Mingəçevir Turizm Kolleci regional turizmin inkişafı ilə bağlı növbəti aktual elmi-nəzəri konfransa ev sahibliyi edib. “Azərbaycanda regional turizmin inkişafında yeni strategiyalar” adlı konfransın işində Mingəçevir şəhər İcra Hakimiyyəti, Mingəçevir Turizm Kolleci, Goranboy, Yevlax,Bərdə rayonları və Naftalan şəhəri ərazisində yerləşən müasir otel və kurort sanatoriya komplekslərinin səlahiyyətli nümayəndələri, eləcə də ekspert mütəxəssislər və çox sayda KİV nümayəndəsi iştirak edib.
Öncə konfrans iştirakçıları tələbələrin əl işlərindən ibarət sərgiyə baxış keçirib. Sərgidə Azərbaycan turizminin özəlliklərindən bəhs edən sənət nümunələri ziyarətçilərin qəlbində xoş təəsürat oyadıb.
Konfransda çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov tədbirin müzakirəsinə çıxarılmış mövzunun aktuallığından danışıb. Qeyd edib ki, bu gün dövlət səviyyəsində aparılan davamlı və məqsədyönlü fəaliyyət nəticəsində Azərbaycan dünyanın ən cəzbedici turizm məmləkətlərindən birinə çevrilib. Turizmin İnkişafına Dair Strateji Yol Xəritəsi və ondan irəli gələn vəzifələr turizmin, xüsusi ilə də regional turizmin inkişafında maraqlı olan tərəflərə yeni imkanlar açıb: “Hesab edirəm ki, biz yaranmış imkanlardan maksimum faydalanmağa çalışmalıyıq. Bunun üçün belə müzakirələrə böyük ehtiyac var. Çünki bu konfransda turizm xidməti göstərən və xidmət səviyyəsini yüksəltməkdə maraqlı olan şirkətlər turizm sahəsi üçün peşəkar kadr hazırlığı missiyasını həyata keçirən təhsil müəssisəsi təmsilçiləri ilə bir məqsəd naminə eyni masa ətrafında əyləşib. Regional turizmin əsas özəlliyi, diqqətdən kənarda qalmış turizm sahələrinin dirçəlişi, müasir xidmət səviyyəsinin yüksəldilməsinə təkan verə biləcək addımlar, işəgötürənlərin tələbinə uyğun kadr hazırlığının həyata keçirilməsi və digər oxşar məsələlərin müzakirə edilməsi və həll yollarının tapılması konfransın əsas məqsədidir. Fikrimcə, aparılacaq müzakirələr son nəticədə regional turizmin inkişafına dəyərli bir töfhə olacaq”.
Professor Əyyub Əyyubov eyni zamanda rəhbərlik etdiyi təhsil müəssisəsinin kadr hazırlığında əldə etdiyi uğurlardan danışıb. İndiyədək 14 ixtisas üzrə təhsil almış 7000-dən çox məzunun hazırda turizm sənayesində çalışaqraq ümumi inkişafa töfhə verdiyini bildirib.
Daha sonra çıxş edən Mingəçevir şəhər İcra Hakimiyyəti nümayəndəsi Sahib Əliyev Mingəçevir şəhər rəhbərliyi adından konfransın işinə uğurlar arzulayıb. Sahib Əliyev regional turizm məsələlərinə dair aktual müzakirələrə təşəbbüs göstərərək təşkilatçılıq edən Mingəçevir Turizm Kollecinin kollektivinə təşəkkürlərini çatdırıb.
Ardınca konfransın biri-birindən məzmunlu məruzələri dinlənilib. Kollecin “Turizm və Otelçilik” şöbəsinin müdiri Aynurə Abbasova, pedaqoqlar Elşad Səmədov, İqbal Xudiyev və Vüqar Nağıyev müvafiq olaraq “Azərbaycanda regional turizmin davamlı inkişaf prioritetləri”, ”Regional iqtisadi inkişafda turizm amili və regional turizmin davamlı inkişaf problemləri”, ”Azərbaycanın regionlarında turizmin inkişaf perspektivləri” və “Mədəniyyətlərarası kommunikasiyanın inkişafında turizmin rolu” mövzularında əhatəli məruzələrlə çıxış edib.
