“Kollektivimiz Azərbaycanı özlərinin Vətəni hesab edirlər”.

473

Bu mənim Qax rayonuna ilk gəlişimdir. Sanki cənnətə düşmüşəm. Gözəl şəhəriniz var. Böyük məmnuniyyətlə bu şəhərdə yaşayardım. Çox şadam ki, Qəbələ festivalının növbəti konsertini burada keçirməyə müvəffəq olduq.
Bu sözləri VI Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbərlərindən biri, dünya şöhrətli violençel ustası, Ukraynanın məşhur “Kiyev Solistləri” Kamera Orkestrinin musiqi rəhbəri Dmirti Yablonski festival çərçivəsində Qax şəhərində keçirilən səyyar konsert zamanı jurnalistlərə müsahibəsində deyib.
Bura öz ailəsi – “Kiyev Solistləri” Kamera Orkestri ilə birlikdə gəldiyini vurğulayan Dmitri Yablonski bu təklifə və dəvətə görə festivalın bədii rəhbərlərindən olan Xalq Artisti Fərhad Bədəlbəyliyə, eləcə də yerli icra strukturunun rəhbərliyinə minnətdarlığını bildirib. Kollektivin rəhbəri deyib: “Festivalın keçirilməsinə göstərdiyi yüksək diqqət və qayğıya, dəstəyə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, eləcə də Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığımı bildirirəm. Musiqi dəyərlərinin qarşılıqlı mübadiləsinin nəticəsidir ki, rəhbərlik etdiyim kollektivin üzvləri Azərbaycanı artıq özlərinin Vətəni hesab edirlər”.