“Konqres qondarma soyqırımını tanıya bilər”

Qondarma erməni soyqırımının 100 illiyi ərəfəsində ABŞ Konqresində bununla bağlı müvafiq qətnamə qəbul edilə və ermənilərin çoxdankı arzuları həyata keçə bilər.
Məsələyə münasibət bildirən politoloq Vəfa Quluzadə ABŞ tərəfindən qondarma soyqırımının tanınmasına inanmadığını söylədi: “Ermənilər olmayan bir soyqırımının 100 illiyi ilə bağlı fəallaşıblar. Amma hətta Konqres tərəfindən qondarma soyqırımı tanınsa belə, Prezident Obama buna veto qoyacaq. Çünki qondarma soyqırımının tanınması Rusiya ilə yenidən soyuq müharibə dövrünü yaşamağa başlayan ABŞ üçün ən yaxın müttəfiqini itirmək demək ola bilər. Bundan isə ən böyük zərbə alan yenə ABŞ olacaq. Mən ona görə də ABŞ-ın belə bir addım atacağına inanmıram”.

Politoloq, millət vəkili Fazil Mustafa da qondarma soyqırımının ABŞ tərəfindən tanınılmasının ermənilərə heç nə verməyəcəyini bildirdi. Fazil Mustafa: “ABŞ buna getsə, onda Türkiyənin simasında Yaxın Şərqi itirmiş olacaq. Buna paralel olaraq, hazırda Rusiya tərəfindən yeni təhlükə ilə üzləşən Qərb dövlətləri Türkiyəni itirməklə NATO-nun cənub cinahını müdafiə edə bilməyəcəklər. Ona görə də inanmıram ki, Vaşinqton belə bir risqə getsin. Əgər Konqres belə bir addım atsa, bundan ən çox zərər görən yenə ABŞ olacaq”,-dedi.

 

“Risinq” (“ReThink”) beyin mərkəzinin rəhbəri, tanınmış siyasi ekspert, doktor Fevzi Bilgin Türkiyənin “Bugün” nəşrinə verdiyi müsahibəsində ABŞ tərəfindən qondarma erməni soyqırımının tanınması təhlükəsi barədə Türkiyə rəsmilərinə xəbərdarlıq edib.

Fevzi Bilgin: “Konqresdə hazırda ermənilərin qondarma soyqırımını tanıda bilməsi üçün əlverişli vəziyyət əmələ gəlib. Bu baxımdan Vaşinqtonda Türkiyəni müdafiə edən bir adam belə yoxdur. Ermənilər bundan istifadə edərək “soyqırımı”nın Konqres tərəfindən tanıdılmasına nail ola bilərlər. Çox ehtimal ki, Konqres qondarma erməni soyqırımını tanıyacaq”, – deyib.

Fevzi Bilgin deyib ki, qondarma soyqırımının tanınması öz növbəsində Türkiyədən təzminat, torpaq tələbini gündəmə gətirəcək. Ona görə də buna yol verməmək üçün təcili şəkildə vəziyyətdən çıxış yolu tapılmalıdır. Fevzi Bilgin xatırladıb ki, bundan əvvəl də “soyqırımı”nın Konqres tərəfindən tanınması üçün bir səs çatmadı.

Fevzi Bilgin: “Türkiyə bu məsələni öz daxilində həll edərək vəziyyətdən çıxış yolu tapmalıdır. Türkiyə “soyqırımı”nın tanıdılmasının qarşısını almaq üçün çox çalışmalı oldu, bu işə böyük həcmdə pul xərclədi. Bundan istifadə edənlər, faydalananlar var. Amma indi vəziyyət dəyişib. Türklər də, ermənilər də bu məsələnin uzadılmasından bezdilər”, – deyə həyacan  təbili çalıb.

Əziz Mustafa