Kreditlə mənzil satışı şərtləri vətəndaşların gəlirləri ilə niyə üst-üstə düşmür?

0
565

Rasim Məmmədli
Ev sahibi olmaq bugünkü gəncliyin ən böyük və birinci arzularından biridir. Ev almaq o qədər çətindir ki, xəyalını belə qurmağın yersiz olduğunu düşünən çox gənc ailələr var. Ölkəmizdə gənclərin maaşının ən yaxşı halda 600-700 manat olduğunu fərz eləyəndə, yenə də ən kiçik ölçülü evi belə almaq mümkünsüz görünür. Məsələn, Bakıda sahəsi 42 kv.metr olan mənzili kreditlə almaq üçün azı 5000 manat ilkin ödəniş etməlisən. Kv. metri ən ucuz qiymətdən – 650 manatdan hesablasaq, (42×650) 27 min 300 manat edir. Əgər bu evi faizsiz kreditlə alsan, ilkin ödənişi çıxandan sonra yerdə qalan 22 min 300 manatı 36 aya böldükdə hər aya 619 manat ödəniş düşür. Ən yaxşı halda aylıq 600 manat gəliri olan gənc ailə bu evi necə alsın? Faizlə, uzun müddətli aldıqda isə yenə də faizə görə aylıq ödəniş 300-500 manat arasında dəyişir, özü də bunu hər ay olmaqla 6-7 il ödəməlisən. Bəs bu illər ərzində ailə necə dolansın? İl keçdikcə xərclər artır, hələ mənzilin təmiri də var. Əgər kirayədə yaşaya-yaşaya bu mənzili almısınızsa, onda vəziyyət daha acınacaqlıdır. Yəni uzun sözün qısası, Azərbaycanda kreditlə mənzil satışı insanların real dolanışıq səviyyəsi, gəliri, maaşı ilə uyğun gəlmir. İnsanların aylıq gəlirləri krediti ödəməyə bəs etmir. Qəribədir ki, böhran səbəbindən mənzil sata bilmədikləri üçün vəziyyətləri ağırlaşan tikinti şirkətləri yenə də qiymətləri ucuzlaşdırmaq istəmirlər. Alıcıları yoxdur, bəlkə, ayda heç bir mənzil də sata bilmirlər, amma qiymətləri endirmirlər. Bəs bunun səbəbi nədir? Niyə mənzillərin satış qiyməti Azərbaycan vətəndaşının cibinə, dolanışıq səviyyəsinə uyğun deyil? Bu suallara cavab tapmaq üçün iqtisadçı ekspert Vüqar Bayramova müraciət etdik. Ekspert “Zaman-Azərbaycan”a müsahibəsində bildirdi ki, bunun 3 səbəbi var: “Birincisi, xərc proqnozlaşdırılandan baha başa gəlir. Tikinti şirkətlərinin xərcinin çox olmasının səbəblərindən biri də qeyri-rəsmi ödənişlərdir; müxtəlif dövlət qurumlarının inşaat şirkətlərinin fəaliyyətinə müdaxiləsidir. Bu məsələ daimi olaraq müzakirə olunur, bununla bağlı ən yüksək səviyyədə tapşırıqlar verilir. Son aylar inşaat sektoruna müdaxilə səviyyəsinin azalması müşahidə edilir. Amma nəzərə almalıyıq ki, son aylar inşaatın həcmində də azalmalar var. Amma inşaatın daha çox olduğu dövrlərdə müdaxilələr çox idi. Buna görə də hər kv.metrə görə mənzil baha başa gəlirdi. Ona görə də mənzil kredit formasında satılanda, təbii ki, daha yüksək aylıq ödənişlə satılır. Bu da vətəndaşların ödəmə qabiliyyətinə uyğun gəlmir”.
“Bank xidmətləri mənzil kreditinin daha da şişməsinə gətirib çıxarır”
Vüqar Bayramov ikinci səbəb kimi isə bankların faizlərinin çox olmasını göstərdi. Onun sözlərinə görə, ev kreditlə verilirsə, bu, təbii ki, bank vasitəsi ilə reallaşır: “Əlavə olaraq bank faizi də kreditin üstünə gəlir. Nəticədə bankların xərci yüksək olan xidmətləri həmin mənzilin kreditinin daha da şişməsinə gətirib çıxarır. Bu baxımdan aylıq ödənişlər insanların ödəyə biləcəyi məbləğdən artıq olur. Üçüncü səbəb isə, şirkətlərin daha çox gəlir əldə etmək istəməsidir. Çox təəssüf ki, inşaat şirkətləri çalışırlar ki, daha çox gəlir əldə etsinlər. Əksər hallarda bu şirkətlərin gəlirləri, praktiki olaraq əldə etmək istədikləri gəlirlər vətəndaşların ödəyə bilmə qabiliyyətinə uyğun gəlmir. Hətta bəzi hallarda mənzilin hər kv. metri 700 manata başa gəlirsə, əvvəllər 1200-1300, bəzən 1500 manata təklif olunurdu. Bu da qısa zamanda daha çox gəlir əldə etmə istəyi ilə bağlıdır. Şirkətlərin daha çox gəlir əldə etmə istəyi də birmənalı şəkildə həmin kreditlərin məbləğinin şişirdilməsinə, aylıq məbləğin artmasına gətirib çıxarır”.
“İnşaat şirkətlərinin rəhbərləri də yüksək şəxsi gəlirlərdən qaçmalıdırlar”
Vəziyyətdən çıxış yolu kimi öz təkliflərini dilə gətirən ekspertin sözlərinə görə, kredit məbləğlərinin azalmasına ehtiyac var: “Qeyri-rəsmi müdaxilələr birmənalı şəkildə tamamilə aradan qalxmalıdır. Sektorun idarə edilməsi və bu sistem tamamilə elektronlaşdırılmalıdır. Bu istiqamətdə artıq addımlar atılıb. Nəzərə alsaq ki, lisenziyaların elektronlaşması ilə bağlı, elektron lisenziya portalının yaradılması ilə bağlı artıq ölkə Prezidenti müvafiq sənədlər imzalayıb. Bu baxımdan qeyri-rəsmi ödənişlərin məbləğini kəskin şəkildə islahatların davam etdirilməsi nəticəsində azaltmaq mümkündür. Banklarda xüsusi xidmətlərin müəyyənləşdirilməsinə ehtiyac var. Daha məqbuldur ki, mənzil birbaşa inşaat şirkəti tərəfindən banklar vasitəsilə kreditə verilirsə, daha yüngül şərtlərlə təklif olunsun ki, sonra kreditin məbləği kəskin şişməsin. Təbii ki, şirkətlərin sosial kooperativ məsuliyyətinin formalaşmasına, çox gəlir deyil, daha çox müştəri qazanmaq, daha çox vətəndaşın mənzillə təmin olunmasına çalışması da vacibdir. Sözsüz, bu istiqamətdə, bunun əhəmiyyətini anladan kampaniyanın həyata keçirilməsinə ehtiyac var. İnşaat şirkətlərinin rəhbərləri yüksək şəxsi gəlirlərdən qaçaraq, rentabelliliyi qorumaq şərti ilə vətəndaşları mənzillə təmin etməyə çalışmalıdırlar”.