Krım NATO-nu Rusiya sərhədlərinə daha da yaxınlaşdırdı

0
474
Rusiyanın Krımı işğal etməsi və Ukraynanın şərqində separatçıları və terrorçuları dəstəkləyərək adıçəkilən ölkəni parçalamaq cəhdlərindən əl çəkmək istəməməsi, öz növbəsində, Qərbin Kiyevin simasında özünə etibarlı hərbi strateji müttəfiq əldə etməsinə yol açıb. Necə deyərlər, Kremlin işğalçılıq siyasəti NATO-nu Rusiyanın sərhədlərinə daha da yaxınlaşdırıb.
Rusiyanın Krımı işğal etməsi və Ukraynanın şərqindəki separatçı terrorçulara hərtərəfli hərbi və maliyyə yardımları göstərməsi istər Avropada, istərsə də MDB məkanındakı siyasi və hərbi vəziyyətin Moskvanın xeyrinə olmayan istiqamətdə inkişaf etməsinə yol  açmaqdadır. Belə ki, Rusiyanın Krımı işğal etməsi başda ABŞ olmaqla Qərb dövlətlərinin, o cümlədən NATO hərbi alyansının MDB məkanına münasibətdə yeritdikləri siyasətə yenidən baxmasına gətirib çıxarıb. Bu çərçivədə də  Qərb ölkələri hazırda Rusiya təhlükəsinə qarşı MDB məkanında Moldova- Gürcüstan, Ukrayna-Polşa və Pribaltika xətti üzrə Moskvadan müdafiə səddi yaratmaq niyyətində olduqlarını nümayiş etdirirlər. Təsadüfi deyil ki, son  aylarda Qərbin siyasi dairələrində Gürcüstan, Moldova və Ukraynanın Avropa Birliyinə, o cümlədən NATO-ya üzv olması imkanları barədə müzakirələr getməkdədir. İş orasındadır ki, Rusiyanın Krımı işğal etməsi yalnız Ukraynanın bir dövlət kimi müstəqilliyinin itirilməsinə deyil, həm də Qərb dövlətləri üçün yeni bir təhlükə əmələ gətirib. Belə bir vəziyyətdə Qərbin Rusiyadan gələn təhlükəyə qarşı yenidən NATO amilini önə çıxarması diqqəti cəlb etməkdədir. Hadisələrin gedişi göstərir ki, Qərb ölkələri və onların müttəfiqləri üçün Rusiyadan gələ biləcək təhlükənin qarşısını yalnız NATO ilə almaq mümkündür. Bu müstəvidə də NATO-nun Rusiya ilə həmsərhəd dövlətlərdə yenidən fəallaşması diqqəti cəlb etməkdədir. Söhbət, ilk növbədə, təcavüzə məruz qalan Ukraynaya Qərb ölkələrinin və NATO hərbi alyansının, belə demək mümkünsə, ən yüksək səviyyədə hərbi, hərbi-texniki yardım göstərməyə hazırlaşmasından gedir. NATO üzvü olan ölkələrin, o cümlədən Fransa və ABŞ hərbi gəmilərinin Qara dənizdə lövbər salması, Polşaya əlavə NATO qüvvələrinin yeridilməsi və bu müstəvidə Poşa ilə keçirilən birgə hərbi təlimlər, öz növbəsində Rusiyaya edilən ciddi xəbərdarlıqdır.

