“Köhnə kişi” və yaxud Alpana “Əzgilli dərə”dən su çəkilsəydi…

0
468

    

“Köhnə kişi”lərdən söz düşəndə İsmayıl kişi tez-tez yadıma düşür. Onu da deyim ki, mən köhnə kişilər deyəndə sözünə sadiq, keçmiş milli adət-ənənələri qoruyan və yeni dəyərləri kor-koranə qəbul etməyən kişiləri nəzərdə tuturam. Amma etiraf edim ki, ağır oturub batman gələn, yurd-yuvalarına bu gün də kölgə olan, ağrıya-acıya “uf” deməyən, sinələrini xırman yerinə döndərən, mənsəb hərisləri olmayan belə kişilərdən söz açmaq asan bir iş deyil.

Həyat yolundan fraqmentlər

1923-cü il may ayının 10-da Quba rayonunun Alpan kəndində Hacımurad kişinin ailəsinda dünyaya göz açan İsmayıl Ələskərov kənd məktəbini bitirdikdən sonra Quba Kənd Təsərrüfatı Texnikumuna daxil olub. Lakin Böyük Vətən müharibəsinin başlanması onun da arzularının reallaşmasına imkan verməyib. Belə ki, o, 1942-ci ildə ordu sıralarına cəlb olunub. Bir müddət oxuyandan sonra o, baş serjant rütbəsinə layiq görülüb. Baş serjant kimi döyüşlərə atılan İsmayıl kişinin də olduğu dəstə elə həmin ildə Krımda gedən döyüşlərin birində mühasirəyə düşüb. O, həmin mühasirədən danışanda deyərdi: “Düz on gün mühasirədə qaldıq. Yeməyə heç nə tapılmırdi. Əsgərlər ümidlərini yaxınlıqdakı gölməçələrdə quruldayan qurbağalarda gördülər. İnandırım sizi, o mühasirədə olduğumuz onuncu gün daha həmin gölməçələrdən qurbağa qurultusu eşidilmədi, yəni onların demək olar ki, hamısını yedik”. Həmin mühasirədən salamat qurtaran İsmayıl kişi bu hadisədən sonra döyüşlərin birində mina qəlpəsinə tuş gəlib. O, bir müddət hospitalda müalicə olunub və yenidən ön cəbhəyə yollanıb. Hətta ordu ilə birgə, Polşaya, Macarıstana qədər gedib çıxıb və döyüşlərdəki fədakarlıqlarına görə müxtəlif təltiflərə layiq görülüb.

1946-cı il yanvar ayının 10-da ordu sıralarından tərxis olunan İsmayıl kişi elə  həmin ilin fevralında Alpan kənd orta məktəbinə hərbi müəllim təyin olunub. Lakin o, ixtisası üzrə çalışmağa üstünlük verib. Nəticədə 1946-cı ilin sentyabrından Alpan kənd kolxozuna ixtisası üzrə meyvəçi-aqronum təyin edilib. 1961-ci ildə isə baş aqronomu seçilib. 1980-ci ilədək Alpan kənd Sabir adına meyvəçilik sovxozunda baş aqronom kimi fəaliyyət göstərib. Bu müddətdə onun rəhbərliyi altında sovxozda 500 hektar sahədə yeni bağlar salınıb. 1983-cü ildə təqaüdə çıxmasına baxmayaraq, rəhbərlik onun sovxozdan ayrılmasına razı olmayıb. O, sovxozda  aqronom-entemoloq kimi fəaliyyətini davam etdirib.

 İsmayıl Hacımurad oğlu Ələskərov 2005-ci il 24 sentyabrda haqq dünyasına qovuşub.

Onun torpağa alayı sevgisi olub

İkinci qrup müharibə əlili olan İsmayıl kişi müharibənin acılarını ömrünün sonuna kimi yaşayıb. Bu barədə İsmayıl kişinin böyük oğlu Əməkdar müəllim Ənvər müəllim bizimlə söhbətində belə dedi: “Atamın sinəsində və qolunda qəlpələr vardı. Atam deyərdi ki, o zaman hospitalda müalicə olunarkən həkimlər onları çıxarmağı məsləhət görməyiblər.  Odur ki, elə atam o dünyaya köçəndə də onları özü ilə apardı”.

İsmayıl kişi ilə birgə çalışanlar nəql edirlər ki, o, sənətini sevən bir insan idi. Hətta sahədə şum aparılan vaxt kotanı da özü nizamlayardı. Üstəlik, mexanizatorlara müəyyən tövsiyələr də verərdi. Torpağa isə onun alayı sevgisi olub. İsmayı kişi deyərdi ki, torpağın da dili var, sadəcə onunla dil tapmağı bacarmaq lazımdır. O zamanlar belə belə bir söz də deyərdi: “Torpaq, əgər dilini bilən varsa məhsuldardır”.

Sinəsini müxtəlid təltiflər bəzəyən, ehtiyatda olan kiçik leytenant İsmayıl kişi ictimai işlərdə də fəal olub. Belə ki, rayon səviyyəsində keçirilən əksər tədbirlərdə iştirak edib. 20 ilə yaxın Alpan kəndində  veteranlar təşkilatı və ağsaqqallar şurasına rəhbərlik edib. Amma İsmayıl kişi tək bu yazdıqlarımla yaddaşlarda qalmayıb.

Zəhmi adam basardı

 O, həm də yazının əvvəlində ərz etdiyimiz kimi köhnə kişilərdən olub. Bəli, o bir qədər mühafizəkar idi. Bu mənada onu “Böyük dayaq” filmindəki Rüstəm kişi ilə müqayisə etmək olar. Onun ailəsində ata-oğul, ata-qız münasibətlərində bir alayı münasibət olub. Eşitdiyimə görə, İsmayıl kişi öz övladlarına bəziləri kimi ata məhəbbətini heç zaman açıq-aşkar büruzə verməyib. Bəli, o, həm də nəslin ağsaqqalı olub. Bu və digər tədbirlər onsuz ötüşməyib. Bu mənada qohum-əqrəba ondan çəkinərdi. Amma bu kimi xüsusiyyətlərinə görə hamı ona hörmətlə yanaşardı. Hə, yadıma düşmüşkən, o, zəhmli idi. Qalın qaşları bu zəhmi daha da artırırdı. Zəhmi ağır idi, əgər belə demək mümkünsə, adamı basırdı. Onu nadir hallarda gülümsəyən görmək olardı, o da toyda-bayramda. Bəli, onun sözü hər yerdə keçərdi. Amma bir dəfə…

Bu yerdə bir vacib məsələyə, daha doğrusu, kənd sakinlərini bu gün də narahat edən problemə toxunmaq yerinə düşərdi. Belə ki, o illərdə kəndə su çəkilişi məqsədi ilə mənbələr axtarılanda İsmayıl kişi mənbə kimi Uzunmeşə ilə Gərəyin arasındakı “Əzgilli dərə”ni məsləhət görüb. Amma yuxarılar tərəfindən onun bu fikri bəyənilməyib. Yəni öz variantlarını gerçəkləşdiriblər. Bu barədə kənd  ağsaqqallarından eşitdiyim bir söhbəti xatırlatmaq istərdim: “Əgər o zaman İsmayıl kişinin sözünə qulaq asan olsaydı, bu gün Alpanda içməli su problemi yaşanmazdı”.

  Qvami Məhəbbətoğlu (Rəsulov)