Koreyada toplu toy məclisi

Bəzi məsələlərdə həqiqətdən o qədər uzağıq ki, onu qəbul etmək bir tərəfə dursun, eşitmək belə istəmirik. 
Toydan danışmaq istəyirəm. Mən bu qənaətdəyəm ki, bu gün toylarımızda sevinən varsa, bəylə gəlindir. Əgər onların da ulduzu barışacaqsa. Yoxsa valideynlər üçün də, dəvətlilər üçün də toy ağır bir yükdən başqa bir şey deyil. Əslində çoxları toydan danışanda məhz bu ifadəni işlədərlər: “yük aşırmaq”. Doğrudur, yükü aşırmağına aşırırlar, amma sonradan illər uzunu borc qaytarmaqla məşğul olurlar. Bəli, istəsək də, istəməsək də etiraf etməliyik ki, toy adı eşidəndə ağlımıza gələn ilk fikir bu olur ki, görəsən bunun pulunu haradan tapacağıq. Toy mövzusu, sözün hər mənasında, çox ciddi problem kimi qarşımızda durub. Bu məsələ bu və ya digər şəkildə həll olunmalıdır. Hazırda bu xalqın bir qrup istismarçı tərəfindən soyulmasının ən bariz nümunəsi elə bu toylardır. Toylarda qazandıqları ilə quduran manıslar, tamadalar, prodüsserlər efirlərdən xalqa ağıl öyrədirlər. Təsəvvür edin ki, manıs sənəti ilə öyünmür, ağzına qədər dolu soyuducusu, dolub-daşan qarderobu ilə fəxr edir. Halbuki, səhnəyə çıxıb konsert versə, on nəfər tamaşaçı toplaya bilər, ya yox. Yəni toylarımız təkcə camaatın soyulması deyil, həm də sənətin, əxlaqın qətl edildiyi yerdir.

Mən əvvəllər də bu mövzuda iradlarımı qələmə almışdım. Mövzuya yenidən dönməyimə isə axşam efirdə izlədiyim Cənubi Koreyada toplu toy məclisinin keçirilmasi haqda süjet səbəb oldu. Təsəvvür edirsinizmi, 8 min cütlük böyük bir meydanda toy mərasimi keçirir. Bizim hesabımıza çevirəndə 16 min toy eləyər, amma koreyalılar hamısını bircə dəfəyə həll eləyirlər. Evlənənlərin də hamısının üzü gülürdü. Təbii ki, bu cür tədbirlərin dövlət dəstəyi ilə keçirilməsi, evlənənlərə dövlət adından xüsusi hədiyyələrin təqdim edilməsi də mühüm əhəmiyyət daşıyır. Evlilik həyatına qədəm basan gənclər dövlətin dəstəyini hiss edirlər. Bu, vətənpərvərlik  tərbiyəsi deyilmi? Məsələnin başqa müsbət tərəfi də var ki, ayrı-seçkilik aradan qalxır. Yəni çox zəngin məmurun və kasıb vətəndaşın övladı eyni mərasimlə, eyni geyimlə, eyni təmtəraqla evlənir.

Bizim ən böyük problemlərimizdən biri odur ki, ehtiyaclarımızı doğru-düzgün sıralaya bilmirik. Yeni ailə quranlara kömək göstərmək əvəzinə böyük bir yük yükləyirik. İndi kim durub iddia edə bilər ki, bizim toya yazdırdığımız o puldan ailəyə bir şey qalır. Hər kəs bilir ki, toyların əksəriyyəti, el arasında deyildiyi kimi, başa-baş olur. Toydan gənc ailəyə 4-5 saatlıq disk və bir də böyük bir borc siyahısı qalır. Ona görə də toy dəvətnaməsi daha çox “borcunu qaytar” çağırışı kimi anlaşılır.

Mən xalqımı çox sevirəm və bizim çox gözəl keyfiyyətlərimizin olduğunu da hər zaman söyləyirəm. Amma bəzi problemlər var ki, bu gün onlarla savaşmaq artıq ləyaqət işi, əxlaq məsələsi halına gəlib. Başda toylarımız və yas məclislərimiz gəlir. İnanın ki, koreyalıların kütləvi toy mərasimi bizimkindən hər baxımdan daha üstündür. Mən demirəm ki, biz 5-10 min gənci eyni vaxtda evləndirək, amma etiraf edək ki, bu gün hansı kəndimizə, hansı şəhərimizə gedirsən-get eyni münasibəti görəcəksən.

Artıq bizdə toy da, yas da sənaye halına gəlib. Hesablasanız, görərsiniz ki, toy sənayesindən dolananların sayı kənd təsərrüfatından dolananların sayından qat-qat artıqdır. Araşdırsanız, onu da görəcəksiniz ki, şadlıq evlərinin, mərasim salonlarının arxasında böyük və qara əllər dayanır.

Bir qədər əvvəl yas mərasimlərini qaydaya salmaq üçün təşəbbüs başladılar, amma heç 2 ay keçmədən hər şey əvvəlki halına döndü. Qəbirlərin üstünə 3-5 min manata baş daşı qoyurlar, borcla cümə axşamları, yeddi, qırx məclisləri keçirirlər. Amma bütün bunların dinimizə uyğun olmadığını söyləyən də yoxdur. Niyə də söyləsinlər ? – Söyləməli olanlara sərf eləmir axı.

Nə isə, koreyalıların toplu toy məclisinə qayıtmaq istəyirəm. Vallah o toylar bizimkindən İslama daha yaxındır. İnanmırsınız, özünüz hər şeyi göz önünə gətirin və müqayisə aparın, dediklərimizə inanacaqsınız. Əli Məcidov