Rusiyaya qarşı güclü Ukrayna-Polşa ittifaqı

Rusiyanın Krımı işğal etməsi və Ukraynanın şərqində separatçıları və terrorçuları dəstəkləyərək adıçəkilən ölkəni parçalamaq cəhdlərindən əl çəkmək istəməməsi, öz növbəsində, Qərbin Kiyevin simasında özünə etibarlı hərbi strateji müttəfiq əldə etməsinə yol açıb. Necə deyərlər, Kremlin işğalçılıq siyasəti NATO-nu Rusiyanın sərhədlərinə daha da yaxınlaşdırıb. Bir sözlə, Rusiya Krımı işğal etməklə özünün müstəqil dövlət kimi varlığını şübhə altına alıb.  Hazırkı mərhələdə Ukrayna NATO-ya üzv olmadığı üçün Qərb ölkələri Rusiyanın ənənəvi düşməni olan Polşa kartını işə salıblar. Rusiyadan gələn yeni təhlükənin qarşısının yalnız  Polşa vasitəsi ilə almağın mümkün olacağını anlayan ABŞ və digər Qərb ölkələri, ilk növbədə, məhz adıçəkilən ölkəyə əlavə hərbi yardım göstərməyə başlayıblar.  Buna paralel olaraq, Qərb ölkələri Rusiyaya qarşı güclü Polşa-Ukrayna hərbi ittifaqı yaratmaq niyyətində olduqlarını  gizlətmirlər. Digər tərəfdən də, bölgədə baş verən son hadisələr Polşa və Ukrayna arasında sürətli yaxınlaşmaya yol açaraq onların ümumi düşmə-nə – Rusiyaya qarşı vahid cəbhədə birləşməsi üçün zəmin hazırlayıb. Təsadüfi deyil ki, Rusiyanın təcavüzünə qarşı Ukraynanı ən yüksək səviyyədə müdafiə edən məhz Polşadır. Bəzi hərbi ekspertlərin fikrincə, Rusiyanın təcavüzü davam edəcəyi təqdirdə, bu, Polşa-Ukrayna hərbi alyansının yaranmasına və tərəflər arasında qarşılıqlı hərbi yardım haqqında anlaşma imzalanmasına gətirib çıxaracaq.  Bu isə təcavüzün qarşısının alınması üçün Polşanın və onun simasında NATO güclərinin Ukraynanın yardımına gəlməsi demək ola bilər. Məsələ ilə bağlı ortada  Rusiya üçün xoşagəlməz hesab edilən daha bir fakt var. Bu da Krımın ilhaqından sonra Qərbin Polşaya hərbi yardımları artırması və onun qüdrətli dövlətə çevrilməsi üçün cəhdlərə baş vurması ilə bağlıdır. Buna paralel olaraq, gələcəkdə NATO-nun çətiri altında Polşa, Ukrayna, Latviya, Litva, Estoniyanın iştirakı ilə kiçik NATO-nun qurulması məsələsi də  müzakirələr obyektinə çevrilib. Bu ittifaqa həmçinin Rusiya təhlükəsi gözlənilən digər ölkələrin, o cümlədən Gürcüstan, Moldova, Finlandiya və digər ölkələrin də üzv qəbul edilə biləcəyi istisna edilmir. Bütün bunlar isə Polşanın Pribaltika və Ukraynada mövqelərinin güclənməsinə yol açaraq, onun postsovet məkanında lider dövlətə çevrilməsi demək olacaq. Nəhayət, buraya Rusiyanın imperiyanı bərpa siyasətini özləri üçün ciddi təhlükə hesab edən əksər MDB ölkələrinin də gələcəkdə Varşavanın ətrafında birləşə biləcəyini əlavə edəndə, bunun Moskvaya yaxşı heç nə vəd etmədiyi aydın görünür.

