“Komissiya haqqı kreditin süni şişirdilməsinə gətirib çıxarır”

0
405
İndiki dövrdə kredit borcu olmayan birini tapmaq, demək olar ki, çox çətindir. Kredit borcu olmayanların əksəriyyəti isə ən azından plastik kart istifadəçisidir. Bu zaman insanlar özləri də bilmədən banklardan asılı vəziyyətə düşürlər. Günümüzün yaranan ən aktual mövzularından biri də vaxtı keçmiş kreditlərdir. Son açıqlamalara əsasən, ölkə banklarında vaxtı keçmiş kreditlər 981 milyon manata çatıb. Bəs qanunla borcunu ödəməyən şəxsləri nə gözləyir?
Mövzu ilə bağlı qəzetimizə müsahibə verən “Expressbank” ASC-nin böyük hüquqşünası Emil Xəlilov bildirdi ki, götürülən kreditin növündən asılı olaraq, borcalan borcunu ödəyə bilmədikdə bank qarşısında məsuliyyət daşıyır: “Verilmiş kredit vaxtlı-vaxtında ödənilmədikdə bank müqavilə şərtlərinə və qanunvericiliyə uyğun olaraq, borcun ödənilməsi barədə iddia ərizəsi və ya ərizə ilə məhkəməyə müraciət edir. Bu zaman məhkəmə mülki prosessual qanunverciliyin tələblərinə riayət etməklə işə baxır və borcun ödənilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra (əgər ondan apelyasiya qaydasında şikayət verilməmişdirsə) icra edilməsi üçün icra şöbəsinə göndərilir. “İcra haqqında” qanunun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan 3 gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qanunun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən 2 ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda həmin müddət icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər”.

Qeyd olunan müddətlər ərzində icra məmurunun borclunun yaşayış yerini, iş yerini və ya onun əmlakının olduğu yeri müəyyən etməklə müvafiq tədbirlər gördüyünü deyən hüquqşünas əlavə etdi ki, borclunun yaşayış yeri, iş yeri və ya əmlakı aşkar edilərsə, bu zaman tələb onun əmək haqqına və əmlakına yönəldilir: “Belə ki, qərar borclunun iş yerinə göndərilir və iş yeri məhkəmə qərarına əsasən, əmək haqqından tutaraq banka olan borcunun ödənilməsi təmin edilir. Əmlak isə qanunun tələbinə uyğun olaraq, qiymətləndirilir və satılması üçün hərrac çıxarılır. Əmlak satıldıqdan sonra borc ödənilir, yerdə artıq məbləğ qalarsa, borcluya qaytarılır. Qeyd olunan tədbirlər nəticə vermədikdə qanunun 27.1-ci maddəsinə əsasən, icra məmuru öz təşəbbüsünə və ya bankın ərizəsinə əsasən, borclunun axtarılması haqqında qərar qəbul edir və borclu axtarışa verilir. Borclu axtarışda olan müddətdə icraat dayandırılır, borclu tapıldıqda isə yuxarıda qeyd olunan icra tədbirləri davam etdirilir”.

“Yaşlı şəxslərdə bu proses necə gedir?” sualına cavab verən E. Xəlilov dedi: “Əmək pensiyaları haqqında” qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan vətəndaşları əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin qanunun 4.1-ci maddəsinə əsasən isə, əmək pensiyaları bir neçə növə bölünür. Bunlardan biri də yaşa görə əmək pensiyasıdır. Bu sualla bağlı bildirmək istəyirəm ki, yaşa görə pensiyaya çıxmış şəxslərin banka olan borclarının ödətdirilməsi bir qədər asanlıqla baş verir. Ona görə ki, həmin şəxslərə dövlət tərəfindən müəyyən məbləğdə vəsait verilir. Beləliklə, “İcra haqqında” AR Qanununun 43-cü maddəsinə uyğun olaraq, tələb yaşa görə pensiyaya çıxmış şəxslərin əmək pensiyasına yönəldilir və borcun ödənilməsi təmin edilir”.

Hüquqşünas onu da vurğuladı ki, borclu səxsin borcunu ödəmədiyi təqdirdə, ölkədən çıxışına da məhdudiyyət qoyulur: “Yəni borclunun ölkədən giriş-çıxışına qadağa qoyulur. Qadağanın qoyulması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə və banka məlumat verir. Beləliklə, borclunun ölkədən giriş-çıxışına qadağa borc tam ödənildikdən dərhal sonra icra qurumunun rəhbəri tərəfindən qərar qəbul edilərək götürülür. Həmin qərar dərhal borcluya, banka və qərar qəbul etmiş məhkəməyə göndərilir”.

