Kollecdə “Xocalı Soyqırımı bəşəri cinayətdir” konfransı keçirilib

0
220

Mingəçevir Turizm Kollecində “Xocalı Soyqırımı bəşəri cinayətdir” adlı konfrans keçirilib. Konfrans iştirakçıları öncə geniş tərkibdə Şəhidlər Xiyabanı Xatirə Kompleksində Xocalı Soyqırımının növbəti ildönmü münasibətilə keçirilən  ümumşəhər anım tədbirinə qatılıblar. Kollecin pedaqoq və tələbələri  burada “Azərbaycanlıların  Soyqırımı və deportasiyası qurbanları”   abidəsini ziyarət edərək abidə önünə çiçək dəstələri düzüblər. Ardınca kollektiv   Mingəçevir Dövlət Dram Teatrında “Xocalı harayı “ mövzusunda təşkil olunan sərgiyə və “Xoca” bədi filminə baxış keçirib.

Daha sonra   Mingəçevir Turizm Kolleci kollektivinin fəal  iştirakı ilə yadda qalan anım tədbirləri təhsil müəssisəsində davam etdirilib.

“Xocalı Soyqırımı  bəşəri cinayətdir” adlı konfransda fəal müzakirələr başlayıb. Soyqırım qurbanları bir dəqiqəlik xatirə sükutu ilə  yad edildikdən sonra çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru, professor Əyyub Əyyubov   əsrlər boyu bədnam ermənilər və beynəlxalq himayədarları tərəfindən Azərbaycan xalqının başına gətirilən zülm, qətliam və digər ağır cinayətlər barədə ətraflı məlumat verib:

“Xalqımızın başına gətirilən faciələr sadalanmaqla bitən deyil. Bununla belə Xocalı  soyqırımı  faciələrin ən dəhşətlisi kimi tarixiləşib. Hamilə qadınların  doğulmamış körpəsi ilə birgə çarmıxa çəkilməsi, azyaşlı uşağın dərisinin diri-diri soyulması və digər qorxunc faktlar Xocalı sakinlərinə ermənilər və havadarları tərəfindən yaşadılan dəhşətlərin bariz göstəricisidir. Bu səbəbdən də Xocalı soyqırımı  milli status  deyil, bəşəri  önəm daşıyır. Belə ki, ermənilərin Xocalıda törətdiyi qətliam insanlıq və ümumən bəşər övladına qarşı törədilmiş ağır cinayət sayılır. Artıq dünyanın əksər dövlətləri  bu faciəni soqırım kimi tanıyıb və qatilləri lənətləyir. Heç şübhəsiz hadisələrin hüquqi siyasi qiymət almasında və dünyaya təqdim olunmasında ümummilli lider Heydər Əliyevin  böyük xidmətləri olub. O zamandan etibarən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət qurumları, xüsusi ilə də Heydər Əliyev Fondu  misilsiz təşviqat  prosesi həyata keçirir.

Əyyub Əyyubov daha sonra Azərbaycanın dinamik olaraq artan iqtisadi və hərbi gücündən danışaraq regionun lider  və ümumən avropanın qabaqcıl məmləkətlərindən birinə çevrildiyini bildirib. Əlavə edib ki, bir gün Azərbaycan itirilmiş torpaqlarının iradəsinin və ordusunun gücü ilə geri aldığı zaman  şəhidlərimizin ruhu əbədi  rahatlıq tapacaq.

Ardınca konfrasın digər məruzəçiləri dinlənilib. Pedaqoq Kifayət Əliyeva  və tələbə Arzu Rüstəmova müvafiq olaraq “Vətən həsrətli Xocalı harayı” və  “Xocalı soyqırımı təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı  törədilən ən qəddar cinayətdir“ mövzularında çıxış edib. Konfrans maraqlı dialoq şəklində yekunlaşıb.

Sonda tələbə özfəaliyyət qrupu fəalları tərəfindən ədəbi-bədii kompozisiya nümayiş olunub.

Qeyd edək ki, ümumən Xocalı soyqırımı Mingəçevir Turizm Kollecində  silsilə tədbirlərlə anılıb. Tələbələr arasında inşa yazı və rəsm müsabiqələri keçirilib, dəyrimi masa ətrafında dialoqlar qurulub və facədən bəhs edən filmlərə baxış keçirilib.

Esmira Hidayətova, Mingəçevir