“Komanda qol vəziyəti yaradırsa…”

Birinci dəstə çempionatının 24-cü həftəsi geridə qaldı. Qarşıdakı 25-ci turda aralarında 5 xal fərq olan turnir cədvəlinin liderləri “Rəvan” və “Neftçala” qarşılaşması keçiriləcək. Baxımlı oyun nümayiş etdirən I Divizion komandalarının bəzi baş məşqçilərinin fikirlərini təqdim edirik.
“Bizim kimi texniki komandayla oynamaq üçün güc lazımdı”

Kamal Quliyev (”Neftçala” klubunun baş məşqçisi): “Bizim hər oyunda qol epizodlarımız yetərincə çox olur, sadəcə bundan yararlana bilmirik. Yenə deyirəm “Bakılı” hər komanda üçün baş ağrısı ola biləcək bir komandadır. İlk dövrədə bizim “Bakılı” klubu ilə oyunumuz  ağır keçdi. Həmin matçı 4-cü stadion olan Şəfada keçirdik. Sona 10 dəqiqə qalmış 2 top vuraraq nəticəni xeyirimizə çevirə bildik. Artıq çempionatın axrına yaxınlaşırıq. Belə deyək komandalar bir ilin nəticəsində işini yaxşı qurubsa, hazırlığı yaxşı keçibsə bu çempionatın sonunda özünü göstərir. İstər fiziki cəhətdən futbolçuların meydançada hərəkətləri, istərsədə digər cəhətlərdən bu özünü bildirir. “Bakılı” klubu ilk hissədə yetərincə müqavimət göstərə bildi. Birinci qolu biz ilk hissənin sonunda vurduq. Amma çox təəssüf ki, ikinci hissədə “Bakılı”nı meydançada görə bilmədik. Futbolçuların fiziki gücləri tükənmişidi, belə deyim ilk hissədəki kimi deyildi komanda. Bizim kimi texniki komandayla oynamaq üçün güc lazımdı. Biz hər dəfə hücüm etdikcə bu hücumun kəsərini kəsmək üçün rəqib futbolçularada güc, enerji lazımdı. Biz əvvəlki, oyunumuzdan fərqli olaraq bu görüşdə yaratdığımız maksimum qol epizodlarından istifadə edə bildik. Düşünürəm ki, hesabda oyuna görə oldu. Birinci hissə hardasa, komanda müqavimət gördü. Bu görüşdə bizim komandanın əsas heyətinin 5 üzvü oynamırdı. Bir futbolçumuz kart cəzalısı idi, iki futbolçumuz zədələli, digər iki futbolçumuz isə sarı kart limitinə yaxınlaşdığı üçün bu oyunda risk etməyərək “Rəvan”la görüşə saxladıq. “Rəvan”la görüşümüzdə çox maraqlı keçəcək. Bu qarşılaşma birinci divizionun iki lider komandalarının görüşüdü. Baxmayaraq turun bitməsinə 6 oyun var. Son turdan sonra xal fərqi 5-ə yüksəldi. Mənə elə gəlir ki, bu 5 xal elədə böyük bir fərq deyil. Mən bütün müsahibələrimdə də demişəm, hər bir komandaya hörmətlə yanaşırıq. İstər güclü olsun, istərsə də zəif. Ümumiyyətlə zəif komanda yoxdur. Zəif komanda oyununu qoyaq bir kənara. Komanda hücum edib qol vəziyəti yaradırsa bu o deməkdir ki, komanda zəif deyil. Bu həftə oynayacağımız “Rəvan”la görüşədə normal həftəlik planımıza uyğun olaraq hazırlaşırıq. Yəni əlavə heç bir yüklənmə olmur. Digər komandalara necə hazırlaşırdıqsa bu görüşədə elə hazırlaşırıq. Sadəcə bu görüşdə futbolçuların istər pisxoloji, istərsədə fiziki hazırlıqlarına diqqət yetirmək lazımdı. Birdə görürsüz ki, bu cür qarşılaşmalarda komanda psixoloji olaraq sına bilər. Bu oyun hamı üçün bir bayram kimi gözlənilir. Matça gəlib izləyə bilməyən azarkeşlər ekran qarşısından canlı olaraq izləyə biləcəklər. Çox istərdim ki, bu oyunda ədalət prinsipləri öz yerində olsun. İnşallah ki, kim güclüdürsə oda qalib gəlsin. Hər iki komandaya uğurlar arzulayıram”

