“Krantdan gələn suyu filtrasiya eləməyə ehtiyac yoxdur”

576

Adətən axşam saatlarında, səliqəli geyimdə gənc qızlar qapının zəngini basır. Qapını açırsan adamla elə xoş danışırlar ki, sanki nə vaxtsa sən özün dəvət eləmisən, amma yadından çıxıb. Elə buna görə də evə dəvət etməyə məcbur olursan. Sözə o qədər təsirli kəlimələrlə başlayırlar ki, adama xoş olur, özündən asılı olmayaraq səmimi olmağa çalışırsan. Söhbət su filtrləri satan menecerlərdən gedir. Bu filtirləri reklam eləyən xanımlar ev sahibini biraz yumuşaq gördüsə, bir də ən önəmlisi, hiss eləsələr ki, ev sahibi imkanlıdır ona filtir aldırmasalar əl çəkmirlər. Bu vaxta qədər içdiyimiz suyun nə qədər zəhərli olduğunu elə pafoslu danışırlar ki, adam bu yaşına qədər su içməyinə peşman olur. Əgər həqiqətən əhaliyə verilən su çirklidirsə niyə “Azərsu”nun su təmizləyici qurğularında təmizlənmir? Filtirasiya edilmiş su ilə evimizdə krantdan axan suyun hansı fərqləri var?

“Su infrastrukturu köhnəldiyi üçün paslı su gəlir”

Bu haqda Azad İstehlakçılar Birliyinin (AİB) sədri, ekspert Eyyub Hüseynova müraciət elədik. Eskpert, “Yeniavaz.com”a açıqlamasında bildirdi ki, o Dünya Su Konqresinin iştirakçısı olub: “25 min adamın iştirak elədiyi konfrans Fransada keçirilib. Suyun təmizlənməsi və digər məsələlər haqda xeyli informasiyalar əldə eləmişəm. AİB-ə gələn çox saylı müraciətlərdə krantdan gələn suların bulanıq olduğu deyilir. Mən keçən ilin oktyabr ayında “Azərsu”nun su təmizləmə qurğularına ictimai baxış keçirdim. Dünya Su Konqresinin iştirakçısı kimi mənə baxışa tam rahat şərait yaratdılar. Baxış zamanı məlum oldu ki, “Azərsu”nun filtirləri çox mükəmməldir, bu qurğular əhaliyə verilən suyu kifayət qədər təmizləyir. Lakin əhali isə zəng edib suyun çirkli olmasını bildirir. “Azərsu” suları tam təmizləyir, lakin su infrastrukturu köhnəldiyi üçün krantdan paslı su gəlir”.

“Çox təəssüflər olsun ki, alimlər ya savadsızdırlar, ya da qorxaqdırlar”

E.Hüseynov əhalinin su mənbələri ilə davranmasının çox pis vəziyyətdə olduğunu dedi. Bildirdi ki, suların axıdılması da problemdir: “Bizə daxil olan məlumata görə, əhali tərəfindən kanalizasiyaya heyvan içalatı, uşaq bezləri, paltarlar və s. zibil atılır. Su təmizləyən qurğular suyu təmizləyəndə bu səbəbdən problem yaşanır. AİB bununla bağlı əhali arasında maarifləndirici iş aparmaq niyyətindədir. Bütün bu fürsətlərdən istifadə eləyən 20-ə qədər su filtiri satan şirkətlər bazarda at oynadır. Bunlar əhalini aldatmaqla məşğul olurlar. Guya suyun həddindən artıq çirkli olduğunu sübut edirlər. Bu sübutlar da hamısı primitiv üsullarla göstərilir. O primitiv təcrübə aparan aparatları biz də əldə eləmişik. Dəfələrlə neft-kimya institutunun alimlərini dəvət eləmişəm ki, gəlin bizi başa salın görək bu nədir. Çox təəssüflər olsun ki, alimlər ya savadsızdırlar, ya da qorxaqdırlar ki, heç biri gəlmir. Çox təəssüf edirəm ki, “Azərsu”nun laboratoriyasında olan alimlər də bu məsələyə rəy bildirmirlər. Bizim ilkin araşdırmalarımız onu göstərir ki, bu təcrübələrin heç birinin elmi əsası yoxdur. Çox təmizlənmiş su da, az təmizlənmiş su da insan orqanizminə zərərlidir. Nə həkimlər, nə də su üzrə mütəxəssislər buna aydınlıq gətirmirlər”.

