“Komandalar arasında böyük rəqabətin olması qaçılmaz olacaq”

584
Premyer Liqada mübarizə aparan 9 klubdan 6-sı qış fasiləsində təlim-məşq toplanışını qardaş ölkənin Antalya şəhərində keçirdi. AZAL, “Sumqayıt” və “Bakı” isə Bakıda “düşərgə” saldı. Məşqçilər Komitəsinin (MK) üzvləri və milli komandamızın baş məşqçisi Robert Prosineçki də komandaların hazırlıq prosesini izləmək üçün Antalyaya getmişdilər. Ümumilikdə 38 günlük fasilə zamanı komandalarımızın Antalyada keçirdikləri toplanışlar, yoxlama matçları və digər məsələlərlə bağlı MK-nin sədri Vaqif Sadıqov “Çempion” qəzetinə açıqlamalar verdi.
Sadıqovun sözlərinə görə, klublar Antalyada peşəkar toplanış keçdilər: “Biz orada tək oyunları yox, məşq proseslərini də izləyirdik. Tam əminliklə deyə bilərəm ki, klubların hamsı işə peşəkarlıqla yanaşırlar. Bunun nəticəsində də, Premyer Liqamızın üçüncü dövrəsində bizi gərgin mübarizələr gözləyir. Düzdür, komandalarımızdan 3-ü Antalyaya getməmişdi. Ancaq orada olan bütün komandalar çox ciddi hazırlıq prosesi keçdilər. “Qarabağ”dan tutmuş, bu gün demək olar ki, strategiyasını dəyişən “Xəzər Lənkəran”a qədər hər bir kollektiv yüksək səviyyəli təlim-məşq toplanışı keçdilər.

“Xəzər Lənkəran”

“Xəzər Lənkəran”da əhval-ruhiyyənin yaxşı olmasına diqqət çəkən Vaqif müəllimin sözlərinə görə, komandada bu qədər dəyişikliklər olmasına baxmayaraq, yeni heyət istəkli və mübariz futbolçulardan təşkil olunub: “Mən hesab edirəm ki, motivasiya, istək və mübarizlik baxımından, komanda irəliyə doğru addım atıb. Ola bilər ki, müəyyən mənada səviyyə nəyəsə imkan vermir, lakin komandanın bu problemləri də zamanla həll edəcəyinə inanıram. Düşünürəm ki, klub öz formasını bərpa edir və öz iddiasını ortaya qoycağına şüphəm yoxdur”.

“Qəbələ”

“Qəbələ”də baş məşqçi dəyişikliyi ilə təzə futbolçuların gəlməsinin komandaya yeni ab-hava gətirməsindən danışan Sadıqov bildirdi ki, komanda orijınal bir oyun modeli və fəlsəfəsi həyata keçirməyə çalışır: “Komanda da yeni ruh hiss olunur, görünür. İnanıram ki, üçüncü dövrədə  tamamilə başqa “Qəbələ”görəcəyik. Bütün bunlar müsbət dəyişikliklərdir. Fikrimcə, belə ruh yüksəkliyi ümumilikdə futbolumuza çox şey qazandıracaq”.

“İnter”

Çox yaxşı təsir bağışlayan klublardan birinin də “İnter” olduğunu bildirən Məşqçilər Komitəsinin sədri, qeyd etdi ki, komanda güclü rəqiblərlə qarşılaşdı və bu oyunlarda inamlı təsirbağışladı: “İnter” nəticə verə bilən bir kollektivdir. Bu komanda da yüksək səviyyəli hazırlıq prosesi keçirdi. Bütün bunlar təbii ki, bizi sevindirməyə bilməz. İnanıram ki, “İnter” çempionatda öz sözünü deyəcək”.

“Simurq”

“Simurq”un hazırlıq prosesindən razı qaldığını bildirən Sadıqovun sözlərinə görə, komanda öz oyun üslubunu qoruyub saxlaya bilir: “Heyətə yeni futbolçular cəlb olunlmasına baxmayaraq, komanda öz üslubu qoruyub saxlayıb. Kollektiv oyuna üstünlük verən bir heyəti var. Çox yüksək səviyyədə təlim-məşq prosesi keçdilər. Bu komandanın sürəti və mübarizliyini qarşıdakı turlarda da görəcəyik. “Simurq” Premyer Liqada yuxarı yerlər uğrunda mübarizə apara bilən kollektivdir. Buna süphə olmasın”.

“Neftçi”

Yeni futbolçuların gəlməsi ilə “Neftçi”də rəqabətin yarandığını qeyd edən milli komandamızın sabiq baş məşqçisinin sözlərinə görə, heyətdəki yerli və xarici futbolçuların hər biri öz mövqeyi üğrunda güclü mübarizə aparır: “Komanda məşqlərini arzuolunan səviyyədə keçirdi. Canlı şahidi olduq ki, hər bir futbolçu yüksək əhval-ruhiyyə və istəklə məşqlərini davam etdirirlər. Oyunçular özlərini sübut etmək üçün var gücləri ilə çalışırdılar. Bütün bunların, ümumilikdə futbolumuzun inkişafına kömək edəcəyi şübhəsizdir. Çempionatın oyunları zamanı “Neftçi”də ciddi rəqabət hiss edəcəyik”.