“Əgər imkanım olsaydı  oyuna görə futbolçularımı mükafatlandırardım”

Nadir Qasımov (“Şuşa Qarabağ” klubunun baş məşqçisi): “Zirə” ilə oyun bizim üçün çox ağır keçdi. Hər iki komanda bir-biri üçün çox yaxşı hazırlaşmışdılar. Məşqçilər şurasının oyunda iştirak eləməsi özüdə futbolçular üçün təkan idi. Hər bir futbolçu istəyirdi ki, fərdi oyununu görsətsin. Düzdü birinci qolu qonaq komanda vurdu. Amma hamının fikri belə oldu ki, biz daha yaxşı oyun görsətdik. Əgər xal itirsəydik heyfslənərdik ki, “Şuşa” komandası bu cür oyunla xal itirdi. Bu fikirlər ora yığışmış məşqşilər şurasının fikirləri idi. Həm taktiki, həm fiziki gedişlərlə komanda özünü tam göstərdi və istədiyinə nail oldu. Komanda 0:1 geridən gələrək qalib oldu. Məndə tam razı qaldım. Əgər imkanım olsaydı həmin oyuna görə futbolçularımı mükafatlandırardım. Ancaq bilirsiniz ki, bizim imkanlarımız çox məhduddur. Komandadan tam razı qaldım. Yavaş- yavaş özlərinə gəlirlər amma yenə deyirəm bu da müvəqqətidi. Çünki bizim qeyri-stabil məşqlərimiz, futbolçuların tam yüklənməməsi özünü biruzə verir. Belə deyək, qorxa-qorxa iş görürük. Əfsuslar olsun ki, bu günləri bu komandaya Şuşa rəhbərliyindən heç kim yaxınlaşmaq istəmir. İmkanlı şuşalılardan heçkim köməklik göstərmir. Hazırda bizdən yuxarıda maliyyə cəhətdən qat-qat yüksək olan komandalar durur. Ancaq bizim oyun sərgiləməyimiz heç bir komandadan geri qalmır. Yuxarıdı ki, aşağı deyil. Hal-hazırda “Göyəzən”lə oyuna hazırlaşırıq. Ümimiyyətlə çalışacağıq ki, turun sonunda yüksək pillələrdə qərarlaşaq”.

“Məqsədimiz futbolu gözəlləşdirməkdir”

Səlahəddin Dərvənd (”Turan Tovuz”un baş məşqçisi): “Kəpəz”lə gözəl bir oyun oldu. Lehimizə qurtarması bizi daha çox sevindirdi. Rəqibimizdə gözəl futbol oynadı, onların oyununu da alqışlayıram. İlk hissədə yalnız bizim qol epizodlarımız oldu. Rəqib ikinci hissənin 55-ci dəqiqəsindən 69-cu qəqiqəsinə kimi çox yaxşı oynayaraq 3 top vurdular. Biz də kənardan oyuna müdaxilə edərək lehimizə çevirə bildik. Meydançada olan futbolçularım əllərindən gələni etdilər. “Turan” klubu, Tovuz şəhəri olaraq azarkeşlərə həm gözəl həyəcanlı bir futbol izlətdirdik, həm də dediyim kimi qalib gəldiyimiz üçün sevindirici oldu. Bu həftə doğma meydançamızda MOİK klubunu qonaq edəcəyik. Həmin görüşə ciddi hazırlaşıb 3 xal qazanmaq istəyirik. Amma heç bir matç oynanmadan qalib gəlmək olmur. Çıxıb meydanda var olan gücümüzü rəqibə göstərəcəyik. Komanda tam heyətlə çalışır, heç bir zədəli və ya kart cəzalısı yoxdur. Bizim birinci dərəcəli məqsədimiz futbolu gözəlləşdirmək, futbol üçün yaxşı işlər görməkdir. Tovuzun yetirmələrinə bol şans verməyə çalışırıq. İmkanlarımız daxilində Azərbaycan futbolu adına bunu etməyə çalışırıq.

Mərdan Qurbanov