“…kitabsızlıqdan irəli gəlir”

0
511

Ruzbeh Məmməd, Rasim Məmmədli
İllər keçdikcə kitaba olan maraq azalır. Təkcə ədəbiyyat deyil, elmi-fəlsəfi, digər mövzulu kitablar da buraya daxildir. Bunun bir çox səbəbləri var ki, bunlardan biri kimi də texnologiyanın inkişafı göstərilir. Halbuki illər öncə Azərbaycanda kitabların tirajı 10-50 min arasında dəyişirdi. İndi isə hansısa müəllifin kitabı 1000 ədəd çap olunanda artıq bu, yüksək tiraj hesab olunur. Kitabxanalara üz tutan oxucuların sayında da azalmalar açıq şəkildə özünü göstərir. Mövzu ilə bağlı ədəbiyyat adamlarının fikrini öyrəndik. Sualımız isə belə oldu: televiziya verilişləri və sosial media kitaba olan marağı azaldıb, bu vəziyyətdən çıxış yolu varmı?
“Televiziyaların “şou veriliş” xəstəliyi sağalmayınca vəziyyət düzəlməyəcək”
Tənqidçi Nərgiz Cabbarlı: “Məncə, bu məsələdə TV verilişləri ilə sosial medianın və saytların oynadığı rolu da, təsiri də fərqləndirmək lazımdır. Çünki sosial media, bir tərəfdən, potensial oxucunun mütaliəyə sərf edəcəyi zamanı əlindən alırsa, digər tərəfdən isə, yeni dərc olunan kitabların təbliğatında, reklamında əhəmiyyətli dərəcədə rol oynayır. Ən azından müəyyən polemikalar yaranır, informasiyalar paylaşılır. Saytlar isə eyni zamanda yeni yaranan nümunələr haqqında tənqidi (tərifi) yazılar təqdim etməklə onların təhlili istiqamətində vacib bir yol qət edirlər. Bunu danmaq mümkün deyil. Sadəcə, burada da biristiqamətli yanaşma mövcuddur ki, ilk növbədə, onu aradan qaldırmaq lazımdır. Kitab və bədii nümunələrin təbliğatında dostluq, tanışlıq, vəzifə, status deyil, bədii materialın keyfiyyəti və əhəmiyyəti əsas götürülməlidir. Bizdə isə “komanda fəaliyyəti” (müəyyən məqamlarda yaxşı bir fəaliyyətdir, amma həmişə deyil) daha çox nəzərə çarpır, ya da mətn müəllifinin statusuna görə yanaşmalar “su üzünə” çıxır. Nəticədə də oxucunu uzaqlaşdıran, itələyən bir mənzərə yaranmış olur. Qızıl ortanı tutmaq isə qalır bu işlə məşğul olan insanların dəyər məsələsində özlərinin ölçü hisslərinə.
O ki qaldı TV verilişlərinə, bu istiqamətdə vəziyyət lap bərbaddır. Çünki televiziyalarımız (“Mədəniyyət kanalı”, İctimai TV və “Lider”i çıxmaq şərtilə – onlarda klassik formalı yanaşma olsa da, kitab və ədəbiyyat maraq dairəsindədir və müəyyən ölçü qorunur) ədəbiyyata, kitaba, ciddi sənətə, demək olar ki, yer ayırmırlar. Daha doğrusu, “qazan”, “yemək”, “sağlamlıq” və “dəb” mövzularından (reklam, tamaşaçı kütləsinin tələbatı və s. nəzərə alındığından) ayrıla bilmirlər (istəmirlər!) ki, bu barədə düşünsünlər. Hətta bu o dərəcədə əhəmiyyətsizdir ki, kitabdan danışan, ədəbiyyatı müzakirə edən bir verilişi belə xatırlaya bilmirəm.
