“Kredit almaq hər kəsin hüququdur”

Son zamanlar insanların ən çox qarşılaşdıqları problemlərdən biri də rayon qeydiyyatı olan insanlara Bakıda kreditlə əşya verilməməsidir. Kredit üçün müraciət etdikdə isə cavab çox vaxt eyni olur. Ya Bakı şəhərində qeydiyyatda olmalısan, ya da Bakı qeydiyyatı olan zamin tapmalısan. Bəzi müəyyən yerlər də var ki, orada qeydiyyatda olanlara, ümumiyyətlə, kreditlə əşya verilmir. Səbəbini soruşduqda isə açıqlamırlar. Bəs, görəsən, qanunda belə bir maddə varmı ki, rayon qeydiyyatında, Bakı şəhərinin bəzi ərazilərində qeydiyyatda olan şəxslər Bakı şəhərindən kredit götürə bilməzlər? Mövzu ilə əlaqədar Bakı şəhərində fəaliyyət göstərən bir neçə elektron məişət əşyaları satılan mağazalara müraciət etdik. Aldığımız cavablar isə belə oldu:

“Soliton” mağazalar şəbəkəsi: “Mağazamızda yalnız Bakı şəhərində qeydiyyatda olan şəxslərə kreditlə hər hansı bir əşya verilir. Rayon qeydiyyatında olan şəxslər kreditlə əşya almaq istədikdə isə Bakı şəhəri qeydiyyatında olan bir şəxsi zamin olaraq göstərməlidirlər”.

“İnteqral plus”: “Bizim mağazada kredit əsasən bank kartları ilə verilir. Məsələn, “Albalı”, “Bolkart” və s. Əgər kartsız almaq istəyirsinizsə, bu zaman iş yerindən alınan arayışla istənilən cihazı kreditlə ala bilərsiniz. Rayon qeydiyyatında olan, ümumiyyətlə, istənilən yerdə qeydiyyatda olan şəxs əgər iki il iş təcrübəsi varsa, iş yerindən arayış təqdim etməklə kreditlə istədiyi cihazı əldə edə bilər”.

“İrşad telekom”: “İstənilən bank kartı ilə kreditlə əşya almaq olar. Bakı şəhərində qeydiyyatda olan şəxslər tək şəxsiyyət vəsiqəsi, şəxsi telefon nömrəsi, ev və ya iş yeri nömrəsi təqdim etməklə kreditlə hər hansı bir əşyanı ala bilərlər. Rayon qeydiyyatında olan şəxslər isə Bakı şəhərində evi, rəsmi işi varsa, kreditlə hər hansı bir cihazı və ya əşyanı əldə edə bilərlər. Ancaq gərək mütləq rəsmi iş yeri olsun. Hazırda kampaniya olduğu üçün faizsiz kreditlə istənilən əşyanı almaq mümkündür”.

“Baku elektronics”: “Mağazamızda kreditlə hər hansı bir əşyanı almaq istəyən şəxsin yaşayış yeri Bakı şəhəri olmalıdır. Rayon qeydiyyatı olsa belə, faktiki yaşayış yeri Bakı şəhəri olan şəxslərə kredit verilir. Əgər rayon qeydiyyatıdırsa, Bakı şəhərində yaşayırsa, ya iş yerindən arayış təqdim etməli, ya da Bakı şəhərində yaşayan, qeydiyyatda olan iki qohum nömrəsi təqdim etməlidir. Rayon qeydiyyatında olan şəxslər şirkətimizin rayon filiallarından istədikləri əşyaları kreditlə ala bilərlər. Bakıda rayon qeydiyyatlı şəxslərə kreditin çox vaxt verilməməsi səbəbinə gəldikdə isə, deyə bilərik ki, bura özəl şirkətdir. Bizdə qaydalar təcrübələrə əsaslanır. İllər ərzində müşahidə etmişik ki, Bakı şəhərində yaşayış yeri olmayan şəxlər aylıq ödənişi gecikdirirlər. Onları tapmaq çətin olur. Bu cür hallar da problemlərin yaranmasına səbəb olur”.

“Kontakt”: “Bakı şəhərində qeydiyyatı olan şəxslərə tək şəxsiyyət vəsiqəsi ilə kreditlə əşya verilir. Əgər hər hansı bir cihazı almaq istəyən şəxs rayonda qeydiyyatdadırsa, o zaman rəsmi iş yerinin telefon nömrəsini təqdim etməlidir ki, biz onlarla əlaqə saxlaya bilək. Rayon qeydiyyatında olan şəxsin öz maşını varsa, dövlət işində işləyirsə, yaxud dövlət universitetlərindən birində tələbədirsə, bu zaman onlara kredit verilir. Bundan əlavə, iki nəfər Bakı şəhərində qeydiyyatda olan şəxslərin zamin durması və ev nömrəsi təqdim etməsi lazım gəlir. Rayondan gəlib, Bakıda işləyən şəxs iş yeri və qaldığı ünvanın nömrəsini təqdim etməklə kredit ala bilər. Rayon qeydiyyatında olan şəxslərə kreditin belə şərtlərlə verilməsinə gəlikdə isə, sual yaranır: birdən aylıq ödəməni etmədi, bəs biz onu haradan tapaq? Bu cür problemlərin qarşısını almaq məqsədi ilə müəyyən qaydalar əsasında kredit verilir. Bu, bizim mağazalarımızda belədir. Bizdə qayda-qanun bu cürədir”.

