Krım tatarları: 70 il davam edən faciə

May ayının 18-də başı min bir bəlalar çəkən Krım tatarlarının tarixi torpaqlarından deportasiya edilməsinin 70 ili tamam oldu. 1944-cü ilin may ayının 18-də gecə saat 4-də səhər tələm-tələsik şəkildə doğma yurd-yuvalarından Krım tatarlarının deportasiyası başladı.

2 gün ərzində 191 min 44 Krım tatarını Özbəkistana, Urala və Qazaxıstana sürgün etdilər. Bu sürgün Krım tatarlarının 46-50 faizinin acından, susuzluqdan və xəstəlikdən ölməsinə gətirib çıxardı. Halbuki Krım tatarları yerli xalq idilər. Belə ki, 1783-cü ildə Rusiyanın Krımı işğal etməsinə kimi Krımda yaşayan əhalinin 95-98 faizini Krım tatarları təşkil edirdilər. II Dünya müharibəsi ərəfəsində isə Krımda 218 min179 Krım tatarı yaşayırdı və onlar yarımadadakı bütün əhalinin 19,4 %-ni təşkil edirdilər. Almaniya SSRİ üzərinə hücum etdikdən sonra 30 min nəfər Krım tatarı səfərbərliyə alınaraq müharibəyə göndərilmişdi. Onlardan 7 nəfərinə Sovet İttifaqı qəhrəmanı adı verilmişdi. Məşhur təyyarəçi Krım tatarı Ametxan Sultan iki dəfə Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüşdü. Amma bu türkə düşmən cəllad Stalin üçün yetərli olmadı və Krım tatarları heç bir əsas olmadan almanlarla əməkdaşlıqda günahlandırlaraq doğma yurd-yuvalarından sürgün edildilər. Halbuki Krımda almanlara qarşı aparılan partizan müharibəsinə yenə də Krım tatarları rəhbərlik edirdilər. Almanlarla əməkdaşlıq məsələsinə gəlincə, müharibə illərində almanlar tərəfindən işğal edilən bütün ərazilərdə düşmənlə əməkdaşlıq edənlər olub. Təkcə müharibə illərində 2 milyona yaxın rusun almanlarla sıx əməkdaşlıq etdiyi məlumdur. Amma buna görə yalnız Krım tatarları və digər türk-müsəlman xalqları doğma yurd-yuvalarından deportasiya edildilər. Ötən əsrin 80-ci illərindən başlayaraq çətinliklə də olsa, doğma yurd-yuvalarına qayıtmağa nail olan Krım tatarları burada yenə də yerli rusların təzyiqlərinə və zülmlərinə məruz qalmaqda davam edirlər. Bu müstəvidə də Rusiya tərəfindən Krımın işğal edilməsindən sonra Krım tatarlarının vəziyyəti daha da ağırlaşıb. Krım tatar xalqının azadlıq mübarizi Mustafa Krımoğlunun ( Cəmilovu) doğma yurd-yuvasına qayıdışına qadağa qoyan Rusiya Krım tatarlarının deporasiyasının 70 illiyinin qeyd edilməsinə də icazə vermədi. Buna baxmayaraq minlərlə Krım tatarları Ağməsciddə (Simferopol) tarixi vətənlərindən deportasiya edilmələrinin 70 illiyini hüzn və kədərlə qeyd edə bildilər. Bununla bağlı keçirilən hüzn mitinqində Krım tatarlarının bəyanatı qəbul olunub. Bəyanatda Krım tatarlarına tarixi torpaqlarında öz müqəddəratını təyinetmə hüquqlarının verilməsi, yarımadadakı Krım tatarlarına aid olan tarixi adların qaytarılması, Krım Muxtar Respublikasının ali orqanlarında Krım tatarlarına təmsil olunma hüquqlarının verilməsi, Krım Tatar Milli Məclisinin tanınması, onlara dini və irqi ayrı-seçkiliklərə zülm və təzyiqlərə son qoyulması tələb edilib.

Qeyd edək ki, Krım tatarlarının Krımdan deportasiya edilməsinin 70-ci ildönümü dünyanın müxtəlif ölkələrində, o cümlədən qardaş Türkiyədə, Ukraynada və ABŞ-da da kədər və hüznlə qeyd edilib.

Dünya Krım tatarlarının taleyindən narahatdır

Krım tatarlarının doğma yurd-yuvalarından deportasiya edilməsinin 70-ci ilönümü ilə bağlı BMT bəyan edib ki, Krım Rusiya tərəfindən ilhaq edildikdən sonra tatarlara qarşı təqib və təhdidlər şiddətlənib və deportasiyadan sonra çətinliklə də olsa, öz tarixi yurd-yuvalarına qayıdan bu insanlara qarşı zülmlərə son qoyulmalıdır.

