“Kinomuzun yeni erasının üfüqləri görünür”

422

Dünya kinematoqrafiyasından iki yaş kiçik olan Azərbaycan kinematoqrafiyasının bugünkü vəziyyəti o qədər də ürəkaçan deyil. Təbii ki, bu da incəsənətin bu növü ilə bizim mədəniyyətimizin dünya miqyasında təbliğində müəyyən problemlər yaradır. Bu xoşagəlməz halın yaşanmasında “Kinematoqrafiya haqqında” mövcud qanunun günün tələbləri səviyyəsinə cavab verməməsi də söylənilirdi. Bir neçə gün öncə Milli Məclisin mədəniyyət komitəsi “Kinematoqrafiya haqqında” yeni qanun layihəsini müzakirə edərək Milli Məclisin plenar iclasına tövsiyə edib. Bu yeni qanun layihəsi qəbul olunsa, kinomuzun qarşısında hansı üfüqlər açılacaq? Bu kimi suallarla tanınmış rejissor Elşən Zeynallıya müraciət etdik.
“Kino ilə bağlı hazırda qüvvədə olan qanun 1998-ci ildə qəbul olunsa da, o vaxtdan indiyə qədər ölkəmiz böyük inkişaf yolu keçib, lakin o sanki bu tərəqqi ilə ayaqlaşa bilmirdi. Bu mənada kino haqqında yeni qanuna da ehtiyac vardı”, – sözləri ilə qəzetimizə açıqlama verən E. Zeynallı bildirdi ki, ümid edirəm ki, filmlərin istehsalı və yayımlanması, milli kinematoqrafiyamızın təbliği və qorunması sahəsində yaranan münasibətləri tənzimləyən və 12 fəsil, 40 maddədən ibarət yeni qanun kinomuzun inkişafına yeni bir təkan verəcək: “Mən bunu həmin qanun layihəsi ilə bağlı əldə etdiyim məlumatlar əsasında söyləyirəm. Sənədə əsasən, kinematoqrafiya sahəsində film komissiyaları yaradılacaq ki, bu da Azərbaycanda audiovizual əsərlərin və filmlərin istehsalına dəstək verən publik hüquqi şəxs olacaq. Komissiyalar fəaliyyətini “bir pəncərə” prinsipi əsasında quracaq və müraciət edən prodüserə audiovizual əsərlərin və filmlərin istehsalında xidmətlər təqdim ediləcək.
Kinematoqrafiya sahəsinə güzəştli kreditlərin verilməsi nəzərdə tutulur. Digər tərəfdən, milli film istehsalçıları müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında kino texnikasının, kino texnoloji avadanlıqlarının və kino qurğularının idxalına görə 2017-ci il yanvarın 1-dən 3 il müddətinə gömrük rüsumlarından azad edilirlər. Üstəlik, Vergi Məcəlləsinə əlavə olunması nəzərdə tutulan maddəyə görə, milli filmlərin istehsalı və satışından əldə etdiyi mənfəətin 50 faizi 2017-ci il yanvarın 1-dən 3 il müddətinə vergidən azad edilir. Heç bilirsinizmi bütün bunlar nə deməkdir? Mənim fikrimcə, bu kinematoqrafiyamızın inkişafı üçün yeni üfüqlər açmaq deməkdir”.
Elşən Zeynallının sözlərinə görə, bu həm də yeni prodüsser mərkəzlərinin, yeni studiyaların yaranmasına vasitə olacaq. Yaradıcı şəxslərə əlavə stimul verəcək. Nəticədə, bu sahə üzrə rəqabət artacaq. Digər tərəfdən, bütün bunlar kinematoqrafiya ilə bağlı digər sahələrin inkişafına da öz töhfəsini verəcək. Məlumat üçün bildirim ki, ölkəmizdə bədii filmlər az çəkilsə də, gənclər tərəfindən çəkilən qısametrajlı filmlərin sayı kifayət qədərdir. Bu, həmçinin gənc kinorejissorların bu sahəyə olan marağının nəticəsidir. Gənc rejissorların bəziləri çəkdiyi qısametrajlı filmləri öz hesabına çəkir. Kino maliyyədən asılı sənət növüdür. Lakin az pula layiqli sənət əsəri yaratmaq mümkün deyil. Güman edirəm ki, atılacaq addımlar gənclərimizi daha da ruhlandıracaq.
(Yeri gəlmişkən onu da qeyd edək ki, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin sözlərinə görə, hazırda ölkəmizdə 40-a yaxın prodüser mərkəzi fəaliyyət göstərir. Onların da, demək olar ki, 99,9 faizinin film istehsal etmək və onun istismarı ilə məşğul olmaq üçün heç bir maddi-texniki bazası yoxdur. Ancaq bütün bunlara baxmayaraq, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının dəstəyi ilə onlar son illərdə dünya kino bazarında uğur qazanan bir neçə filmə imza ata biliblər. Ancaq “Azərbaycanfilm”in də malik olduğu texnika yüksək səviyyədə deyil. Çünki həmin texnikalar sovet dövründən qalmadır. Hətta onlar belə dövlət sifarişi ilə çəkilən filmlər üçün xarici ölkələrdən yüksək səviyyəli, günün tələblərinə cavab verən texniki avadanlıq icarəyə götürür).
Elşən Zeynallının sözlərinə görə, bu gün Rusiya, Türkiyə kinematoqrafiyasının uğurlar əldə etməsini məhz onların kino ilə bağlı qəbul etdikləri qanunlarda axtarmaq lazımdır: “Güman edirəm ki, əgər bu yeni qanun qəbul olunsa, 3-4 ildə Azərbaycan kinosu durğunluqdan çıxacaq və dünya miqyasında öz tutarlı sözünü deyə biləcək. Kinomuza belə bir dövlət dəstəyi onu məhsuldar işləməyə sövq edəcək. Unutmayaq ki, bu gün beynəlxalq aləmə çıxıb uğurlar qazanan hər bir kino bizim ən yaxşı səfirimiz səviyyəsindədir”.
Həmsöhbətimiz söhbətini bu sözlərlə tamamladı: “Şəxsən mən nə vaxtsa kinomuzun yeni erasına qədəm qoyacağına inanırdım. Artıq o eranın üfüqləri görünür. Buna görə çox məmnunam”.
Qvami Məhəbbətoğlu