“Komandamız güclü rəqiblərdən xal almalıdır ki, özünə inamı artsın”

634

“Milli komandamızın maraqlı oyunların keçiriləcəyi qrupda yer aldığını düşünürəm”. Bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev deyib.
DÇ-2018 seçmə mərhələ püşkatmasının nəticələrini şərh edən Rövnəq Abdullayev Azərbaycan millisi ilə bir qrupda yer almış komandalar haqqında fikirlərini bildirib: “San-Marino yığmasının digər rəqiblərimizlə müqayisədə ən aşağı reytinqə sahib olduğu məlumdur. Şimali İrlandiya yığması ilə ötən seçmə mərhələdə qarşılaşmışıq, Norveç komandası ilə hazırkı seçmə mərhələdə artıq iki oyun keçirmişik və bu komandaları yaxın keçmişin tanış rəqibləri adlandıra bilərik. Çexiya yığması son dövrlərdə çox yüksək nəticələrə nail olmasa da, müxtəlif vaxtlarda bu komandanın mötəbər turnirlərdə gözəl oyunlarını izləmişik. Son dünya çempionatının qalibi olmuş Almaniya milli komandası barədə hər hansı xüsusi fikir bildirməyə ehtiyac duyulmadığını düşünürəm. Ümidvaram ki, millimiz dünya çempionatının seçmə mərhələsində əldə etdiyi nəticələrlə azarkeşlərə sevinc bəxş edəcək”.

Millimiz C qrupunda mübarizə aparacaq
Məlumat üçün bildirək ki, Rusiyanın Sankt-Peterburq şəhərindəki Konstantinovski sarayında 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. Püşkün nəticəsinə əsasən, DÇ-2018-in final mərhələsinə vəsiqə qazanmaq uğrunda Azərbaycan milli komandası Almaniya, Çexiya, Şimali İrlandiya, Norveç, San-Marinodan ibarət C qrupunda mübarizə aparacaq.
Azərbaycan milli komandasının keçirəcəyi oyunların təqvimi isə belədir:
2016-cı il
4 sentyabr
Saat 21:00. San Marino – Azərbaycan
8 oktyabr
Saat 21:00. Azərbaycan – Norveç
11 oktyabr
Saat 23:45. Çexiya – Azərbaycan
11 noyabr
Saat 23:45. Şimali İrlandiya – Azərbaycan

2017-ci il
26 mart
Saat 21:00. Azərbaycan – Almaniya
10 iyun
Saat 21:00. Azərbaycan – Şimaliİrlandiya

1 sentyabr
Saat 23:45. Norveç – Azərbaycan
4 sentyabr
Saat 21:00. Azərbaycan – San Marino
5 oktyabr
Saat 21:00. Azərbaycan – Çexiya
8 oktyabr
Saat 23:45. Almaniya – Azərbaycan

Qeyd: Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.

Dördü tanış, biri yad
apasport.az-ın məlumatına görə, yığmamız bu komandalardan 4-ü ilə əvvəllər görüşüb. Bunlardan 3-ü ilə qarşılaşmalar seçmə mərhələlər çərçivəsində olub.
Son dünya çempionu olan Almaniya ilə bu ölkədən olan baş məşqçi Berti Foqtsun dövründə 4 dəfə üz-üzə gəlmişik. Ardıcıl iki seçmə mərhələdə baş tutan qarşılaşmalarda 2 qol vurub, 15-ni buraxan komandamız 4 məğlubiyyətin ikisində böyük hesabla uduzmuşdu.
İlk dəfə seçmə mərhələdə Çexiya millisi ilə seçmə mərhələlərdə qarşılaşmamışıq. Lakin elə Foqtsun dövründə bu yığma ilə beynəlxalq turnirdə üz-üzə gəlmişik. BƏƏ-də təşkil olunan matçda komandamız gözlənilməz qələbəylə özündən söz etdirmişdi.
Münasib rəqib ardıcıl 4 DÇ-nın 3-nün seçmə mərhələsində şimali irlandiyalılar millimizə rəqib olur. Böyük Britaniya təmsilçisi ilə əvvəlki iki tsikldə oxşar ssenari yaşanıb. İlk oyunda heç-heçə qeydə alınıb, ikinci oyunda meydan sahibləri 2:0 hesabı ilə sevinib. Birinci halda Şimali İrlandiya, ikincidə millimiz meydan sahibi kimi qalib gəlib. Bu duellərdə göstəricilər eyni olsa da, yığmamız səfərdə qol vurub.
İkiqat rəqib Norveçlə də Almaniya və Şimali İrlandiya kimi 5-ci dəfə üz-üzə gələcəyik. Lakin fərq ondadır ki, skandinaviyalılar hazırda davam edən AVRO-2016-nın seçmə mərhələsində də rəqibimizdir. Onlarla ilk 3 oyunda qol vurmadan uduzmuşuqsa, son Oslo səfəri heç-heçəylə nəticələnib. Lakin şimallılara hələ də qol vurmamışıq.
Digər rəqiblərimizdən fərqli San-Marino ilə ilk dəfə görüşəcəyik. Avropanın ən zəifi sayılan bu komandayla nəinki seçmə, heç yoxlama matçlarında da qarşılaşmamışıq.

“İstək olan yerdə nə isə əldə etmək olar”
“İstərdim ki, qrupda millimizə əsas rəqib İspaniya olsun. Amma püşk Almaniyanı çıxardı. Bununla belə, Fransa, Hollandiya və İsveç kimi ölkələrin yer aldığı qrupa düşməkdənsə, hazırkı qrup daha əlverişlidir”. Bunu sportnet.az-a açıqlamasında AFFA Məşqçilər Şurasının üzvü və Azərbaycan milli komandasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.
Almaniyanın gücünün hamıya bəlli olduğunu deyən təcrübəli mütəxəssis Norveçin AVRO-2016-nın, Şimali İrlandiyanın isə DÇ-2014-ün seçmə mərhələsində millimizlə eyni qrupda yer aldıqlarını xatırladıb. O bildirib ki, 2009-cu ilin noyabrında Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş turnirdə yığmamızın Çexiyaya 2:0 hesabı ilə qalib gəlməsi bu rəqibin yenə eyni təsiri bağışlayacağı anlamına gəlməməlidir.
Bununla belə, Mircavadovun sözlərinə görə, komandamız belə güclü rəqiblərdən xal almalıdır ki, özünə inamı artsın: “Qrupumuzdakı komandaların hamısı mübarizdir. Onları yaxşı analiz edərək, vuruşmaq lazımdır. Növbəti seçmə tsiklədək mübariz komanda formalaşdırılmalıdır. Elə bir komanda ki, bu yaxınlarda Norveçlə heç-heçə etdiyi oyundakı kimi çıxış etsin. İstək olan yerdə nə isə əldə etmək olar. 2004-cü ildə kim inanardı ki, Yunanıstan Avropa çempionu olacaq? Amma oyunları, xarakterləri və nizam-intizamları ilə qalib oldular. Biz də bu xüsusiyyətlərimizlə qalib ola bilərik. Ona görə çox işləməli, birgə fəaliyyət göstərməliyik”.