Krım tatarlarına qarşı ruslar tərəfindən həyata keçirilən zülm və təzyqilər BMT-nin insan haqları üzrə ali baş komissarlığını da ciddi şəkildə narahat etməkdədir. Bununla bağlı BMT-nin insan haqları üzrə ali baş komissarı Navi Pillay bəyan edib ki, tatarlar Krımda Rusiyanın işğalçı rejimi tərəfindən təhdidlərlə, dini zəmində təqiblərlə üzləşir, öz yurdlarından qaçmağa məcbur edilirlər. Məsələ ilə bağlı BMT İnsan Haqları Komissarlığı tərəfindən hazırlanan hesabatda deyilir ki, Krım tatarları separtçı qüvvələr tərəfindən təzyiqlərə, təhqirlərə və yeni qətliamlara məruz qalmaqda davam edirlər.

Hesabatda, həmçinin Krım tatarlarının qeyri-rəsmi lideri, Ukrayna millət vəkili və keçmiş sovet dissidenti Mustafa Cəmilovun məsələsinə də toxunulur. Onun Kiyevdə iclasda iştirak etdikdən sonra Krıma buraxılmaması hesabatda kəskin şəkildə pislənilib.

Krım tatarlarının yenidən zülm və təzyiqlərə məruz qalması ABŞ-ın da diqqət mərkəzindədir. Belə ki, Amerikanın dövlət katibi Con Kerri Krım tatarlarının deportasiyasının 70 illiyi ilə bağlı verdiyi bəyanatında Krım tatarlarının taleyindən narahatlığını bəyan edib. Bəyanatda deyilir: “Bu gün Krımda hüquqları sıxışdırılan insanların siyahısı böyükdür. Bu hal hər həftə artır. Krım tatarlarının oğurlanması, döyülməsi, öldürülməsi və başqa cinayətlər həyatın reallığına çevrilib. Yerli “hakimiyyət” bəyan edir ki, Krım tatarları evlərini tərk etməli və torpaqlarından imtina etməlidirlər. Krım tatarları öz doğma dillərində danışdıqlarına görə də sıxışdırılırlar, onların lideri Mustafa Cəmilə isə 5 il müddətində Vətənə qayıtmağı qadağan ediblər”.

ABŞ dövlət katibi həmçinin Rusiyanın Krımı işğal etməsindən sonra yeni işgəncə və zülmlərlə bağlı yüzlərlə Krım tatarının doğma yurd-yuvalarını tərk etməsindən narahat olduğunu da xüsusi vurğulayıb və bu insanlara qarşı təzyiqlərə son qoyulmasını tələb edib: “Minlərlə Krım tatarı öz təhlükəsizliklərini təmin etmək üçün artıq Krımı tərk edib. Qalanlarını isə gələcəkdə repressiya, diskriminasiya, senzura, dinc aksiyalarda iştirak etmək azadlığından məhrum olmaq və protest edəcəkləri halda kriminal sonluq gözləyir”.

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Viktoria Nuland isə Konqresdəki çıxışında ölkəsinin Krımda insan haqlarını tapdalanmasından, krım tatarlarına qarşı repressiyaların güclənməsindən ciddi narahatlıq keçirdiyini bəyan edib.

Təhdid və təzyiqlər davam edir

Rusiyanın Krımı işğal etməsinə etiraz edərək buna qarşı çıxan Krım tatarları qeyri-insani zülmlərə məruz qalmaqda davam edirlər. Belə ki, Krımın Rusiya qoşunları tərəfindən işğal edilməsinə etiraz edən tatar Reşat Ametov kamuflyaj geyinmiş maskalılar tərəfindən Simferopoldakı Lenin meydanından naməlum istiqamətə aparılıb. Sonradan onun üzərində işgəncə izləri olan cəsədi tapılıb.

Krım Tatar Milli Məclisinin üzvü Abduraman Egiz özlərini rusiyameylli özünümüdafiə dəstəsi adlandıranlar tərəfindən döyülüb.

Bununla bağlı Tatar icmasının nümayəndələri “The Guardian” qəzetinin müxbirinə verdikləri açıqlamalarda rusların yarımadanı işğal etməsindən sonra yeni zülmlərə məruz qaldıqlarını bildiriblər.

Digər Krım tatarı İsmayıl İsmayılov isə “The Guardian” qəzetinə müsahibəsində Rusiyanın yarımadanı işğal etməsindən sonra burada yaşayan tatarların oranı tərk etməyə məcbur olduqlarını söyləyib. Onun sözlərinə görə, doğma yurd-yuvalarını tərk etməyə məcbur olan 30 tatara Polşa hökuməti tərəfindən siyasi sığınacaq verilib.

Bəzi məlumatlara görə isə Krımın Rusiya tərəfindən işğalından sonra 5000 min nəfər Krım tatarı doğma yurd-yuvalarını tərk edərək digər ölkələrə köç etməyə məcbur olub. Onların günahı isə Krım tatarı olmalarıdır. Bir sözlə, Krım tatarlarına qarşı ruslar tərəfindən zülmlər davam etməkdədir…/ ƏZIZ MUSTAFA,