İmkanı olub, banka borcunu ödəməyən şəxsin aqibəti haqda fikirlərini bildirən E. Xəlilov dedi: “Bu zaman icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Cinayət Məcəlləsinin 196-cı maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Həmin məcəllənin tələbinə əsasən, kredit borclarını qəsdən ödəməkdən yayınmaya görə qanunverici minimal və maksimal cəza növlərinin həddini müəyyən etmişdir. Minimal hədd 3 il və maksimal hədd isə 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılması müəyyən edilmişdir”.

Bəs, görəsən, ödənilməsi çətin olan bu krediti alarkən əsasən nələrə diqqət etməliyik ki, aldanmayaq, sonradan peşman olmayaq? İqtisadçı Vüqar Bayramov “Zaman-Azərbaycan”a müsahibəsində sualımıza belə cavab verdi: “Kredit müqaviləsi şərtlərini diqqətlə oxumaq, faizlərin hesablanması, aylara bölünməsi qaydasına diqqət yetirmək, əsas məbləğin qaytarılması qaydası və müqavilə şərtləri ilə tanış olmaq lazımdır. Ən əsası isə komissiya haqlarının alınması, faizi ilə maraqlanmaq məsləhətdir. Son zamanlar insanların ən çox şikayət etdikləri problemlərdən biri də bank faizlərinin yüksək olmasıdır. Vətəndaşlar banklardan kredit aldıqları zaman birmənalı şəkildə bir sıra məqamlara diqqət etməlidirlər. Bir çox banklar kredit verən zaman komissiya haqqını da kredit faizinə daxil edirlər. Bu zaman elan olunan faiz dərəcəsi ilə bankın verdiyi faiz dərəcəsi arasında fərq yaranır”.

Son zamanlar bankların faizlərinin 7-10-ə faiz qədər yüksəldiyini deyən iqtisadçı bildirdi: “Bank faizlərinin son zamanlar artması narazılıqlara səbəb olur. Bu da birmənalı şəkildə komissiya haqları vasitəsilə vətəndaşa verilən kredit faizlərinin artırılmasına, yüksək faizli kreditlərin təklif edilməsinə və insanların aldadılmasına gətirib çıxarır. Buna görə də komissiya haqları barədə öncədən maraqlanmaq, komissiya haqlarının bank faizlərinə daxil edilib-edilməməsi öyrənmək lazımdır. Əks halda, vətəndaş götürdüyü məbləğdən daha çox kredit faizi qaytarmaq məcburiyyətində qalacaq. Bütün bu şərtlərlə tanış olduqdan sonra kredit almaq istəyən şəxs tam qərarını verməlidir. Çünki bəzən kredit müqaviləsində reklamlarda əks etdirilən şərtlərdən fərqli şərtlərlə rast gəlmək mümkündür. Vətəndaş reklamlarda gördüyü şərtlərə aldanaraq gəlir və faizi, aylıq ödənişi çox olan kreditləri götürür”.

İqtisadçı V. Bayramov açıqlamasında faizlərin artırılması məsələsinin kökündə dayanan problemlərə də toxundu: “Banklar komissiya haqqını müəyyən etdikləri zaman praktik olaraq heç bir meyardan istifadə etmirlər. Bəzi banklarda komissiya haqları 2 faizdir, bəzilərində 5 faiz, bəzilərində hətta 7 faizdir. Mənim fikrimcə, Mərkəzi Bank komissiya haqlarını özü müəyyənləşdirməlidir. Məsələn, kommersiya banklarında komissiya haqqı 2 faizdən çox olmamalıdır. Düşünürəm ki, komissiya haqlarının kredit məbləğinə daxil edilməsi, komissiya haqqının faizlərinin hesablanmasına təsir etməsi prosesinin qarşısı alınmalıdır. Məsələn, əgər vətəndaş 10 min manat kredit götürübsə, həmin məbləğə görə 10 faiz komissiya haqqı müəyyənləşdirilibsə, bu, 1000 manat deməkdir. Bu zaman kredit alan şəxs iki sənədə qol çəkməlidir. Birincisi, 10 min manat kredit alması ilə əlaqəli, ikincisi isə 1000 manat komissiya haqqının ödənilməsi ilə bağlı. Sənəd üzərində şəxsə 10 min manat kredit verilir, amma vətəndaşın kredit hesablamaları 11 min manata gəlib çıxır”.

Nərmin Haqverdiyeva

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here