“Qarabağ”

Ağdam klubu haqda da eyni sözləri deyən Sadıqov qeyd etdi ki, bu kollektiv hər yoxlama matçında futbolçuları fərqli ampulalarda yoxlayırdı: “Qarabağ”ın bizi Avroliqada sevindirməsi və yüksək səviyyədə mübarizə aparması təsadüfi deyil. Həqiqətən də komanda da çox yaxşı sistem qurulub. Bunu məşq zamanı hiss etmək mümkün olur. Digər komandaların da yaxşı hazırlıq keçməsi “Qarabağ” üçün rəqabət mühiti formalaşdırır. Bütün bunların nəticəsində çempionatımızda maraqlı və baxımlı oyunlar izləyəcəyik”.

“Bizim üçün yaradılan şərait yüksək səviyyədə idi”

Çempionatın qarşıdakı mərhələsi barədə danışan Vaqif Sadıqov: “Düzdür çempionatda komandaların sayı azdır. Lakin biz yaxşı mübarizə apara bilən komandalar görəcəyik. Avro Liqada mübarizə aparmaq uğrunda komandalar arasında böyük rəqabətin olması qaçılmaz olacaq. İnanıram ki, bu qəqabətdə ən layiqlilər öz yerlərini tutacaqlar. Və bu kollektivlərdən layiqli futbolçularda milliyə dəvət alacaq”,- dedi.

Məşqçilər Komitəsinin Antalya toplanışından razı qaldığını bildirən Sadıqov toplanış üçün yaradılan şəraitin də yüksək səviyyədə olduğunu bildirdi: “Bizim üçün yaradılan şərait işlərmizin məhsuldar alınmasına kömək etdi. Klublarla Məşqçilər Komitəsinin üzvləri arasında gözəl münasibət yaranıb. İstər baş məşqçilər, istərsə də klub prezidentləri ilə mütəmadi görüşürdük, məsləhətləşirdik, onlar bizi diqqətlə dinləyərək qəbul edirdilər. Bu görüşlər çox faydalı oldu. Belə demək mümkünsə, hansısa bir problemin həlli üçün məsələhətləşmələrin olmsı çox yaxşı haldır. Bu addımlar mütləq gələcəkdə Azərbaycan futbolunun inkişafına öz tövfəsini verəcək”.

“MK uşaq futboluna hər zaman vaxt ayırır”

Məşqçilər Komitəsi təkcə əsas milli komanda üçün futbolçu seçimi ilə yox, həm də aşağı yaş qruplarının fəaliyyətini də izləyirlər. Sadıqovun sözlərinə görə, onların işi təkcə əsas milli komanda ilə məhdudlaşmır: “Aşağı yaş qrupunun məşqçiləri ilə də görüşdük. Həmçinin bu komandaların üzvləri ilə görüşdük. Bir neçə dəfə oyunlarını izlədik. Deyə bilərəm ki, ən çox fikir verdiyimiz işlərdən biri də uşaq futboludur. Ona görə ki, bizim gələcəyimiz sırf bu uşaqlarımızdadır. Məşqçilər Komitəsi uşaq futboluna hər zaman vaxt ayıracaq. Uşaqlarla görüşlərdə də onlara ümidimiz olduqlarını söylədik. Bu gün AFFA tərəfindən aşağı yaş qruplarına yaxşı şərait yaradılıb. Hətta uşaqlarla söhbətimiz zamanı əvvəlki vaxtlarla indiki vaxtları müqayisə etdik. Mən milli komandaya başçılıq etdiyim dönəmlərdə əsas milli komanda ilə ildə bir-iki dəfə xaricdə təlim-məşq toplanışı keçirirdiksə, indiki aşağı yaş qrupunda olan futolçularımız ayda bir dəfə ya məşq üçün, ya da yoxlama oyunu üçün ölkə xaricində olurlar. Bütün bunlar çox müsbət dəyişikliklərdir. Bu diqqət və qayğı mütləq öz bəhrəsini verməlidir.”

“Biz milli komandaya namizəd seçən deyilik”

Antalya toplanışını çox səmərəli hesab edən MK sədri Prosineçki ilə görüşləri barədə danışarkən bildirdi ki, MK həmişə öz tövsiyələrini verməyə hazırdır: “Prosineçki ilə fikir mübadiləmiz davamlı olurdu. Bu həmişə davam edəcək. Bəzən bizim fəaliyyətimiz barədə yanlış məlumatlar yayılır, biz milli komandaya namizəd seçən deyilik. Sadəcə olaraq, bizə nə vaxtsa ehtiyac varsa, yəni təcrübəmizdən istifadə etmək istəyən olarsa, biz həmişə hazırıq. Bunu görüşlərimizdə Robert Prosineçkiyə deyirik. Bizim ümumi işimiz Azərbaycan futbolunu inkişaf etdirməkdir. Bu işdə bizə nə lazımdırsa, onu etmək üçün bütün qüvvəmizi səfərbər etməliyik. Onu da qeyd edim ki, milli komandamızın baş məşqçisi bu hazırlıq proseslərindən razı qaldığını, yığma komandaya namizədlərdən məmnun olduğunu bildirdi. Biz bu məsələdə məsləhət vermirik, çünki baş məşqçi özü seçim edir, kimləri seçəcəksə, onların yaxşı olacağına inanıram. Biz peşəkar məşqçi kimi bir çox məsələni qeyd edirik, nəzərimizdə saxlayırıq. Hər zaman öz köməyimizi etməyə hazırırıq”.

Rasim Məmmədli