Könlümə Don Kixotluq düşüb

535

Vallah, bu SMS-lərin əlindən lap boğaza yığılmışam… Belə getsə, mobil telefondan istifadə etməyəcəyəm. Yəqin, deyəcəksiniz, yenə nə olub, nə haray salmısan? Bu nə Don Kixotluqdur? Migel de Servantesin Don Kixotu yel dəyirmanı ilə vuruşan kimi sən də telefonlamı vuruşmaq istəyirsən? Olmaya bununla yeni tarixə düşmək istəyirsən? Bəli, düşmək istəyirəm, burada qeyri-adi nə var ki? Məgər siz hələ də bir azərbaycanlı Don Kixota ehtiyac duymursunuz? Halbuki buna ehtiyac var.

Sizi bilmirəm, mənim telefonuma gündə 5-6 belə mesaj – qonaq göndərilir. SMS-lərin əksəriyyətində müxtəlif kampaniyalara qoşulma, dəvət və s. reklam olunur… Gizlətmirəm, əvvəllər onlardan bir neçəsini oxuyub mən də mesaj göndərmişəm. Lakin görəndə ki, onların fikri-zikri məni soymaqdır, bu işin başını buraxmışam. Bu məqsədlə nə qədər xərclədiyimi xatırlamaqda çətinlik çəkirəm. Son günlər isə hər dəfə onları açıb oxuyanda sanki o dünyanı görüb qayıdıram. Bu qısa zaman kəsiyində o dünyanı görüb qayıtmaqdan daha bezmişəm. İşin tərsliyinə bax ki, mən elə bu sətirləri yazarkən telefonuma belə bir SMS daxil oldu. And içməyimə baxmayaraq, şeytan məni necə aldatdısa, onu oxumağa tələsdim: “2015-ci ilin qoroskopu! Bürcünü (məsələn, qoc) yaz, 9845-ə göndər. Keçi ilində səni nə gözlədiyini indidən öyrən. Maraqlı olacaq. Qiyməti: 1 AZN”. Lakin bu dəfə şeytana uyub bir manatımdan keçmədim. Sadəcə, buna sərf etdiyim vaxta heyfslənməklə yanaşı, məni narahat etdiklərinə görə yenə möhkəm əsəbləşdim. Əlüstü bir validol atıb özümü ələ almağa çalışdım. Nə isə…

Yəqin, yenə deyəcəksiniz, elə isə operatoru dəyiş… Vallah, bu məqsədlə bir neçə operator dəyişdim. Gördüm yox e, bunun heç bir xeyiri yoxdur. Yəni hamısında eyni vəziyyətdir. Bir sözlə, operator dəyişməklə bu SMS yağışından əsla qurtulmaq mümkün deyil. Nə qədər qəribə olsa da, heç bir “çətir” bu yağışın qarşısını ala bilmir ki, bilmir. Səni elə islatmaqda davam edir.

İndi mən soruşuram: ay mənə belə mesajlar göndərənlər, axı sizə kim icazə verib ki, telefonuma hər cür məlumatlar göndərirsiniz? Axı sizə kim icazə verib ki, ixtiyarım olmadan telefonumu belə SMS-lərlə doldurursunuz. Axı mənə sizin belə bir “xidmətiniz” lazım deyil, mən heç belə “insanlığın” həsrətində deyiləm. Barı, etika naminə heç olmasa, bir soruşun, sonra göndərin də… Axı siz nə vaxta qədər birbaşa mənim əsəblərimlə oynayacaqsınız? Olmaya məqsədiniz məni dəli edib çöllərə salmaq və mənim simamda bu əsrin Məcnunu formalaşdırmaqdır, hə? Belə getsə, deyəsən, bu istəyinizə çatacaqsınız. (Öz aramızdır, Don Kixot elə Məcnunun Avropa dublikatıdır da).

O gün necə əsəbləşdimsə, bununla bağlı əlaqədar qurumlara etirazımı bildirdim. Dedim, qardaş, müxtəlif şirkətlərdən gələn mesajlar məni boğaza yığıb, neyləyim? Hamısının da məqsədi məni aldatmaq, mənasız oyunlara cəlb etməkdir. Dedilər, heç atılıb-düşmə, heç bir yerə də şikayət-filan etmə. Çünki bu barədə Milli Məclisdə də məsələ qaldırılmışdı. Di gəl, biz hələ də öz işimizdəyik. Dedim onda məhkəməyə müraciət edəcəyəm ki, bəs bu SMS-lər məni mənən sarsıdır. Həmin adam gülə-gülə nə desə yaxşıdır: “Get əlindən gələni beş qaba çək. Amma unutma ki, bunu sübut etmək uzun bir prosesdir. Buna heç sənin ömrün belə bəs etməz”.

Elə isə bəs mən nə edim, ay camaat? Aha, deyəsən, yolunu tapdım axı… Metronun “Koroğlu” stansiyasının yaxınlığındakı körpünün üzərinə çıxaraq telefonumu oradan yerə atacağam. Niyə oradan? Əvvəla, ona görə ki, son vaxtlar bu məkan intiharlar məskəni kimi tanınır. Digər tərəfdən, burada baş verənlər ildırım sürəti ilə bütün ölkəyə yayılır. Üçüncüsü də, buradakı intiharın səbəbləri tez bir zamanda araşdırılır. Yəqin, soruşursunuz ki, niyə məhz telefonumu atacağam? Cavab çox bəsit: a kişilər, axı nə vaxta qədər özümüzü atacağıq, qoy bir dəfə də özümüzdən nə isə ataq…

Qvami Məhəbbətoğlu