Hətta bunu etməyə çalışdıqda ədəbiyyatı, kitabı şoulaşdırmağa çalışdıqlarında hibrid bir forma çıxır ki, ortaya, bu da kitaba və ədəbiyyata xeyirdənsə, ziyan verir. Və ən pisi də odur ki, bu istiqamətin doğruluğuna inananlar var. Məsələn, şəxsən məni “Space” kanalına (Elçin Əlibəylinin verilişi, səhv etmirəmsə, “Görüş yeri” adlanırdı) “Ədəbiyyat və mətbuat” mövzusunda danışmaq üçün çağırıb (çox ciddi bir mövzudur və həqiqətən də, bu sahədə maraqlı polemikalar yarana bilər) qeyri-ciddi bir mövzunun istəmədən müzakirəçisi etdilər. Yəni çəkilişdə bəlli oldu ki, söhbət hansısa tənqidçi ilə şəxsi münasibətdən gedəcək. Təbii ki, o adla çağırıldıqda gedilməyəcəyini bildiklərindən adi etik normalar belə pozulmuş olur. Mən aparıcının intellektinə də, səviyyəsinə də şübhə etmədən ciddi mövzuların belə şoulaşdırılmasını, bu şəkildə yüngülləşdirilməsini, tamaşaçıya “çapan çalmaqdan” başqa heç bir şey verə bilmədiyini bilsə də, bu yolu doğru hesab etməsini anlaya bilmirəm. Televiziya haqqında hansı elmi müddəalarla bunun doğru istiqamət olduğu sübut edilirsə edilsin, veriliş tamaşaçını ancaq əyləndirməli deyil, ona nəsə verməlidir. Bunun çıxış yolu kimi isə televiziyaların bu istiqamətdə xüsusi konsepsiyasının olması, televiziyaya nəzarət edən qurumlar tərəfindən bununla bağlı müəyyən tələblərin qoyulmasını görürəm. Əyləncə olsun, amma oxucunu formalaşdıran və oxumağa vadar edən, ədəbiyyatı və elmi maraqlı şəkildə təqdim edən verilişlər də hazırlansın. Bunun üçünsə xüsusi tələblər qoyulmasa (bəzi televiziyaların daxili konsepsiya əsasında yanaşma ilə bu istiqamətdə müəyyən fəaliyyətlər var, amma bir daha deyirəm ki, burada maraqlandıracaq forma, verilişi hazırlayanın – əgər ədəbiyyat haqqındadırsa, ədəbiyyatçı olması, professionallığı, qoyulan problemə yaradıcı yanaşma bacarığı və s. şərtdir), heç nə dəyişməyəcək. Bizdə isə verilişlərdə ədəbiyyat adamına, söz adamına yuxarıdan aşağı münasibət olduqca, kitabı deyil, ədəbiyyatı və onda gedən prosesləri deyil, şəxsi münasibətləri gündəmə gətirən verilişlər televiziyanın əsas xəttini təşkil etdikcə və ümumiyyətlə, televiziyaların “şou veriliş” xəstəliyi sağalmayınca, vəziyyət düzəlməyəcək, əksinə, bir az da pisləşəcək. Məncə, ədəbiyyat və söz naminə, insanların mütaliədən, kitabdan, elmdən uzaq düşməməsi naminə hər bir televiziya (sayt, mətbuat) müəyyən qurbanlar verməlidir. Və bu məqamda işlədəcəyim “vətəndaşlıq hissi” gəlişigözəl söz deyil. Belə bir hiss hər sahədə olduğu kimi, bu məsələdə də əhəmiyyətlidir”.