Səslənən fikirlər, açıqlanan rəsmi məlumatlar və qaldırılan problemlər konfrans iştirakçıları arasında fəal müzakirələrə yol açıb. “Gülüstan” otelinin direktor müavini Namiq Məmmədov, “Şahin” otelinin administratoru Mirazər Orucov, “Prinse” otelinin direktor müavini İlqar Qarayev, “Günəş” otelinin administratoru Samir Novruzov, “Sahil”otelinin meneceri Maqsud Süleymanov, ” Kainat “ otelinin administratoru Elnur Məmmədov , “Qaşaltı” sanatoriyasının şöbə müdiri Mədəd Qasımov, “Qaşaltı” sanatoriyasının direktor köməkçisi Qoca İsmayılov və “Çinar” otelinin şöbə müdiri Anar Əhmədov regional turizmin mövcud problemləri, inkişaf dinamikası, zəruri ehtiyacları və qarşıda duran başlıca vəzifələri barədə düşüncələrini paylaşıb. Goranboy, Bərdə, Yevlax rayonlarını və Naftalan şəhərini təmsil edən dialoq iştirakçıları konkret təkliflərini açıqlayıb. Onlar kadrlara böyük ehtiyac duyduqlarını, kadrlarda xarici dil vərdişlərinin vacibliyi, təhsil müəssisələri ilə turizm şirkətləri arasında əməkdaşlığın perspektivləri və digər önəmli məsələlər barədə müzakirələr aparıb. Tədbirdə həmçinin Mingəçevir Gənclər və İdman idarəsinin, Mingəçevir Bələdiyyəsinin, “Mingəçevir” qəzetinin, “Ağsüaray” və “River Side” otellərinin, şəhər veteranlar şurasının, şəhər dram teatrının və digər qurumların təmsilçiləri çıxış edərək maraqlı təkliflər irəli sürüb.
Konfransa yekun vuran professor Əyyub Əyyubov çox maraqlı tədbirin şahidi və iştirakçıları olduqlarını vurğulayıb. Əyyub Əyyubov onu da qeyd edib ki, qabaqcıl təhsil müəssisəsi olaraq rəhbərlik etdiyi kollektiv turizmin inkişaf dinamikası ilə ayaqlaşmaq üçün bütün imkanlardan istifad etməyə çalışır: “Artıq yeni tədris ilindən etibarən kollecimizdə “Rekreasiya İdman Sağlamlıq Turizmi” ixtisaı üzrə mütəxəssis hazırlığına başlanacaq. Biz kollektivin gücü ilə hazırda analoji mövzuda yeni dərs vəsaitinin hazırlıqları və metodik vasitələr üzərində iş aparırıq. Digər bir yenilik odur ki, bu günlərdə kollektivimiz Rusiyanın Sankt-Peterburq şəhərində “Kadr hazırlığı prosesində sosial tərəfdaşlıq amilin rolu” mövzusunda keçirimiş beynəlxalq konfransda iştirak edib. Həmin konfransda turizm sahəsi üçün kadr hazırlığı həyata keçirən Azərbaycan, Rusiya, İtaliya və Finlandiyanın ixtisaslaşmış təhsil müəssisələri və turizm şirkətlərinin nümayəndələri fəal müzakirələr aparıb. Əslində bizim bu günki konfransımız da sosial tərəfdaşlıq münasibətlərinin güclənməsi istiqamətində atılmış növbəti uğurlu addımdır. Biz nə qədər razılaşdırılmış addımlar atıb, əməkdaşlığımızı dərinləşdirsək, bir o qədər ölkə, Kxüsusi ilə də region turizminin inkişafına fayda vermiş olacağıq”.
Konfrans tələbə özfəaliyyət qrupu tərəfindən təqdim olunan musiqili proqramın nümayişi ilə naşa çatıb.
Esmira Hidayətova, Mingəçevir