Krım tatarları hərbi batalyon yaradırlar

795

Rusiyanın Krımı işğal etməsindən sonra burada yaşayan tatarlara qarşı təzyiqlərin artması və onların ən görkəmli nümayəndələrindən biri olan Mustafa Cəmiloğlunun doğma vətəninə buraxılmaması belə bu əzabkeş və mübariz xalqın iradəsini qıra bilməyib.

Belə ki, Rusiya zülmünə dözməyərək növbəti dəfə doğma yurd-yuvalarını tərk etməyə məcbur olan Krım tatarlarının bir hissəsi mühacirətdə mübarizələrini davam etdirirlər. Bu müstəvidə də Ukraynanın Krımla sərhəd ərazilərində yaşayan Krım tatarları rus işğalına etiraz əlaməti olaraq, bölgənin blokadasına nail olmaq niyyətindədirlər. Bununla bağlı “Paytaxtın səsi” ( Qolos stolitsı) radiosuna müsahibə verən Krım tatarlarının tanınmış nümayəndələrindən biri olan Lenur İslamov bölgədə yaşayan tatarlardan ibarət Krım-tatar batalyonunun yaradıldığını bildirib. Onun sözlərinə görə, yeni batalyon Ukrayna hərbi qüvvələrinin tərkibinə daxil olacaq. Lenur İslamov deyib ki, Krım-tatar hərbi batalyonunun yaradılmasından məqsəd vaxtı çatanda işğal altındakı ərazilərimizi hərbi yolla azad etməkdir. Lenur İslamov: “Krım tatarlarından ibarət batalyon münaqişə zonasında daimi yaşayan tatarlardan təşkil edilib. Bu batalyon xüsusi təyinatlı olacaq və ona Krımla sərhədi qorumaq tapşırılacaq. Əlbəttə, bizim üçün ən önəmlisi sərhədi qorumaq deyil, öz doğma dədə-baba torpaqlarımıza tezliklə qayıtmaqdır. Ərazilərimiz işğaldan azad ediləndə Krıma ilk daxil olan da bizim batalyon olacaq”,-deyib.

Krım-tatar batalyonunda nə qədər hərbçinin olacağı ilə bağlı suala cavab verməkdən imtina edən Lenur İslamov ilk vəzifələrindən birinin Krımın dəniz blokadasını həyata keçirmək olduğunu xüsusi vurğulayıb: “Lakin hazırda batalyonumuzun silahı yoxdur. Ukrayna Müdafiə Nazirliyi batalyonumuza hərbi hissə nömrəsi verəndən sonra biz silah gəzdirə biləcəyik”.

Lenur İslamov həmçinin qeyd edib ki, batalyonu Türkiyə maliyyələşdirəcək və onun bütün ehtiyaclarını da qardaş ölkə ödəyəcək. Bu barədə razılığın Mustafa Cəmiloğlu ilə Türkiyə Prezidenti arasındakı görüşdə əldə edildiyini xatırladan İslamov: “Bizim üçün fərqi yoxdur, batayonumuzu kim maliyyələşdirəcək. Bizi farslar da, ukraynalılar da, başqaları da maliyyələşdirə bilər. Ancaq türklər və ukraynalılar bizim qan qardaşlarımız, qan qohumlarımızdır. Biz bir xalqıq, Krım bizim doğma vətənimiz, dədə-baba torpaqlarımızdır”,-deyib.

Əlbəttə, hələlik, Krım tatarlarından ibarət batalyonun Ukrayna Müdafiə Nazirliyi tərəfindən qəbul edilib-edilməyəcəyi, onlara hərbi hissə statusunun verilib-verilməyəcəyi məlum deyil. Bununla belə, Krım tatarlarının hərbi batalyon yaratmaq niyyəti onların doğma yurd-yuvalarına qayıtmaq üçün əl atdıqları mübarizə üsullarından biri hesab edilə bilər. Lakin o da aydındır ki, Krım batalyonu ilə Krımı azad etmək mümkün olan şey deyil. Krımın Krım tatarları tərəfindən dəniz blokadasına alınması cəhdləri də inandırıcı görünmür. Belə ki, bunun üçün onların dənizdə hərbi dəniz qüvvələri, hərbi gəmiləri, sualtı qayıqları olmalıdır. Ancaq Krım tatarlarının Krımın dəniz blokadasını həyata keçirmək üçün nə hərbi gəmiləri, nə də sualtı qayıqları var. Yəni belə bir addımın atılması və blokada cəhdləri daha çox simvolik xarakter daşıyacaq və tatar xalqında ruh yüksəkliyinin saxlanılmasına xidmət edəcək. Hər halda, 1944-cü ildə bir gecədə doğma yurd-yuvalarından Orta Asiyaya və Qazaxıstana sürgün edilən və bu zaman əhalisinin yarıdan çoxunu sürgündə, yollarda aclıq və xəstəlikdən itirən Krım tatarları SSRİ dövründə belə doğma yurd-yuvalarına qayıtmaq uğrunda mübarizələrini davam etdirdilər və sonda qismən də olsa öz istəklərinə çatdılar. Krımın işğalından sonra dədə-baba torpaqlarına qayıdan Krım tatarlarının yeni bir faciəsi başladı, lakin onlar ruhdan düşməyərək doğma yurd-yuvaları uğrunda mübarizələrini davam etdirirlər. Mübarizənin davam etdirilməsi isə başı min bəlalar çəkən azadlıqsevər xalqın gec-tez öz arzularına çatacaqlarına və doğma yurd-yuvalarına tam şəkildə, hamılıqla qayıdacaqlarına ümid etməyə imkan verir.