Kino içində kino

0
366

Avqustun 2-də Azərbaycanda Kino günü qeyd olunur. Dünya kinosundan cəmi iki-üç yaş kiçik olan kinomuzun bayramında elə kinoda kino barədə yazmaq istədik. 
   
   Hollivud: həmişə öndə 

1928-ci il. Amerika. Kinonun nə demək olduğunu geniş tamaşaçı kütləsi tam anlamadığı bir zamanda “İncəsənət adamları” filmi ekranlara çıxır. Aktrisa olmaq üçün Corciya ştatından Hollivuda gələn polkovnik qızı Peggi Pepper Billi ilə tanış olur. Billi ilə “Komet” studiyasının komediyalarında çəkilməyə razılaşan Peggi “Yüksək sənət” studiyasının diqqətini cəlb edir. Beləcə, qəfil başlanan sevgi macərası şöhrət uğrunda savaş, əsl sənət nədir sualına cavab tapmaq üçün münaqişənin fonunda kiçilir.
…Sonralar kino barədə xeyli film çəkiləcək. Düzünü deyim ki, adını çəkib qısa məzmununu paylaşdığım “İncəsənət adamları” filmini nə görmüşəm, nə də film üzərində çalışanların adını eşitmişəm. Amma “film içində film” kateqoriyasına daxil edilən ekran əsərlərindən ikisi (biri serial olsa da) seyrçi yaddaşımda dərin iz buraxıb. Qleb Panfilovun “Başlanğıc” filmi, bir də Valeri Todorovskinin “Yaz ağzı” (“Ottepel”) serialı.

   Panfilovdan Todorovskiyədək 

Görkəmli kino rejissoru Qleb Panfilovun 1970-ci ildə prokata çıxan “Başlanğıc” filmi rejissorun və onun həyat yoldaşı, teatr və kino aktrisası İnna Çurikovanın ilk böyük uğuru oldu. 32-ci Venesiya kino festivalında quruluşçu rejissor “Gümüş ayı”, baş rolun ifaçısı isə “Qızıl ayı” mükafatına layiq görüldü.
Maraqlıdır ki, Qleb Panfilov əvvəlcə kənddən kiçik şəhərə gəlib toxuculuq fabrikində işə başlayan və təsadüfən istedadı parlayan Paşa Stroqanova haqqında film çəkmək istəmirmiş. Lakin o, Fransanın milli qəhrəmanı Janna D’Ark barədə film çəkmək üçün SSRİ Kinematoqrafçılar İttifaqından razılıq ala bilmədiyi üçün başqa üsula əl atır. İncəsənətə böyük həvəsi olan toxucu qız Paşa Stroqanovanın taleyi barədə ssenari yazır. Paşa özfəaliyyət dərnəyində məşğul olur, zahiri görünüşünə görə ona həvəskar truppanın tamaşalarında yalnız Küpəgirən qarı obrazı tapşırılır. Amma günlərin bir günü Fyodor İqnatyev adlı birisi növbəti tamaşadan sonra Paşaya yaxınlaşıb onu öz filmində əfsanəvi Janna D’Ark roluna çəkmək istədiyini bildirir.
“Başlanğıc” filmi foto sınaq çəkilişləri, eləcə də çəkiliş meydançasında baş verən hadisələrlə boldur. Rejissor “film içində film” üslubu ilə həm müasir, həm də tarixi mövzuya müraciət edərək, maraqlı film çəkməyə müvəffəq olur. Geniş şöhrət qazanan “Başlanğıc” həm də o zaman sovet filmlərinə xas bir etalonu sındırdı. Aktrisa İnna Çurikova uzun illər boyu rus sovet kinosunda “hökmran olmuş” dalğalı saçlı, sarışın, azacıq sivri burunlu, üzündən təbəssüm heç vaxt əksik olmayan slavyan mənşəli gənc qadın qəhrəmanlara heç bənzəmirdi. “Başlanğıc” qeyri-standart görkəmli, lakin böyük yaradıcılıq potensialına malik İnna Çurikovanın sənət karyerasının təməli oldu.
…2013-cü ilin dekabrında Rusiyanın “Birinci kanal”ı rejissor Valeri Todorovskinin “Yaz ağzı” serialını yayımladı. 12 seriyadan ibarət film həm kino və kino insanları haqqında idi. 1961-ci ildə baş vermiş hadisələri canlandıran filmin adı da təsadüfi seçilməmişdi. Rus dilində “ottepel” sözü bir çox mənalarda işlədilir. Təbiətdə qışın sonu, yazın ilk günlərində havaların istilənməsini ifadə edən bu söz həm də keçmiş SSRİ-də Nikita Xruşşovun hakimiyyətə gəlişindən sonra qısa müddətdə də olsa totalitar rejimin yumşalması, yaradıcılıq sərbəstliyinin yaranma dövrünü bildirən termin kimi işlədilir. Əslində, ideoloji buzlağın əriməsi bu filmin qəhrəmanları, təsadüfən filmə çəkilən tələbə qızın, böyük filmlər çəkmək naminə standart kolxoz komediyasında görkəmli rejissora assistent olmağa razılaşan iddialı gənc rejissorun, çox yaxşı operatorun, baş rol oynamadan qocalacağından qorxan 30 yaşlı təcrübəli aktrisanın da taleyindən izsiz keçmir. Todorovski bu serialı 60-cı illərdə sovet kinosunda yeni cığır açmış atası – görkəmli rejissor Pyotr Todorovskinin və onun həmfikirlərinin xatirəsinə həsr edib.

