Körpələrin əksəriyyəti həyatını ilk 1 ayda itirir

495

Dövlət Statistika Komitəsi Azərbaycanda 1970-2014-cü illərdə əsas səbəblər üzrə 1 yaşa qədər ölən uşaqların sayını açıqlayıb. Qurumdan aldığımız rəsmi rəqəmlərdə bir çox məqamlar diqqət çəkir. Məsələn, məlumatlardan belə aydın olur ki, illər öncə uşaqların ölümünə ən çox səbəb olan xəstəliklərin bəziləri son illər xeyli azalıb. Amma əksinə, əvvəllər uşaq ölümünə ən az səbəb olan halların bəziləri isə son illər kəskin şəkildə artıb. Əvvəlcə, statistikaya diqqət yetirək, sonra isə məsələ ilə bağlı həkim rəyinə keçərik.

Son 2 ilin statistikasına baxaq. Məlumata görə, 2013-cü ildə Azərbaycanda ümumilikdə 1 yaşa qədər olan 1862 körpə ölüb.
Onlardan 67-si bəzi infeksion və parazitar xəstəliklərdən ölüb. Həmin il eyni yaşa qədər olan körpələrdən 192-si tənəffüs orqanlarının xəstəliklərindən, 1142-si perinatal dövrdə meydana çıxan hallardan, 126-sı anadangəlmə anomaliyalardan (inkişaf qüsurları, deformasiyalar və xromosom pozğunluqları), 20-si isə travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən həyatını itirib.

Statistikadakı qəribə dəyişmə
Ötən il isə 1 yaşa qədər 1655 körpə ölüb. Onlardan 44-ü bəzi infeksion və parazitar xəstəliklərdən ölüb. Həmin il eyni yaşa qədər olan körpələrdən 156-sı tənəffüs orqanlarının xəstəliklərindən, 1103-ü perinatal dövrdə meydana çıxan hallardan, 116-sı anadangəlmə anomaliyalardan (inkişaf qüsurları, deformasiyalar və xromosom pozğunluqları), 13-ü isə travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən həyatını itirib.
Statistikada maraq doğuran məqam isə perinatal dövrdə meydana çıxan hallardan ölən uşaqların sayı ilə bağlıdır.
Belə ki, 2000-ci ildə bu hallardan 345, 2001-ci ildə 290, 2002-ci ildə 268, 2003-cü ildə 334, 2004-cü ildə 283, 2005-ci ildə 301, 2006-cı ildə 333, 2007-ci ildə 321, 2008-ci ildə 349, 2009-cu ildə 310, 2010-cu ildə 367 körpə dünyasını dəyişib. Lakin növbəti illərdən, yəni 2011-ci ildən etibarən bu səbəblərdən həyatını itirən 1 yaşa qədər uşaqların sayı kəskin artıb. Məsələn, Dövlət Statistika Komitəsindən aldığımız məlumatda qeyd olunur ki, 2011-ci ildə perinatal dövrdə meydana çıxan hallardan 627, 2012-ci ildə 937, 2013-cü ildə 1142, 2014-cü ildə 1103 körpə ölüb.

“1 yaşa qədər olan müddət uşaqların ən həssas dövrləridir”
Maraqlıdır, 2000-ci illə müqayisədə son illər bu hallardan ölən bir yaşa qədər körpələrin sayının 3-4 dəfə artmasının səbəbi nə ola bilər? Ümumiyyətlə, perinatal dövr deyəndə nə nəzərdə tutulur. Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan dilinin orfoqrafiya və izahlı lüğətində perinatal sözünə rast gəlmədik. Azərbaycanın tanınmış pediatrı Hüseyn Məmmədov isə bizimlə söhbətində perinatal dövr deyiləndə, uşağın doğuluşundan sonrakı ilk 1 ayın nəzərdə tutulduğunu bildirdi. Bu dövrdə uşaqların ölümünə səbəb olan hallara gəlincə, müsahibimiz burada bir yox, çoxlu sayda xəstəliklərin sadalana biləcəyini qeyd etdi: “1 yaşa qədər olan müddət uşaqların ən həssas dövrləridir. Bu müddətdə körpə ölümlərinin səbəbləri müxtəlifdir. Məsələn, müəyyən qisim körpələrin ölümünə səbəb irsi xəstəliklər ola bilər. Bundan başqa, ananın hamiləlik vaxtı aldığı travmaların, uşağın doğuş vaxtı aldığı travmaların da sonradan onun ölümünə gətirib çıxarması mümkündür. Yəni hər bir körpə müxtəlif səbəblərdən həyatını itirə bilər, ona görə ümumi şəkildə dəqiq, konkret səbəb deyə bilmərik bu statistika ilə əlaqədar”.

“Analizlərin nəticələrinə görə dəyişə bilər”
Həmsöhbətimizin dediyinə görə, 1 yaşa qədər ölən körpələr sırasında qəfil ölümləri də xüsusi vurğulamaq lazımdır: “Səbəbi məlum olmayan qəfil ölümlər də baş verə bilər. İlk 1 ayda belə hallar körpələr arasında rastlaşılan vəziyyətdir”.
Həkim bətndaxili infeksion xəstəliklərin də yenicə valideyn olmuş bəzi cütlüklərin sevincini gözlərində qoyduğunu vurğuladı.
Bəs bu kimi hadisələrin başvermə ehtimalını azaltmaq üçün nə kimi tədbirlər görülə bilər?
Pediatr Hüseyn Məmmədovun bu sualımıza cavabı belə oldu: “Bunun üçün, ilk növbədə, hamiləlik diqqətlə izlənilməlidir. Yəni bütün qadınlar həkim nəzarətində olmalıdırlar. Əgər həkim nəzarəti olmazsa, ailələr buna biganə yanaşarlarsa, burada problemin olma ehtimalı da artır. Hamilə xanımlar ginekoloqların daimi nəzarətində olmalıdırlar, hamiləliyin gedişi izlənməlidir. Bəzən sual verirlər ki, hamilə xanımlar neçə vaxtdan bir həkimə üz tutmalıdırlar? Fikrimcə, hamiləliyin ilk 3 aylığında hər ay, ondan sonra bəlkə 2 ayda bir, bəlkə 3 ayda bir həkimə getməkdə fayda var. Bu müddət analizlərin nəticələrinə görə dəyişə bilər”.

“Övlad itkisi olmasa belə…”
Müsahibimiz qeyd etdi ki, əgər hamilə xanım əvvəlki doğuş zamanı körpəsini itiribsə, o zaman daha diqqətli olmalıdır: “Övlad itkisi olmasa belə, həssas olmaq, həkim məsləhətlərinə, ginekoloq tövsiyələrinə əməl etmək vacib məsələdir. Diqqətli davranmaq zəruridir. Onu da qeyd edim ki, hamilə ana üçün qidalanmanın, stresin, iş həyatının təsiri var. Çünki bunların hamısı dünyaya gələcək uşağa təsir göstərə bilər. Yemək-içmək, ətraf mühit, sosial mühit, məişət durumu hamilə xanımların və onların dünyaya gətirəcəyi körpələrin sağlamlığı baxımdan vacib amillərdir”.

Nicat İntiqam