“Kredit borclarının silinməsi reallığa uyğun deyil”

692

Azərbaycan Mərkəzi Bankının “üzən məzənnə” rejiminə keçməsi və manatın devalvasiyası bank olmayan kredit təşkilatları (BOKT) üçün ciddi problemlər yaradıb.

Bunu fins.az-a açıqlamasında Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) İdarə Heyətinin sədri Süleyman Kələşov deyib. S.Kələşovun sözlərinə görə, bu dəfəki devalvasiyanın təsirini xüsusilə xaricdən vəsait cəlb edən BOKT-lar hiss edir: “Məsələn, “FINCA-Azerbaijan”, “KredAqro”, “Vijn Fond Azərkredit”, “İnkişaf üçün maliyyə” kimi kredit təşkilatları əsasən xarici mənbələrlə işləyir. Ölkə daxilində vəsait cəlb etmək baha başa gəldiyi üçün bunlar xaricdən 6-8%-lə borc alıblar. İndi isə dollar təxminən 50% bahalaşdığı üçün onların xarici öhdəlikləri də 50% artıb”. Məsələni çətinləşdirən digər cəhət odur ki, adı çəuilən təşkilatlar krediti əsasən aqrar sektora veriblər. İndi isə fermerlərin maddi vəziyyəti devalvasiyaya uyğun ödəniş etməyə imkan vermir.

Süleyman Kələşov deyir ki, 1-ci devalvasiyadan sonra da BOKT-lara ödənişlə bağlı problem yaranıb. Buna görə də, kredit təşkilatları əməkdaşlıq etdikləri xarici investorlara müraciət edərək onlardan möhlət alıblar: “O vaxt xarici investorlar Azərbaycandakı iqtisadi vəziyyəti nəzərə alaraq BOKT-lara 1-2 il vaxt vermişdi. İndi yenidən belə bir vəziyyət yarandı. Yəgin ki, gələn həftə AMFA-da bu məsələ ilə bağlı görüş olacaq və xarici investorlara yenidən müraciət ediləcək. Yəni, onların bura qoyduğu pullar istənilən halda batmayacaq. Sadəcə bir qədər gecə ödəniləcək”.

AMFA rəhbəri hesab edir ki, “üzən məzənnə” BOKT-larda vaxtı keçmiş kreditlərin payını azı 2 dəfə artıracaq: “1-ci devalvasiyadan sonra problemli mikrokreditlərin ümumi kredit portfelinə nisbəti 3%-dən 10%-ə qalxmışdı. İndi də yəgin ki, azı 20% olacaq”.

Süleyman Kələşov həmçinin deyib ki, Azərbaycan əhalisinin kredit borclarının silinməsi məsələsi reallığa uyğun deyil. Onun sözlərinə görə, son günlər mətbuatda 10 min dollara qədər borcların silinməsi və yaxud köhnə məzənnə ilə ödənilməsi barədə fikirlər səslənir, amma borc məsələsi bu formada öz həllini tapa bilməz.

”İstər bank olsun, istər bank olmayan kredit təşkilatı olsun, kimlərəsə kredit veriblərsə, bunu öz kapitallarından da çox, cəlb etdiyi vəsaitlərlə ediblər. Yəni, kredit təşkilatları da kiməsə borcludur, öhdəlikləri var. Borcun silinməsi o halda mümkündür ki, həmin pullar dövlətin hesabına ödənilsin. Dövlətin də indi maliyyə vəziyyəti ona imkan vermir. Bəlkə də vəziyyət yaxşı olsaydı bu barədə fikirləşmək olardı. Necə ki, ABŞ-da iqtisadi böhran zamanı dövlət bəzi banklarda olan ipoteka borclarını bağladı. Səhv etmirəmsə, Amerika banklarına 400 milyard dollara qədər kompensasiya ödənilmişdi ki, vətəndaşların borcları silinsin” – deyə Sülayman Kələşov qeyd edib