“Korrupsiya nəticəsində dövlətə 200 milyon manat ziyan dəyib”

0
625
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin rəisi Kamran Əliyev: “Dəymiş ziyanın dövlət büdcəsinə ödənilməsi məqsədilə 173 milyon manatlıq əmlak üzərinə həbs qoyulub, 122 milyon manatın dövlət büdcəsinə ödənilməsi təmin edilib”.
Azərbaycanda 2015-ci ilin birinci rübündə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsi tərəfindən 48 şəxs barəsində 39 cinayət işinin istintaqı tamamlanaraq, baxılması üçün məhkəmələrə göndərilib. Bu barədə 2015-ci ilin birinci rübünün yekunları ilə bağlı keçirilən mətbuat konfransında Baş İdarənin rəisi Kamran Əliyev bildirib. O qeyd edib ki, rüb ərzində məhkəməyə göndərilmiş cinayət işləri üzrə vurulmuş 18 milyon 556 min 668 manat məbləğində ziyanın 5 milyon 894 min 138 manatı və ya 31,7 %-nin ödənməsi təmin edilib. Bu müddətdə cinayət işləri üzrə 104 min 432 manat dəyərində əmlak üzərində həbs qoyulmaqla cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Hesabat dövründə ibtidai istintaqı aparılmış cinayət işləri üzrə 9 təqdimat verilib. Əməliyyat İdarəsi tərəfindən 14 şəxs barəsində 12 cinayət işi başlanıb. Bunlardan 9 iş keçirilmiş əməliyyat tədbirləri nəticəsində, 2 iş vətəndaşların ərizələri əsasında, 1 iş isə Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətindən daxil olmuş materiallar əsasında başlanıb.

İlin ilk 3 ayında 13 şəxs barəsində axtarış elan edilib, 2 nəfər tutularaq istintaqa təhvil verilib, 21 şəxs isə beynəlxalq axtarışa verilib.

Bu müddətdə Baş İdarənin idarə və şöbələri tərəfindən 39 material üzrə araşdırma aparılıb, 29 material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb, 10 material üzrə cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Hesabat dövründə Baş İdarəyə 726 ərizə və şikayət daxil olub, 476 şəxs Baş İdarədə qəbul edilib. Bunlardan 106 şəxs Baş İdarə rəisi, 370 şəxs isə Baş İdarənin əməkdaşları tərəfindən qəbul olunub.

2015-ci ilin birinci rübündə 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə daxil olan 1677 müraciətdən 1477-si ilkin, 200-ü isə təkrar olub. Müraciətlərin 111-i Baş İdarədə araşdırılıb, 15-i cinayət işinə, 66-sı Baş Prokurorluğun digər idarələrinə, 1479-u aidiyyəti üzrə nazirlik, komitə və təşkilatlara göndərilməklə qanunla nəzərdə tutulmuş qabaqlayıcı və digər müvafiq tədbirlərin görülməsi təmin edilib.

“Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 6 müraciət üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb.

 

Azərbaycanda ən çox korrupsiya faktı aşkarlanan qurumların adları açıqlanıb

Azərbaycanda ən çox korrupsiya faktı aşkarlanan qurumların adları açıqlanıb. Kamran Əliyev qeyd edib ki, Baş İdarə tərəfindən bu ilin birinci rübündə istintaqı tamamlanaraq məhkəməyə göndərilən 39 cinayət işi bir çox sahəni əhatə edib.

Həmin cinayət işlərinin 14-ü özəl sektor, 4-ü icra hakimiyyətləri, 2-si təhsil, 2-si bələdiyyə, 1-i səfərbərlik xidməti, 3-ü bank sektoru, digərləri isə sosial sahə ilə bağlı olub.

 

Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi digər dövlət qurumları ilə birgə istintaq-əməliyyat qrupları yaradıb

K. Əliyev qeyd edib ki, Baş İdarəyə korrupsiya cinayətlərinə dair daxil olan 190 material üzrə digər dövlət qurumları ilə birgə istintaq-əməliyyat qrupları təşkil olunub. Milli Təhlükəsizlik Nazirliyi ilə 1, Daxili İşlər Nazirliyi ilə 101, Vergilər Nazirliyi ilə 19 cinayət işi üzrə istintaq-əməliyyat qrupları yaradılıb.

İdarə rəisi bildirib ki, Baş İdarəyə Milli Təhlükəsizlik Nazirliyindən 6, Fövqəladə Hallar Nazirliyindən 4, Ədliyyə Nazirliyindən 1, Dövlət Miqrasiya Xidmətindən 1, Daxili İşlər Nazirliyindən 2 material daxil olub. Onlardan bəziləri üzrə cinayət işlərinin başlanması təmin edilib. Bəzi hallarda isə digər tədbirlər görülüb, şəxslərin intizam məsuliyyətinə cəlb edilmələri təmin olunub.

K. Əliyev deyib ki, yuxarıda sadalananlardan başqa, Baş İdarəyə məhkəmələrdən 20, Maliyyə Nazirliyindən 3, Səhiyyə Nazirliyindən 2, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından 1, digər prokurorluq orqanlarından 3, Təhsil Nazirliyindən 3,Ədliyyə Nazirliyindən 2, Hesablama Palatasından 1, digər qurumlardan isə 15 material göndərilib.

 

“Dövlətə 200 milyon manat ziyan vurulub”

K. Əliyevin sözlərinə görə, Azərbaycanda son 10 ildə korrupsiya cinayətləri nəticəsində dövlətə 200 milyon manatdan artıq ziyan vurulub. İdarə rəisi bildirib ki, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi yaranan gündən indiyədək 1781 vəzifəli şəxs barəsində 1025 cinayət işinin məhkəmələrə göndərilməsi təmin edilib. Onlardan 68-i rüşvət alma, 133-ü vəzifə səlahiyyətlərindən sui-istifadə, 449-u qulluq mövqeyindən istifadə edərək talama cinayətləri ilə əlaqədar olub. Bu cinayətlər üzrə dövlətə 200 milyon manatdan artıq ziyan vurulub. Dəymiş ziyanın dövlət büdcəsinə ödənilməsi məqsədilə 173 milyon manatlıq əmlak üzərində həbs qoyulub, 122 milyon manatın dövlət büdcəsinə ödənilməsi təmin edilib.

 

“Beynəlxalq təşkilatlar Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işləri yüksək qiymətləndirir”

İdarə rəisi qeyd edib ki, Avropa Yenidənqurma və İnkişaf Bankı ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində mühüm uğurlar əldə edildiyini, Azərbaycan hökumətinin korrupsiyaya qarşı yönəlmiş addımlarını, o cümlədən yeni qanunvericiliyin qəbul olunmasını və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətini yüksək qiymətləndirib. Qeyd olunan məlumat 9 aprel 2015-ci il tarixdə Avropa Yenidənqurma və İnkişaf Bankının rəsmi saytında (www.ebrd.com ) yerləşdirilib.

K. Əliyev həmçinin bildirib ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsini uğurlu model kimi dəyərləndirərək bu qurumun digər ölkələr üçün nümunə olduğunu, Azərbaycan brendi olan ASAN xidmət mərkəzlərinin fəaliyyətini isə ən uğurlu qabaqlayıcı tədbir kimi qiymətləndirib.

Bundan başqa qeyd olunub ki, Azərbaycan Avropa Şurasının Korrupsiya Əleyhinə Dövlətlər Qrupunun (GRECO) 4 dəyərləndirmə raundunu uğurla keçən ölkələrdən biridir. Hər bir dəyərləndirmə mərhələsində ölkəmiz üzrə uyğunluq hesabatları qəbul edilib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here