Kreditlərin manatla verilməsi həm əhali, həm də banklar üçün cəlbedici olacaq

522

Aprelin 4-də keçirilən Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının iclasında Azərbaycanda xarici valyuta ilə kreditlərin verilməsinin bir ay müddətinə dayandırılması barədə qərar qəbul edilib. Qərarda bildirilir ki, xarici valyutada verilən istehlak kreditlərinin verilməsi sahəsində dərin və hərtərəfli təhlillərin aparılması, istehlakçıların hüquqlarının müdafiəsinin və maliyyə sabitliyinin təmin olunması üçün 1 ay ərzində tənzimləyici çərçivələr müəyyən edilməlidir.

MBNP-nin qəbul etdiyi bu qərar bütün banklara və bank olmayan kredit təşkilatlarına aiddir. Bu qərarın verilməsi, heç şübhəsiz ki, kommersiya banklarının ötən günə qədər əhaliyə yalnız dollarla kredit təklif etməsinin qarşısını almaq məqsədi daşıyır.

Bankların əhaliyə yalnız dollarla kredit təklif etməsinə bir neçə gün əvvəl Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri Ramiz Rzayev də münasibət bildirmişdi. Sədr deyib ki, bankların əhaliyə yalnız dollarla kredit təklif etməsi insan hüquqlarına ziddir:

“Manat və dollar kreditləri məsələsini banklar özləri həll edir. Fikrimcə, vətəndaş krediti dollarda götürübsə, dollarla, manatla götürübsə, manatla qaytarmalıdır. Banklar tərəfindən müştəriyə yalnız dollarla kreditin təklif edilməsi vətəndaşın hüququnun pozulmasıdır. Lakin məhkəmə bankların daxili işinə müdaxilə edə bilmir”.

Ümumiyyətlə, bankların əhaliyə yalnız xarici valyuta ilə kredit təklif etməsinin qanuni olub-olmadığı əsas müzakirə mövzusu olan məsələlərdən biridir.

Hüquqşünas Əkrəm Həsənov deyir ki, əvvəllər banklar əhaliyə kreditləri yalnız 10% valyuta fərqi ilə təklif edə bilərdi: “Banklar haqqında qanun”da “açıq valyuta mövqeyi” adlı müddəa vardı. Lakin təəssüflər olsun ki, bu qanun Mərkəzi Bank tərəfindən 2015-ci ilin birinci rübündə ləğv edildi. Ötən günə qədər banklar istədiyi valyuta ilə 100%-ə qədər kredit verə bilirdi. Qanunun ləğv edilməsi ölkənin əsas bankının kommersiya bankları üzərindəki nəzarətini itirməsinə gətirib çıxarıb”.

Əkrəm Həsənov deyir ki, bu qanun boşluğundan istifadə edən kommersiya bankları Mərkəzi Bankdan manatla kredit götürərək dərhal ABŞ valyutasına çevirirdilər və əhaliyə də elə həmin valyuta ilə kredit təklif edirdilər. Həm də qanunvericiliyə əsasən, mərkəzi bank, kommersiya təşkilatlarına krediti yalnız milli valyuta ilə verə bilər. Bunu görən banklar da Mərkəzi Bankdan manatla krediti alırdı. Daha sonra hərraclarda həmin manatlarla yenidən dollar alır və onu əhaliyə baha təklif edirdi”.

Ölkədə bankların əhaliyə xarici valyuta ilə kredit verilməsini dayandırmasının əsas səbəbləri ehtimal ki, kommersiya banklarının özbaşınalığının qarşısını almaq və iqtisadiyyatın inkişafına dəstək göstərmək mahiyyəti daşıyır. Çünki iqtisadiyyatın əsas qanunlarından biri də odur ki, milli valyuta ilə kreditləşmə həyata keçirilmədiyi halda ölkənin iqtisadiyyatında geriləmənin müşahidə edilməsi labüd olur. MBNP-nin bazarda maliyyə balansını yenidən tənzimləmək üçün belə bir addım atması labüd idi. Eyni zamanda Mərkəzi Bank kommersiya banklarına dollar kreditlərindən daha çox manatla verməlidir. Belə olan halda manat qıtlığı ortadan qalxar, iqtisadiyyat inkişaf etmiş olar.

İqtisadçı Oqtay Haqverdiyev deyir ki, hazırda bankların manat ehtiyatı çox azdır. Ölkənin milli valyuta ehtiyatı 11 milyarddan 5 milyard manata düşüb. Bu son proseslər də məhz buna görə baş verir. Mərkəzi Bankın əsas funksiyası inflyasiyanın qarşısını almaq və manatı sabit saxlamaqdan ibarətdir. Mərkəzi Bank bu siyasəti həyata keçirdiyi üçün ölkədə baş verən digər prosesləri nəzərə almır. Belə olan halda da sadalanan problemlər ortaya çıxır. Manat az, ancaq ona tələbat çox olduğu üçün dəyər qazanır”.

Oqtay Haqverdiyev bildirir ki, ölkədə yaşanan milli valyuta qıtlığı iqtisadiyyatı zəiflədir: “Manatla kredit verilmirsə, iqtisadiyyat necə inkişaf edə bilər? Burada maraqlı məqam ondan ibarətdir ki, manat sərbəst buraxıldığı üçün hazırda milli valyuta kifayət qədər çox olmalı idi. Ancaq təəssüflər olsun ki, manat yoxa çıxıb”.