“İndi tənqidçi adıyla “tərifçi”lər meydan sulayırlar”
Şair Məmməd İsmayıl: “Kitab insanlığın ən böyük kəşfidir. Dəyərli bir kitabla baş-başa olan insanın tənhalıqdan nə şikayəti? Və fransız yazıçısı Mopassanın da dediyi kimi, insanın ən etibarlı dostu da kitabdır. Amma gəlin görək, insanların ən etibarlı dostu olan kitaba bu gün münasibət necədir? Kitabın dəyərsizləşdirilməsinin bir çox səbəbləri var. Birincisi, imperializmin düşünən insanlara ehtiyacı yoxdur; kitab düşündürəndir! Ona görə təbliğ olunmur. İkincisi, günümüzün insanının başını düşük televiziya proqramları və internet saytları ilə o qədər qatıblar ki, o, artıq evdə tənbəlləşib. Üçüncüsü, bu gün kimin pulu varsa, onun “kitabı” bol-bol çap olunur və bu, oxuyan toplumun gözləri önündə baş verir. Buna görə də nadir yayınlanan yaxşı kitablara da maraq azalır. Və nəhayət, indi tənqidçi adıyla “tərifçi”lər meydan sulayırlar. Adı tənqidçi olan adam “təriflə, həm də yalançı təriflə baş girləyirsə, o zaman hansı ədəbi meyardan danışmaq olar. Bax, bu dediklərimizi aradan qaldıra bilsəydik, kitaba sevgi qışdan sonra mütləq gəlməli olan yaz kimi yenidən artardı.
“Kitabı sosial mediaya gətirmək lazımdır”
Jurnalist Rumiyyə Miraslan: “Düzdür, bu gün kitaba olan maraq xeyli azalıb. Ancaq düşünmürəm ki, bunun səbəbi televiziya verilişləridir. Çünki indi televiziya verilişləri belə, internetin “qurbanı”na çevrilib. Bir zamanlar televiziya qəzetləri “yediyi” kimi, indi də internet televiziyanı sıradan çıxardıb, həmçinin də kitabları. İndiki əsrdə texnika o qədər inkişaf edib ki, insanların bütün zamanı, həyatı az qala texnikadan asılı vəziyyətə düşüb. Bu mənada sosial medianın da payı çoxdur, sosial media insanları daha çox məşğul edir, zamanını alır, kitabdan uzaq salır, daha dəqiq desək, avara qoyur. Bunun bir səbəbi də odur ki, sosial media çoxumuzun iş yerinə çevrilib. Bu gün çoxlarımız saytlarda çalışırıq və dünyanı, baş verənləri, siyasətçilərin, prezidentlərin belə yaşadıqlarını sosial media vasitəsilə öyrənirik, həmçinin də oxuculara çatdırırıq. Bir məsələni də vurğulayım ki, bu səbəblər oxumaq istəyən şəxsi kitabdan uzaqlaşdıra bilməz, sadəcə, oxumamaq istəyən üçün bir bəhanə alətinə çevrilə bilər. Oxuyan hər zaman oxuyacaq, planlı şəkildə həm sosial mediadan, həm də kitablardan məlumat alacaq. Və düşünürəm ki, sosial mediadan ayrılıb sırf kitaba adaptasiya olmağın isə çıxış yolu yoxdur. Rəhmətlik Sabir deyirdi: “Əcnəbi seyrə balonlarla çıxır, biz hələ avtomobil minməyiriz”. İndi bunun misalı olmasın, heç kim istəməz ki, sosial mediadan ayrı düşüb, bütün diqqətini sırf kitab oxumağa versin. Əksinə, kitabları sosial mediada daha çox yaymaq lazımdır. Yazarların yazdıqları dərhal sosial mediada işıqlandırılmalıdır. Bir neçə sayt var ki, hansısa tarixi və ya bədii əsərləri hissə-hissə olsa belə yayımlayır və bu, çox gözəl effekt verir. Yenə deyirəm, yeganə çözüm yolu kitabı sosial mediaya gətirmək lazımdır”.
