Koronavirus 192 ölkədə yayılıb, 100 minə yaxın xəstə sağalıb

0
244

Bu günədək dünyada 341 min 237 nəfər yeni növ koronavirusa yoluxub. Virusa yoluxmuş 14 min 746 xəstə ölüb, 99 min 28 nəfər sağalıb.

Worldometers.info saytı xəbər verir ki, yerdə qalan 227 min 463 nəfərdən 216 min 903-nün vəziyyəti qənaətbəxş hesab olunur. 10 min 560 xəstənin durumu orta-ağır qiymətləndirilir.

Son məlumatlara görə, koronavirusa dünyanın 192 ölkəsində rast gəlib. Virusa ən çox yoxulma halı Çində (81 min 93 nəfər) qeydə alınıb. Bu ölkədə virusdan ölənlərin sayı 3270 nəfərə çatıb. Son 12 saat ərzində yoluxanların sayı 39 nəfər olub. Hesabat saatında 9 nəfər dünyasını dəyişib.

Koronavirusun yayılmasına görə ikinci sırada İtaliyadır. Bu ölkədə 59 min 138 xəstə qeydə alınıb. Onlardan 5476 nəfəri dünyasını dəyişib. Yeni yoluxmaya və ölümə rast gəlinməyib.

Üçüncü sırada yer alan ABŞ-da 35 min 60 nəfərdə virus aşkarlanıb. Xəstələrdən 457 nəfəri ölüb. Son 12 saat ərzində 1514 yeni yoluxma, 38 ölüm qeydə alınıb.

Dördüncü yerdə qərarlaşan İspaniyada 29 min 909 virusa yoluxma baş verib. Onlardan 1813 nəfəri dünyasını dəyişib. Son 12 saat ərzində 1141 nəfərdə yeni yoluxma halı aşkarlanıb və bu müddətdə 41 nəfər dünyasını dəyişib.

Siyahıda beşinci olan Almaniyada 24 min 873 nəfər virusa yoluxub ki, onlardan 94-ü ölüb.

Altıncı yerdə qərarlaşan İranda isə 21 min 638 virusa yoluxma halı təsdiqlənib. İndiyədək 1685 nəfər dünyasını dəyişib.

Siyahının yeddinci pilləsində yer alan Fransada indiyədək 16 min 18 nəfər virusa yoluxub, 674 nəfər ölüb.

Səkkizinci sırada olan Cənubi Koreyada 8961 nəfər koronavirusa yoluxub, 111 nəfər dünyasını dəyişib. Son 12 saat ərzində 64 yeni yoluxma, 7 ölüm faktı qeydə alınıb.

Doqquzuncu pillədə İsveçrə yer alıb. Bu ölkədə 7724 nəfər virusa yoluxub, 98 xəstə dünyasını dəyişib. Son 12 saatda 250 yeni yoluxma qeydə alınıb.

Onuncu pillədə olan Böyük Britaniyada isə 5683 nəfərin virusa yoluxması aşkar edilib. Onlardan 281-i ölüb.