“Kiyev Ukraynanın şərqindəki müharibəni uduzub”

Yüksək vəzifəli NATO generalı Ukrayna hakimiyyətinin ölkənin şərqində apardığı müharibədə məğlub olduğunu düşünür. Bu barədə general Almaniyanın “Spiegel” jurnalına müsahibəsində deyib. “Hərbi mənada Kiyev münaqişəni uduzub”.
Jurnalın məlumatına görə, NATO rəhbərliyi Şərqi Ukraynadakı hərbi vəziyyətə yeni yanaşma sərgiləyir: “Ukrayna Prezident Pyotr Poroşenkonun  isə rusların mühasirəsində olan hərbçilərini azad etmək üçün danışıqlar aparmaqdan başqa çarəsi yoxdur. Faktiki olaraq Kiyev ölkənin şərqinə nəzarəti əldən verib”.

“Spiegel”in məlumatına görə, hazırda NATO komandanlığının əsas diqqəti Rusiya meylli qüvvələrin mühasirəsində olan sənaye mərkəzi və liman şəhəri Mariupol ətrafındakı döyüşlərə yönəlib. Bu arada isə Ukrayna Daxili İşlər Nazirliyi Ukrayna Ordusunun darmadağın edildiyini təsdiq edib. Bu barədə Ukrayna Daxili İşlər Nazirinin müşaviri Anton Qeraşenko yerli “5-ci kanal”ının canlı efirində bildirib.

O bildirib ki, Saur-Moqilada və Amvrosiyevkada gedən döyüşlərdə ordu Rusiya qoşunlarına məğlub olub.

Qeyd edək ki, bir müddət öncə Rusiya ordusunun bölmələri tərəfindən Saur-Moqila və Amvrosiyevkanın işğal olunduğu iddia edilmişdi.

Ancaq Ukrayna tərəfi bunu inkar edərək faktı təkzib etmişdi.

 

Luqansk hava limanı darmadağın oldu

Ukrayna hərbçiləri Luqansk hava limanından geri çəkiliblər, bina tamamilə dağıdılıb. Bu haqda Luqansk vilayəti dövlət administrasiyasının rəhbəri vəzifəsini icra edən İrina Veriqina 112 televiziya kanalına məlumat verib: “Hava limanı tamamilə dağılıb. Hərbçilər uzaqlaşıblar, uçuş-enmə zolağı da sıradan çıxıb, ora təyyarənin enməsi mümkün deyil”. Bundan əvvəl verilən məlumatda Rusiya Silahlı Qüvvələrinin tank briqadasının Luqansk hava limanına hücum etdiyi bildirilirdi. Halbuki Rusiya tərəfi Ukraynada ordu olması haqda məlumatları ciddi-cəhdlə təkzib etməyə çalışır.

Ukraynanın müdafiə naziri Rusiyanın böyük bir döyüş başlatdığını və bunun on minlərlə insanın ölümünə səbəb ola biləcəyini söyləyib. Bu açıqlama Ukrayna hərbi qüvvələrinin ölkənin şərqindəki Luqansk vilayətindəki hava limanından çəkilmək məcburiyyətində qalmasının ardından yayılıb. “Böyük bir döyüş qapımızın qarşısına gəldi” deyən Ukraynanın müdafiə naziri Valeri Qeleteyin fikrincə,  bu İkinci Dünya Müharibəsindən bu yana bənzəri görülməyən bir döyüş ola bilər: “Təəssüf ki, belə bir döyüşdə itkilər yüzlərlə deyil, minlərlə və on minlərlə ölçüləcək”.

Rusiya isə Ukraynanın və Qərbin iddialarını rədd edərək Ukraynadakı üsyançılara əsgər və təchizat köməyi etmədiyini iddia edir.

Ukrayna prezidenti Pyotr Poroşenko da Rusiyanı doğrudan və açıqca ölkəsinə hücum etməklə günahlandırıb.   Keçdiyimiz günlərdə NATO 1000-ə qədər Rusiya əsgərinin Ukrayna sərhədini keçdiyini və ölkənin şərqindəki terrorçulara kömək etdiyini açıqlayaraq və buna dair peyk fotoşəkilləri nümayiş etdirıb.

 

Rusiya Prezidentinin köməkçisi:

“Vladimir Putinin “iki həftəyə Kiyevi alaram” sözləri kontekstdən çıxarılıb”

“Rusiya Prezidenti Vladimir Putinin “iki həftəyə Kiyevi alaram” sözləri kontekstdən çıxarılıb və bu sözlər tamamilə başqa mənə kəsb edib”. Bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib. O bildirib ki, Avropa Komissiyasının sədri Joze Manuel Barrozo ilə telefon danışığının detallarının açıqlanması diplomatik praktika çərçivəsindən kənara çıxan haldır: “Əgər bu edilibsə, məncə ciddi siyasi xadimə yaraşan hərəkət deyil. Bu sözlərin deyilib-deyilməməsinə gəldikdə isə, bu sözlər kontekstdən çıxarılıb və tamamilə başqa məna kəsb edib”.

Qeyd edək ki, Avropa mediasında Vladimir Putinin Avropa Komissiyasının sədri Jose Mannuel Barozzoya “istəsəm, Kiyevi iki həftəyə alaram” dediyi haqda xəbərlər yayılıb.