“Krantdan gələn suyu filtrasiya eləməyə ehtiyac yoxdu”

Mövzu ilə bağlı “Azərsu”nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq. Qurumun sözcüsü, “Azərsu” ASC-nin Bakı şəhərinə verdiyi suyun keyfiyyəti ilə bağlı heç bir problemin olmadığını bildirdi. Onun sözlərinə görə, harda su təchizatımız varsa, orda insanlar çox rahat şəkildə krantı açıb su içə bilərlər: “Yəni krantdan gələn suyu filtrasiya eləməyə ehtiyac yoxdu. 10 il bundan əvvəl belə şey yox idi, sudan zərər çəkən var idimi? Xeyir! Bu su filtrlərini satanlar dəllallarıdır. Ən pisi də odur ki, insanları aldadırlar. Bu adamların iki dənə cihazları var. Biri suyun elektrik keçiriciliyini yoxlayır, digəri də dəmiri toka qoşurlar aparıb salırlar stəkanın içinə, sonra deyirlər sizin suyunuz qapqaradır, çirklidir. Elə deyil! Bugün dünya ölkələri, həmçinin “Azərsu” milyon manatlarla vəsait qoyaraq laboratoriya yaradır. Əgər suyun tərkibini bu iki cihazla müəyyənləşdirmək mümkündürsə, laboratoriya niyə yaradırdıq?! Bunlar hamısı işbazlardır. Sadəcə olaraq indi hərə bir cür su içir. Adam var ancaq Fransa suyu içir, adam var ancaq Türkiyədən gələn su içir, adam var “slavyanka” içir, elələri də var ümumiyyətlə pul verib su almır. Yəni, bu insanların zövqünə bağlıdır. Əgər kimsə filtir qoyursa bu onun öz işidir, amma filtir satmaq üçün əhaliyə verilən suyun pislənməsi etikadan kənardı, ədəbsizlikdi. Bu işbazlar camaata yalan məlumatlar verirlər. Biz “Azərsu” olaraq əhalini tam əmin edirik ki, içməli suyun keyfiyyət göstəriciləri ilə bağlı heç bir problem yoxdur. İnsanlar çox rahat şəkildə bizim verdiyimiz sudan istifadə eləyə bilərlər”.

“Biz suyun keyfiyyətli olmasıma tam zəmanət veririk”

“Azərsu”nun mətbuat katibi su filtiri satanlardan soruşub ki, siz nəyi ölçürsüz? Ona cavab veriblər ki, suyun tərkibini. A.Cəbrayıllı suyun tərkibində min dənə elementin olduğunu dedi: “Onlardan soruşuram, sən hansını ölçürsən?! O gün bu işbazlardan biri gedib dostumuzun evinə, dostumda mənə zəng edib. Su filtiri satana deyirəm, qardaş, neynirsən? Deyir, ölçürəm. Soruşuram, sənin ixtisasın nədir? Deyir, İqtisad Universitetinin audit ixtisasını bitirmişəm, hamı bəyəm öz ixtisası üzrə işləyir? Dedim ki, suyun tərkibini ixtisası kimyaçı-bioloq olan mütəxəssis təyin edə bilər. Bizim suyumuz alimlərimizin yoxlamasına görə bütün standartlara uyğundu. Suyun bulanıqlığı, coduğu, elektrik keçiriciliyi, suyun tərkibindəki bağırsaq çöplərinin miqdarı və s. suyun göstəriciləri bunlar hamısı standartlara cavab verir. Biz buna tam zəmanət veririk. Üstəlik “Azərsu”dan başqa Səhiyyə naziriyinin Gigiyena və Epidemiologiya Mərkəzi buna nəzarət edir. Onlar bizim işimizə birbaşa nəzarət edirlər. Bu filtirlər suyun tərkibindəki insan orqanizmi üçün lazım olan, kalsium, kalium, maqnezium, sink və s. mineral maddələri öldürür, ölü suya çevirir. Filtirdən çıxan suyu çaydanda qaynadanda ərp yaranmır. Amma bizim krant suyunda ərp yaranır. Ərpin yaranması suyun yaxşı olmasını göstərir, onun tərkibindəki mineralları göstərir”.

Gigiyena və Epidemiologiya Mərkəzinin rəsmisi isə sualımıza cavab verməkdən yayındı…

Qeyd edək ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzi Sanitariya xidmətinin rəhbəri Ziyəddin Kazımovla əlaqə saxladıq. Həmin vaxt iş dalınca getdiyini və sabah ona zəng etməyimizi istədi. Bir gün sonra Ziyəddin müəllimə zəng eləyib “yeniavaz.com” saytından olduğumuzu deyəndə telefon əlaqəmiz kəsildi, ikinci və üçüncü dəfə yığsamda telefona zəng çatmadı. Səhiyyə nazirliyinin Sanitariya xidmətinin rəhbəri niyə danışmaqdan çəkindi bizə də müəmmalı qaldı.

Rasim Məmmədli