Kredit faizləri azalıb…

Azərbaycanda kreditlər üzrə orta illik faiz dərəcəsi azalıb.
 Cari ilin mart ayında fevrala nisbətən faizlər manatla kreditlər üzrə 0,13 faiz bəndi azalaraq illik 14,02%, xarici valyuta ilə verilmiş kreditlər üzrə 0,18 faiz bəndi azalaraq 12,90% təşkil edib. Mərkəzi Bankın hesabatına görə, orta faiz dərəcəsi fiziki şəxslər üzrə manatla 18,65%-dən 18,34%-ə, xarici valyuta ilə isə 21,75%-dən 21,42%-ə düşüb. Hüquqi şəxslər üzrə isə bu göstəricilər müvafiq olaraq 0,03 faiz bəndi azalaraq 9,75% və 0,05 faiz bəndi azalaraq 8,84% təşkil edib.

Qeyd edək ki, cari il yanvarın 1-nə manatla verilmiş kreditlər üzrə orta faiz dərəcəsi 13,81%, xarici valyuta ilə verilən kreditlər üzrə 14,07% olub. Beləliklə, martda ilin əvvəli ilə müqayisədə manatla verilən kreditlər üzrə orta faiz dərəcəsində artım, xarici valyutada verilən kreditlərdə isə əksinə, azalma müşahidə olunub. Fiziki şəxslərə kredit verilişinə gəldikdə isə hər iki halda azalma qeydə alınıb. Belə ki, cari il yanvarın 1-nə bu göstəricilər müvafiq olaraq 18,53% və 21,52% təşkil edib.

Cari ilin mart ayında Azərbaycanda depozit və əmanətlər üzrə orta faiz dərəcəsi fevrala nisbətən artaraq manatla illik 8,99%, xarici valyutada 8,75% təşkil edib. Məlumata əsasən, fevralda bu göstəricilər müvafiq olaraq 8,95% və 8,73% olub. Mərkəzi Bankın hesabatına görə, martda fiziki şəxslər üzrə manatla əmanətlər üzrə orta faiz dərəcəsi 9,71%, xarici valtyuta ilə isə 9,62%, hüquqi şəxslər üzrə isə bu göstəricilər müvafiq olaraq 5,85% və 4,31% səviyyəsində qeydə alınıb. Fiziki şəxslərin əmanətləri üzrə orta faiz dərəcində əvvəlki ayla müqayisədə manatla əmanətlərdə 0,07 faiz bəndi, xarici valyuta ilə əmanətlərdə isə 0,05 faiz bəndi artım müşahidə edilib.

Orta faiz dərəcəsi üzrə ən yüksək göstərici manatla 5 ildən artıq depozitlər üzrə illik 12,31%, ən aşağı isə xarici valyuta ilə 1-3 aylıq yerləşdirilən depozitlər üzrə 4,53% təşkil edib.

Qeyd edək ki, cari il yanvarın 1-nə manatla depozit və əmanətlər üzrə orta faiz dərəcəsi illik 8,86%, xarici valytuatada isə 9,24% təşkil edib.