Köhnə paltarlara ikinci həyat verən xanım

1103

  Elə bir müvəffəq insan yoxdur ki, nailiyyətinin tövfiqini vaxtdan düzgün bəhrələnməyində görməsin. Ziyankar o kəsdir ki, anbaan vaxtını, ömrünü əldən verir. Lakin elə insanlar var ki, vaxtını, yaşam tərzini elə qurur ki, hətta təqaüd yaşından sonra da o vaxtı səmərəli keçirir.  Çəkinmədən deyə bilər ki, Mingəçevirdə yaşayan Validə Əlizadə belələriindəndir.   Validə Əlizadəni şəhərdə hər kəs tanıyır, uzun illər müəllim, məktəb direktoru və digər məsul vəzifələrdə çalışmış xanım, təqaüdə çıxdıqdan sonra boş vaxtlarını səmərəli keçirmək üçün  hazırda qədim tikmə növü olan qurama və digər bu kimi işlərlə məşğuldur.

Zəngin və rəngarəng qurama sənəti Azərbaycanda olduqca qədim ənənələrə malikdir. Elə Validə xanım da kiçik parçaları birləşdirməklə qədim sənəti yaşatmağa çalışır. O, bununla yanaşı müxtəlif üst örtükləri və mətbəx üçün lazım olan tutacaqlar və digər ləvazimatları çox böyük həvəslə hazırlayır.

Validə  xanım Əlizadə deyir ki, bu tikmə növü  məndə çox böyük maraq doğurdu: “Odur ki, balaca parçalara, evdə nəvələrimin köhnə işlənməyən paltarlarına yeni bir həyat vermək qərarına gəldim. Onu da deyim ki, istənilən hər hansı bir işə ürəklə girişəndə onu həvəslə başa vurmaq olur”. Müsahibimiz, həmçinn quramanın insandan həm bacarıq, həm də bədii yaradıcılıq və zəngin təxəyyül tələb etdiyini vurğuladı.

“Üçüncü Bahar” Yaşlılara Dəstək İctimai Birliyinib üzvü olan Validə xanım mütəmadi olaraq onlayn dərslərə qatılır, internet vasitəsi ilə daim  yeniliklərlə maraqlanır: “Nəvələrinə, övladlarına məxsus geyinilməyən cins paltarları lazımsız əşya kimi atmıram. Onlardan material kimi istifadə etməklə fərqli formalı çantalar hazırlayıram. Bununla da əgər belə demək mümkündürsə, köhnə libaslara ikinci həyat verirəm”.

 Validə xanımın sözlərinə görə, hansı yaşda olmağından asılı olmayaraq insan fiziki işlə nə qədər çox məşğul olsa bir o qədər xəstəliklərdən uzaq olur.

Esmira Hidayətova, Mingəçevir