Qeyd edək ki, Bakının müxtəlif əraziləri var ki, orada yaşayanlara da kredit verilmir. Belə yerlərdən biri də Bakının Nərimanov rayonu, “Montin” qəsəbəsindəki “Daş karxana”sı adlanan yerdir. Belə ki, burada qeydiyyatda olanlar çox vaxt kredit ala bilmirlər. “Daş karxanası” adlanan yerdə qeydiyyatda olan şəxslərə kredit verilirmi?” sualımıza “Kontakt” mağazasının əməkdaşı belə cavab verdi: “Ərazi baxımından “Daş karxanası”na kredit verilmir. Bir də Yasamal rayonunda həyət evlərində yaşayan sakinlərə kredit verilmir. Ancaq bina evlərinə verilir. Çünki həmin ərazilər plana düşüb və söküləcək. Buna görə də həmin ərazilər üçün kredit ayrılmayıb. Bu bizdə belədir”.

Mövzu ilə əlaqədar “Zaman-Azərbaycan”a müsahibə verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “istehlakçıların hamısı üçün ədalətli şərait yaradılmalıdır” dedi: “Gərək istehlakçıların hamısı üçün ədalətli, hər kəs üçün eyni şərait yaradılsın. Ancaq təəssüflər olsun ki, bizdə bu sahədə problemlər var. Bizə bu barədə şikayətlər gəlir ki, qeydiyyatına görə yaşı kredit ala biləcək yaşa çatmış, kifayət qədər qazancı olan şəxsə kredit vermirlər. Bundan başqa, yaşlı şəxslərə də bəzi yerlərdə kredit vermirlər. Ancaq heç diqqət etmirlər ki, onun bank tarixçəsi təmizdir, yaxud kreditlərini vaxtlı-vaxtında ödəyib. Mənim fikrimcə, bu ədalətsizlik və qanunların pozulmasıdır”.

 

“Vətəndaşların hüquqları məhdudlaşdırılmamalıdır”

“Vətəndaşlar arasında ayrıseçkilik salmaq ədalətsizlikdir”,-deyən ekspert əlavə etdi ki, yaşına görə, yaşayış yerinə görə, puluna görə vətəndaşlar arasında ayrı-seçkilik salmaq ədalətsizlikdir, istehlakçı hüquqlarının pozulmasıdır. Əgər belə vətəndaşlar dövlət orqanlarına, məhkəməyə müraciət edərlərsə, mütləq onlar öz istəklərinə nail olarlar. Heç bir qanun vətəndaşların hüquqlarını məhdudlaşdırmır”.

 

“Bu, haqsızlıqdır”

“Hazırda Bakı şəhərində sökülməsi planlaşdırılan, necə deyərlər, plana düşən bir çox ərazilər var ki, orada yaşayan sakinlərə kredit verilmir. Bu zaman istehlakçı hüquqları pozulurmu?” sualına cavab verən E. Hüseynov bunun qanunla doğru olmadığını bildirdi: “Belə bir qanun yoxdur. Bu zaman həmin müəssisələr kreditdən yayınmaq istəyirlər. Lakin dövlətin qanunları bütün vətəndaşlara eynidir, hamıya şamildir. Belə hal baş verdikdə istehlakçılar öz hüquqlarını tələb edə bilərlər”.

 

“Qeydiyyatından asılı olmayaraq, hər kəs kreditlə istədiyi əşyanı ala bilər”

Müəssisələrin, yəni satış mərkəzlərinin kreditlə əşya almaq istəyənlər arasında fərq qoymasının doğru olmadığını deyən keçmiş millət vəkili, iqtisadçı ekspert Nazim Məmmədov: “Müəssisələrin, yəni satış mərkəzlərinin kreditlə əşya almaq istəyənlər arasında fərq qoyması   doğru deyil. Yəni bu, qanunvericiliyə ziddir. Qanunda qeydiyyatından asılı olmayaraq, kreditlə hər hansı bir əşya almaq istəyənlərə məhdudiyyət qoyulmur. Belə problemlər daha çox şirkət idarəçilərinin müştərilərlə olan münasibətindən irəli gəlir. Onu da qeyd edim ki, mağazaların şəxsi əmlakı satmasına kredit yox, uzunmüddətli satış deyilir. Alıcılar arasında ayrı-seçkilik salmaq, məhdudiyyətlər qoymaq onların öz şəxsi qənaətinə görədir. Azərbaycanda azad ticarətdir. Hər bir şirkət öz ticarət siyasətini özü müəyyənləşdirir. Ancaq bu, haqsız siyasətdir. Bu siyasət hər hansı bir bölgədə yaşayanların alçaldılması kimi qəbul edilə və buna görə həmin şirkət cəzalandırıla bilər”.

 

“İnsanlar arasında sosial, irqi ayrı-seçkiliyə yol vermək Konstitusiyaya ziddir”

Ekspert hesab edir ki, mağazaların bəzi ərazilərə kreditlə satış edib, bəzilərinə etməməsi istehlakçı hüquqlarının pozulmasıdır: “Bu zaman həmin şəxslər məhkəməyə müraciət edə, haqlarını tələb edə bilərlər. Çünki insanlar arasında sosial, irqi ayrı-seçkiliyə yol vermək qanunlara ziddir. O ki qaldı şirkətlərin əraziləri istədikləri kimi bölməsi, istədikləri bölgələrə, ərazilərə kreditlə satış etməsi də doğru deyil. Bu zaman onlar vətəndaşları sosial qruplara bölməklə, yaşayış yerlərini vurğulamaqla ayrı-seçkiliyə yol verirlər. Bu, Azərbaycan qanunvericiliyinə ziddir. Ancaq onlara nəzarət edən, məlumat verən xüsusi bir qurum yoxdur. Buna görə də şikayətləri olan vətəndaşlar Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət edə bilərlər. Bundan başqa, həmin şirkəti məhkəməyə cəlb edə bilərlər. Bu, ayrıseçkilik və istehlakçı hüququnun qorunması baxımından məsuliyyət yaradar”.

Nərmin Haqverdiyeva