Kraliça bədxərc deyil

557
Hər zaman fərqli geyim tərzi ilə dünya mediasının diqqət mərkəzində olan İngiltərə Kraliçası II Elizabetin bu dəfə ayaqqabıları müzakirə mövzusu olub. 
Yayılan xəbərə görə, Kraliça 50 ildir ki, eyni ayaqqabını geyinir. Artıq II Elizabetin simvoluna çevrilən təxminən, 6,5 sm-lik hündürdaban ayaqqabılar “Anello & Davide” ayaqqabı şirkətində 4 nəfər usta tərəfindən Kraliça üçün xüsusi olaraq tikilib. Son 11 ildir ki, Kraliçanın geyimlərini hazırlayan modelyer Stevard Parvin “Daily Mail” qəzetinə müsahibəsi zamanı 88 yaşlı II Elizabetin ayaqqabının rahatlığına çox önəm verdiyini bildirib: “Kraliça heç vaxt narahat olan ayaqqabıları qəbul etmir. Onun üçün hazırlanan ayaqqabı, ilk növbədə, sarayın sakinlərindən ayaqqabı ölçüsü 37 olan bir nəfər tərəfindən geyinilir. Sarayın koridorlarında gəzdikcə ayaqqabı açılır. Kraliça daha sonra həmin ayaqqabını istifadə edir”. Kraliçanın qara, qəhvəyi, krem və ağ rəngdə olan ayaqqabıları min sterlinqə başa gəlir. Lakin o, köhnələn ayaqqabılarını atmır, dabanını dəyişdirərək onları uzun müddət istifadə edir. 1922-ci ildən fəaliyyətə başlayan ayaqqabı şirkətinin ustası Devid Hyatt Kraliça üçün ildə bir və ya iki ayaqqabı hazırladıqlarını, bəzən isə köhnə ayaqqabıların dabanlarını və ya aksessuarını dəyişdiklərini deyib. Onun sözlərinə görə, Kraliça heç də bədxərc deyil. Qeyd edək ki, Kraliçanın fotoşəkillərinə nəzər saldıqda da onun eyni ayaqqabını dəfələrlə istifadə etdiyi məlum olub.