 Bu kino ki var!..

Rejissor Eldar Quliyevin “Var olun, qızlar!” filmi (ssenari müəllifləri Alla Axundova və Hüseyn Seyidzadə) 1972-ci ildə ekranlara çıxdı. Film 1958-ci ildə dənizdə boğulan dörd azyaşlı qızı xilas edərkən həyatını itirmiş yeniyetmə Tofiq Hüseynova həsr olunmuşdu. Həmin oğlan barədə çəkilən filmdə baş rolu ifa edəcək İsa (aktyor Rafael Dadaşov) o qızları axtarıb tapır və özgə ömrünün hesabına yaşayan gənc xanımların hisslərindən keçərək öz qəhrəmanını tanımağa qərar verir. “Var olun, qızlar!” bədii lentini “film içində film” saymaq da çətindir. Bununla belə, kinematoqraf barədə ştrixlərin yer aldığı film kimi də diqqəti cəlb edir.
Oqtay Mirqasımovun “Anlamaq istəyirəm” filmi (1985) atalar-oğullar münasibətindən, elm sahəsində uğurlar qazanmaqdan ötrü nələrə tablaşmaq, kimlərə boyun əymək kimi həyat sınaqlarından bəhs edir. Bu filmdə də kino aləminə dair kiçik bir ştrix var. Baş qəhrəman Rüstəmin sevgilisi Rəna kinostudiyada işləyir. Bir tarixi filmdə rejissor assistenti kimi çalışan Rəna aspiranturanı atmış, valideynlərindən küsmüş Rüstəmin maddi vəziyyətini yaxşılaşdırmaq üçün həmin filmin kütləvi səhnələrində çəkilmək üçün imkan yaradır. Filmdə cəmi bir neçə dəqiqə davam edən tarixi filmin çəkiliş prosesi kinematoqrafiyadan uzaq insanda da kinonun necə yarandığı barədə təəssürat oyadır. Maraqlıdır ki, filmdəki qocaman və əsəbi kino rejissoru roluna tanınmış rejissor Tofiq Tağızadə çəkilib.
Azərbaycan filmlərində kino barədə söz açıb Ceyhun Mirzəyevlə Vaqif Mustafayevin müştərək filminin – “Bəyin oğurlanması” filminin adını çəkməmək günah olar. 1985-ci ildən telekanallarımızın efirini bəzəyən bu film güclü aktyor ansamblına görə ən sevilən kinolentlərdən sayılır. Obrazlarının deyimləri zərb-məsələ çevrilmiş filmin süjetində kino yanaşı xətt kimi inkişaf edir. Qondarma ssenari əsasında çəkdikləri filmin uğuruna əmin olmayan çəkiliş qrupu kənddəki real toyu filmin süjetinə çevirmək istəyirlər. Əslində şəhərdən gələn “kino çıxardanlar” öz planlarının baş tutmasının naminə iki gəncin qovuşmasına nail olurlar.
* * *
…Kinematoqrafçıları təbrik etmək, onlar haqqında xoş söz demək üçün xeyli yol, çoxlu ifadə vasitəsi var. Biz də onların birini seçdik. “Film içində film”ə baxdıq.
Bayramınız mübarək!

Gülcahan Mirməmməd