Krım slavyan düşmənçiliyini körüklədi

Ukrayna ətrafında baş verən son hadisələr bəzi siyasətçilər tərəfindən irəli sürülən güclü slavyan birliyi ideyalarını faktiki olaraq boşa çıxarıb. Belə ki, Krımın işğalı və Ukraynanın şərqində separatizmin körüklənməsi və bu çərçivədə baş verən toqquşmalar hər gün onlarla adamın həlak olmasına yol açıb. Bu baxımdan dünənə kimi Ukraynanı güclü slavyan birliyi arasında möhkəm körpüyə çevirməyə cəhd edənlərin bu gün qardaş qırğınlarını görükləməsini başa düşmək çətindir. Bütün hallarda son hadisələr Ukrayna-Rusiya düşmənçiliyinin körüklənməsinə yol açaraq,  qardaş qırğınına yol açıb. Necə deyərlər, Moskvanın əsassız ərazi iddiaları Polşadan sonra Ukraynanı da Rusiyanın düşməninə çevirib. Kreml tərəfindən düşünülmüş və ya düşünülməmiş şəkildə slavyan düşmənçiliyinin körüklənməsi isə Rusiyanın slavyan dünyasından təcridini daha da sürətləndirərək,  Moskva üçün   xoşagəlməz hadisələrə yol aça bilər

Moldova və Gürcüstan

NATO-nun Rusiyanın imperiyanı bərpa və hərbi təcavüz siyasətinə qarşı daha bir cəbhəni Gürcüstan və Moldovada açacağı ehtimal edilir. Belə ki, son vaxtlar Gürcüstan və Moldovanın  NATO-ya daha sıx inteqrasiya edilməsi barədə edilən çağırışları təsadüf hesab etmək olmaz. Rusiya işğalçılıq siyasətini davam etdirəcəyi təqdirdə, Qərb Gürcüstan və Moldovada möhkəmlənmək üçün əlavə hərbi imkanlar əldə edəcək. Belə ehtimal edilir ki, Qərb ölkələri Rusiyadan gələn təhlükəyə qarşı Moldova və Gürcüstana göstərdikləri hərbi, hərbi-texniki yardımları artıraraq, adıçəkilən ölkələrdə daha da möhkəmlənəcəklər.

Pribaltika səddi

Rusiyadan gələn təhlükəyə qarşı NATO-nun hərbi, hərbi-texniki gücünü daha da artıracağı daha bir hərbi strateji meydan isə Pribaltika ölkələridir.  Rusiyanın Krımın ardınca Pribaltikaya qarşı da hərbi təcavüzə əl atacağından ehtiyat edən NATO təcili şəkildə Latviya, Litva və Estoniyaya əlavə hərbi, hərbi-texniki yardımlar göstərir. İyunun 9-da başlayan və 11 gün davam edəcək “Saber Strike-2014” hərbi təlimləri isə, öz növbəsində, “soyuq müharibə” başa çatandan sonra NATO-nun keçirdiyi və xüsusi hərbi-strateji önəm daşıyan ən böyük hərbi təlimlərdən biri hesab edilir. Hərbi təlimlərdə NATO-ya üzv olan 10 ölkənin hərbçiləri iştirak edirlər. Bəzi məlumatlara görə, ABŞ bölgə ölkələrinə Rusiyadan  gələn təhlükənin qarşısını almaq üçün Litvada hərbi baza yerləşdirmək niyyətindədir. Məsələ ilə bağlı bir faktı da xatırlatmaq yerinə düşər. Belə ki, Ukrayna, Moldova və Gürcüstanla müqayisədə Latviya, Litva və Estoniya NATO-nun üzvüdürlər və bu da onlara Rusiya təhlükəsindən NATO çətiri altında sığortalanmağa imkan verib. Nəhayət Ukrayna, Gürcüstan və Moldova ilə müqayisədə NATO lazım gələcəyi təqdirdə, Pribaltika ölkələrinə birbaşa hərbi yardım göstərmək hüququna malikdir.

Bir sözlə, başda ABŞ olmaqla Qərb ölkələri Rusiyadan gələn təhlükəyə qarşı Ukrayna, Gürcüstan, Moldova və Pribaltika ölkələrində  möhkəmləndirilmiş yeni müdafiə sistemləri yaratmaq niyyətindədirlər. Bu isə o deməkdir ki, Krımı işğal etməklə Rusiya NATO-ya öz sərhədlərinə daha da yaxınlaşma imkanları verib.  Bu isə Rusiyaya yaxşı heç nə vəd etmir. ƏZIZ MUSTAFA

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here