Manatla kreditə keçid

milli valyutaya olan

inamı artıracaq

Ötən ilin fevral və dekabr aylarında baş verən manatın devalvasiyasından sonra xarici valyutaya olan tələbatın artması və buna paralel olaraq əhali arasında manata olan etimadın azalması bir çox problemlərin ortaya çıxmasına səbəb oldu. Bu müstəvidə də dollarla verilən kreditlərin ödənilməsi ilə bağlı problemlərin yaranması və əhalinin böyük qisminin banklara olan borclarını ödəyə bilməməsi dövlət səviyyəsində müvafiq addımların artmasını qaçılmaz zərurətə çevirdi. Bütün hallarda son dövrlərdə dollar ətrafında əmələ gələn ajiotajın tədircən yavaşıması və milli valyutamızın möhkəmlənməyə başlaması diqqəti ən çox cəlb edən hadisələrdən biridir. Bununla belə, dollarla verilən kreditlərlə bağlı problemlərin hələ də davam etməsi, bankların bununla bağlı öz müştərilərinə hər hansı güzəştə getmək istəməməsi vaxtı ötmüş kreditlərlə bağlı problemlərin aradan qaldırılması yönündə ciddi əngələ çevrilib. Üstəlik kommersiya bankları müştərilərinə manatla kredit vermək istəmir və ya yenə də kreditlə dollar təklif edirdilər. Son bir ildə manatın iki dəfə devalvasiyasının şahidi olan müştərilər isə dollarla kredit götürmək istəmirdilər. Bu isə ölkə daxilində iqtisadiyyatın inkişafına öz mənfi təsirini göstərməkdədir. Belə ki, milli valyuta ilə götürülən kredit ölkə daxilində kiçik sahibkarlığın inkişafında müəyyən rol oynayaraq xırda sexlərin fəaliyyət göstərməsinə və sonrakı mərhələdə onların tədircən orta və iri müsəsisələrə çevrilməsinə müəyyən töhfəsini verir. Dollarla kredit götürülməsi manatın devalvasiya təhlükəsinin qaldığı bir şəraitdə onun qaytarılması yolunda ciddi əngələ çevrilərək ölkədə iqtsadiyyatın inkişaf etdirilməsinə mənfi təsir göstərməkdə, iqtisadi inkişaf tempinin yavaşıması ilə müşahidə olunmaqda idi.

İqtisadçı ekspert Vüqar Bayramov xarici valyuta ilə istehlak kreditlərinin verilməsinin dayandırılması barədəki qərarı müsbət qiymətləndirir. Ekspert hesab edir ki, dollarla kreditlərin verilməsinin bir ay müddətinə dondurulması əhalinin milli valyutaya olan inamının qaytarılması yönündə atılan uğurlu addımlardan biridir: “Kreditlərin manatla verilməsi şübhəsiz ki, daxili bazarın daha da canlandırılmasına, sahibkarlığın inkişafına müəyyən qədər öz töhfəsini verəcək. Çünki banklar tərəfindən dollarla kredit götürməyə məcbur edilən müştərilər, o cümlədən kiçik istehsal sahələri yaratmaq istəyən iş adamları manatın devalvasiyası ilə bağlı dollarla götürdükləri kreditləri qaytarmaqda çətinlik çəkirdilər. Bu da öz növbəsində kiçik sahibkarlığın inkişafı yolunda maneyə çevrilmişdi. Belə hesab edirəm ki, dollarla kredit verilməsinin dayandırılması milli valyuta ilə kreidt götürənlərəin əl-qolunun açılmasına imkan verəcək. Bundan isə həm istehlak, həm də istehsal məqsədləri ilə kredit götürənlər qazanmış olacaqlar. Bu həm də əhalinin müxtəlif təbəqələri tərəfindən özlərinin daxili ehtiyaclarını, o cümlədən sosial problemlərini həll etməyə imkan verəcək”.

Bəs bu qərar bankların fəaliyyətində hər hansı mənfi hallara gətirib çıxara bilərmi?

Bununla bağlı sualımıza cavabında Vüqar Bayramov dollarla verilən kreditlərin qaytarılmaması səbəbindən problemli kreditlərin həcminin artmasından bankların da böyük həcmdə ziyan gördüyünü xatırlatdı. Ekspert hesab edir ki, kreditlərin dollarla verilməsinin bir ay müddətinə dayandırılması kommersiya banklarının da maraqlarına uyğundur: “Manatla kredit verilməsi banklara dollarla kredit verilməsi zamanı itirdikləri müştərilərini yenidən qaytarmağa imkan verəcək. Hər halda manatın devalvasiyası bankların öz müştərilərini itirməsinə yol açmışdı. İndi isə yenidən kreditlərin dollarla deyil, manatla verilməsi banklara da sərf edəcək. Çünki istənilən halda hər hansı bir neqativ iqtisadi amil səbəbindən kommersiya banklarının öz müştərilərini itirməsi, onların gəlirlərinin azalması deməkdir. Bu isə arzu edilən deyil”.

Bununla belə, bəzi ekspertlər belə hesab edir ki, dollarla kredit verilməsinin dayandırılması kommersiya banklarının dollar alış-satışı sahəsində əldə etdiyi gəlirlərin azalmasına da yol açacaq. Belə bir fikir vurğulanır ki, kommersiya banklarının bir çoxu Mərkəzi Bankdan dolları aldığı qiymətdən daha yuxarı sataraq bundan müəyyən miqdarda gəlir əldə edirdi. Lakin hazırda obyektiv və subyektiv səbəblər üzündən əhalinin dollarla kredit götürməyə risk etməməsi məhz manatla kredit verilməsini onlar üçün də cəlbedici edib.

Səlcuq Oğuz