“Müğənnilərin əksəriyyəti çox primitiv və dayazdır”
Şair Aqşin Evrən: “Çıxış yolunu əlaqədar qurumlar, məsələn, elə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi tapmalıdır. Əslində çox yaxşı da tapa bilərlər. Müxtəlif sənət sahələrindən olan adamların bir yerdə toplanması üçün yeni qurumlar yaradılmalı və ona vəsait ayrılmalıdır. Bundan sonra biz TV-lərdə öz geyimlərindən yox, yazıçıların, filosofların deyimlərindən danışan müğənni, aktyor görə bilərik. Məsələn, Madonna çıxıb Paulo Koelyodan danışdı, bundan sonra kitabın şöhrəti üçqat artdı. Bizdə aktyor və müğənnilərin əksəriyyəti çox primitiv və dayazdır. Onlarla iki kəlmə söhbət edəndə adamın ürəyi bulanır, başı hərlənir, xəstələnir”.
Yazıçı Müşviq Xan: “Vəziyyətdən çıxış yolu var – nəzarət etmək. Himayəndə olanlara və əlbəttə, özünə nəzarət edərək, qadağalar qoyaraq bunu həll etmək olar. Çətini vərdiş yaranana kimidir. Sonra onsuz da təsir etdiyin insan kitabla gərəksiz və bayağı TV proqramları arasındakı uçurumu hiss edəcək”.
Şair Qismət: “Bir sorğunun çərçivəsində bu suala cavab vermək çətindir, amma belə demək olar: mütəmadi kitab festivallarının keçirilməsi (yerli və xarici nəşriyyatların iştirakı ilə və yalnız paytaxtda yox), üstəgəl, TV-lərdə kitab reklamının daha çox olması. Bunlar ilk ağla gələn variantlardır”.
Yazıçı İkinci Mahmud: “Yəqin ki, çıxış yolu var. Mən bu sahədə mütəxəssis deyiləm. Başqa ölkələrin təcrübəsinə baxmaq lazımdır”.
“Potensial oxucu kütləsinin alıcılıq qabiliyyəti aşağı düşüb”
Yazıçı Kənan Hacı: “Bilirsiniz, təəssüf ki, kitab gəlir gətirməyən bir sahədir. Televiziyalarımız da reytinqdən asılıdır, ona görə kitaba, ədəbiyyata yer ayrılmamasını başa düşmək olar. Amma dövlət kanallarında ədəbi verilişlər ara-sıra gedir. Sosial mediada isə kitaba marağın azaldığını hiss etməmişəm. Ən çox təəssüf doğuran isə potensial oxucu kütləsinin alıcılıq qabiliyyətinin aşağı düşməsidir. Kitab oxuyanların sayı hiss olunacaq dərəcədə azalıb. Ümid edək ki, zamanla bu problemlər yoluna qoyulacaq”.
Yazıçı Aslan Quliyev: “Kitaba olan marağı məhz TV verilişlərinin, ya da sosial medianın azaltdığını düşünmürəm. Bu da şərtdir, amma çoxlu digər səbəbləri də var. Kitab oxuma sayına görə dünyada axırıncı yerlərdən birindəyik. Qonşularımız Gürcüstanda, Rusiyada vəziyyət bizdən qat-qat yaxşıdır. Vəziyyətdən çıxış yolu var. Bunun üçün hamımız, qələm adamları da, bu işə məsul olan aidiyyəti orqanlar da əllərini daşın altına qoymalıdırlar. Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi kitabı unutdurmaq üçün yox, sevdirmək üçün tədbirlər görməlidirlər. Bütün şəhərlərdə, rayon mərkəzlərində, avtobus və qatar vağzallarında, hava limanlarında kitab dükanları açılmalı, kitab müzakirələri keçirilməli, kitabla bağlı TV verilişlərinin sayı artırılmalıdır, istedadlı yazıçıların kitabları çap olunmalı, yayılmalı, xarici dillərə tərcümə olunmalıdır. Mədəniyyət və Turizm Nazirliyi Gürcüstan Mədəniyyət Nazirliyinin kitabla bağlı gördüyü işlərin onda birini görə bilsələr, kitaba maraq hiss olunacaq qədər artar. Bu gün üzləşdiyimiz fəsadların, cəmiyyətdəki mənfi halların əksəriyyəti kitabsızlıqdan irəli gəlir”.