Könüllülükdən zirvəyə”

0
87

“Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsi və şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Beynəlxalq Könüllülər Gününə həsr olunan “Könüllülükdən zirvəyə” forumu keçirilib.

Forumda Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə, “Turizm Könüllüləri” Təşkilatının rəhbəri Hüseyn Məmmədov, Mingəçevir Gənclər Evinin aktiv könüllüsü və İkinci Qarabağ müharibəsi qazisi Tural Şükürov, könüllü hərbi həkim Aynurə Hidayətqızı, Sabirabad Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Rəşad Qurbanov, şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, Mingəçevir Gənclər Evinin direktoru Tural Kərimov da iştirak edib. Forum Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Vətənimizin bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam edib.

Forumu giriş sözü ilə açan Mingəçevir Gənclər Evinin əməkdaşı və forumun moderatoru Zəminə Ədilova könüllü fəaliyyətlə bağlı məlumat verib, forum iştirakçılarını Beynəlxalq Könüllülər Günü münasibətilə təbrik edərək forumun məqsəd və vəzifələri ilə bağlı məlumat verib.

Daha sonra çıxış edən Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli qazandığımız qələbə münasibətilə forum iştirakçılarını təbrik edib. Vətənimizin azadlığı və bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib, əsgərlərimizin tezliklə öz ailələrinə qovuşmasını arzulayıb, könüllü fəaliyyət göstərən və bu sahədə çalışmaq istəyən gənclərimizə öz tövsiyələrini bildirib.

Forum iştirakçılarını salamlayan Tural Kərimov Beynəlxalq Könüllülər Günü münasibətilə könüllüləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Forumda fəxri qonaq qismində iştirak edən Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Beynəlxalq Könüllülər Günü və Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxındır ki, davam edən, ölkəmizin tərəqqisi və hər birimizin mənəvi həyatında böyük bir maneə olan Qarabağ münaqişəsinin birdəfəlik həlli  münasibətilə forum iştirakçılarına təbriklərini ünvanlayıb. Şəhidlərimizin əziz xatirəsininin hər zaman qəlbimizdə yaşayacağını qeyd edən icraçı direktor onların keçdiyi 44 günlük qısa, lakin şərəfli yolun  bizim üçün nümunə olacağını vurğulayıb.  “Könüllülər ili”ndə cəbhəyə könüllü şəkildə yollanan, ərazi bütövlüyümüzü bərpa etmək üçün savaşan Əsgərlərimizlə yanaşı, arxa cəbhədə Koronavirus pandemiyası ilə mübarizə aparan həkimlərimizə də borclu olduğumuzu bildirən Fərid müəllim gənclərə fəaliyyətində uğurlar arzulayıb.

Öz təcrübələrini iştirakçılarla bölüşən Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə könüllü kimi fəaliyyət göstərdiyi dövrlə müqayisədə bu gün gənclər üçün yeni və daha böyük imkanların olduğunu qeyd edib.

Mingəçevir Gənclər Evinin könüllüsü və İkinci Qarabağ müharibəsində könüllü şəkildə iştirak edən qazimiz Tural Şükürov qələbəmizdə rolu olan insanlardan biri kimi müharibə ilə bağlı təəssüratlarını bölüşüb, sona qədər döyüşdə ola bilmədiyi üçün təəssüfləndiyini qeyd edib.

Daha sonra çıxış edən “Turizm Könüllüləri” Təşkilatının rəhbəri Hüseyn Məmmədov rəhbəri olduğu təşkilatda könüllü fəaliyyətin təşkili ilə bağlı məsələlərə toxunub, Vətənimizin ərazi bütövlüyünün bərpa edilməsində xüsusi rolu olan Şəhidlərimizin xatirəsinin yaşadılmasının başlıca hədəflərimizdən olduğunu vurğulayıb.

Vətən uğrunda qəhrəmancasına vuruşan əsgərlərimizlə ön cəbhədə birlikdə addımlayan könüllü hərbi həkim Aynurə Hidayətqızı könüllüləri təbrik edib, hər birimizin qəlbimizlə bu Vətənə bağlı olduğumuzu deyib. Əsgərlərimizin cəsarəti və qəhrəmanlığından danışan Aynurə xanım xalqımızın birlik və əzminin zəfər çalmağımızda başlıca amil olduğunu qeyd edib.

Mingəçevir Gənclər Evinin keçmiş əməkdaşı, Sabirabad Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Rəşad Qurbanov könüllü fəaliyyətin təbliği və təşviqi istiqamətində tətbiq edilən yeniliklərə diqqət çəkib. Könüllü kimi fəaliyyət göstərdiyi müddət ərzində qazandığı bacarıqlardan danışan Rəşad müəllim bu təcrübədən hazırkı dövrdə də faydalandığını qeyd edib.

Forum iştirakçıların suallarının cavablandırılması və təbriklərlə davam edib.

Esmira Hidayətova, Mingəçevir