tərəfindən gizli şəkildə Krım tatarlarının deportasiyası planının həyata keçirildiyini xüsusi vurğulayıb. O deyib ki, nəticədə  son iki ay ərzində 10 min nəfərə yaxın Krım tatarı zülm və təhqirlərə dözməyərək, Krımı tərk edib Ukraynanın müxtəlif yerlərində sığınacaq axtarmağa məcbur olublar: “Belə getsə, yaxın bir neçə ildə Krımda yenidən 1 nəfər də olsun tatar qalmayacaq”

Krım tatarlarına qarşı yerli hökumət orqanları tərəfindən təzyiq və zülm siyasəti həyata keçirildiyini ötən gün bir qrup maskalı adamın Ağməscidin Bulqanak kəndindəki mədrəsəyə hücum edərək, orada dini təhsil alan azyaşlıları vəhşicəsinə döymələri və namaz qılanlara qarşı ağlasığmaz zorakılıqlara əl atması, sonra onları oradan qovmaları da sübut edir. Maskalılar mədrəsəni ələ keçirəndən sonra oranı alt-üst edərək, axtarış aparıblar. Maskalıların mədrəsəyə hücumu zamanı orada 13 şagird, 2 müəllim və yerli əhalidən namaz qılan 10-12 adam olub. Baş verən zorakılıqla bağlı mətbuata açıqlama verən Krım müftiliyi mətbuat xidmətinin rəhbəri Ayder Acimambetov maskalıların üstündə “Berkut” yazılan xüsusi avtobusla gəldiyini və mədrəsəyə hücum edənlərdən əlavə, daha 10 nəfər maskalının da  avtobusda silahlı şəkildə  oturduqlarını söyləyib. Öz növbəsində, mədrəsə müdiri Üsniyə Asanova Krım Xəbər Agentliyinə verdiyi açıqlamasında deyib ki, mədrəsəyə hücum edərək orada vəhşiliklərə əl atan maskalılar Rusiya Federasiyası Təhlükəsizlik Xidməti İdarəsinin əməkdaşları olublar.

Amma iş maskalıların mədrəsəyə hücumu ilə bitməyib. Belə ki, ötən gün mülki və hərbi geyimli 20 nəfər Bulqanak kəndində bir tatar evinə basqın edərək, orada axtarış aparıblar. Maskalılar 3 azyaşlı uşağın gözləri önündə ev sahibəsini döyərək, ondan silahı harada gizlətdiyini soruşublar. Sonra onlar evi altını üstünə çevirərək silah axtarıblar. 3 saat axtarışdan sonra heç nə tapmayan maskalılar axtarış apardıqları evin ailəsini Bulqanakdakı mədrəsəyə gətirərək, orada bir müddət nəzarət altında saxlayıblar. Bütün bunlar isə yerli hökumət orqanlarının Krım tatarlarını məcburi şəkildə öz yurd-yuvalarını tərk etməyə məcbur etmək niyyətində olduqlarını bir daha sübut etməkdədir.  ƏZIZ MUSTAFA