“Kino sənəti qəliz olduğu qədər də maraqlıdır”

0
786

Azərbaycan kinosu hər zaman fərqliliyi, milliliyi özündə birləşdirib. Hətta sovetlər dönəmində belə filmlərimizdə bizə xas olan dəyərlərimiz elə ustalıqla verilib ki, hər dəfə bu filmlərə baxanda tamaşaçı özü üçün yenilik tapır. Kino sənəti qəliz olduğu qədər də maraqlıdır. Uşaqdan böyüyə qədər kinolarımız maraqla izlənilib. Vaxtilə cəmiyyətimizi onlarsız təsəvvür etmək çətin idi. Söhbət kinoteatrlardan gedir. Bu gün müasir texnologiya onları əvəz etsə də, yerini verə bilmir. Hamılıqla bir yerdə kinoteatrlarda kinoya baxmağın başqa ləzzəti var idi. Bu özü də cəmiyyətdə bir mədəniyyət idi. İndi o vaxtlar, o kinoteatrlar tarixə qovuşdu. Ötən əsrin 60-70-ci illərində Mingəçevirdə 10-a yaxın kinoteatr fəaliyyət göstərib. Onlardan “Kosmos”, “Bahar”, “Sevil”, “Arzu”, “Sülh” və s. adlarda kinoklublar var idi. Hətta Mingəçevirin keçmiş “Cırtdan” adı verilmiş səyyar kino maşını da var idi. El arasında ona Ağa dayının maşını da deyirdilər. Onu da bildirək ki, bu maşın Mingəçevirin kino şəhəri olmasından xəbər verirdi. Bu maşın küçə-küçə gəzərək kinosevərlərə maraqlı kinolar göstərirdi. Amma hazırda bu maşın şəhərdəki kinoteatrlar kimi, sadəcə, keçmişdən xəbər verir. Mingəçevir sovetlər birliyində Azərbaycanın kino şəhəri kimi tanınırdı. Bir vaxtlar seansqabağı kassasının qarşısında adam əlindən tərpənmək mümkün olmayan, hər kəsin böyük maraqla baxmağa gəldiyi həmin kinoteatrlardan indiyə qalan, sadəcə, tozlaşmış qurğular, sınmış oturacaqlardır. 90-cı illərdən şəhərdəki kinoteatrların tənəzzül dövrü başladı. Bununla bağlı Kinoteatr və Kinovideoqurğuları İdarəsinin keçmiş direktoru İdris Nəbiyevlə həmsöhbət olduq. Onun suallarımıza cavabı belə oldu: “Demək olar ki, hər gün kino klublar insanlarla dolu olardı. Əhali ən çox da hind filmlərinə daha çox maraq göstərirdi. Uşaq, qadın, yeniyetmə, hamı bir nəfər kimi kinoya baxmağa gəlirdi. Hətta bilet üstündə dava da düşürdü. Kino 4-5 seans olurdu. O vaxt kinoya maraq böyük olduğundan səyyar kinoteatrlar vasitəsilə film nümayiş etdirilirdi. Onlardan biri də “Cırtdan” adlı kinomaşın idi. İnanın, bu maşına uşaqlar, hətta deyərdim ki, böyüklər də çox maraq göstərirdilər. Çünki həyətdə, belə deyək, qapının ağzında kino göstərirdilər. Bunun nəyi pis idi. Bir dəfəyə bu maşında 40-50 adam kinoya baxa bilirdi”.

– Sirr deyilsə, o maşının aqibəti necə oldu?
– “Cırtdan” 1980-ci ildə kinobalansdan çıxarıldı. Elə o vaxtdan başlayaraq şəhərdəki digər kinoteatrlar da fəaliyyətlərini dayandırdı. İndi kinolar şəhərinin kinoteatrlarının bir çoxu məhv olub, bəziləri anbar kimi istifadə olunur. Bir çoxlarının yerində isə başqa məqsədlər üçün obyektlər tikildi. Hazırda şəhərdə bir dənə də olsun kinoteatr yoxdur. Yalnız Mingəçevir Dövlət Dram Teatrının binasında kino nümayişi üçün balaca bir zal yaradılıb. Amma onu da bildirim ki, şəhər ictimaiyyəti bu dövrün öz tələblərinə uyğun kinoteatrlar marağındadırlar və bunu gözləyirlər”.
Vaxtilə şəhəri qarış-qarış gəzən kino maşınının aqibəti bizi də çox maraqlandırdığı üçün onun axtarışına çıxdıq. Çətinliklə də olsa keçmişdə şəhər ictimaiyyəti arasında böyük populyarlıq qazanmış, necə deyərlər, “Ağa” dayının “Cırtdan” adlı maşınını Mingəçevir İstilik Elektrik Stansiyasından aralıda – Bozdağın ətəyində sınıq-salxaq vəziyyətdə tapdıq…

Esmira Hidayətova Mingəçevir