“Kimsə mənə belə ad verməz”

554
Bu günlərdə  bir tanışım ali məktəbə qəbul olmuş oğlu üçün paytaxtda kirayə ev tapa bilməməsindən o ki var şikayətləndi. Və xahiş etdi ki, onun giley-güzarını qələmə alım. Mən də ona bu barədə bir yazı yazacağıma söz verdim.
Həmin yazını tamamlayıb, çay içirdim ki, uşaqların anası başımın üstünü kəsdirdi. Və başladı məni məzəmmət etməyə: “A kişi, o nə yazıdır yazmısan? Sənin yazılarının ilk oxucusu kimi deyirəm ki, bu yazı əsla xoşuma gəlmədi. Əvvəla, ona görə ki, bədii cəhətdən olduqca zəifdir, ikincisi, necə deyərlər, quşu gözündən vura bilməmisən, üçüncüsü… Uzun sözün qısası, o qədər səbəb saydı ki, yazım öz gözümdən belə düşdü. Onun bu tənqidi çıxışından özümə gəlməmiş maraqlı bir təklif irəli sürdü: “Kişi, mənim fikrimcə, bu mövzuya sənin üslubunda qayıtmağa ehtiyac yoxdur. Çünki hələ ötən əsrin əvvəllərində Mirzə Cəlilimiz elə tanışının gileyi ilə bağlı çox gözəl bir felyeton yazıb. Adı da səhv etmirəmsə, “Müsəlman”dır. Elə o yazını köşəndə yerləşdirsən, daha sanballı olar. Bununla həm böyük Mirzə Cəlilin ruhunu şad edərsən, həm də ötən bu müddətdə bizim əsla dəyişmədiyimizi bir daha aləmə car çəkmiş olarsan.

Uşaqların anasının bu təklifindən sonra həmin felyetonu tapıb, dönə-dönə oxudum. Və bu məsələdə həyat yoldaşımın haqlı olduğuna bir daha əmin oldum. Həmin felyetonu sizə də təqdim edirəm: “Bakıda indi belə dəb düşüb: məsələn, istəyirsən bir ev kirayə eləyəsən və görürsən ki, divara elan yapışdırıblar ki, burada bu qədər otaq kirayə verilir.

Qapını döyürsən, ev sahibi çıxır qapıya. O da müsəlman, sən də müsəlman.

– Hə, nə istəyirsən?

– İstəyirəm evinizi kirayə eləyəm.

Əgər ev sahibi gördü ki, başında papaq var, sənə cavab verəcək ki, mənim kirayə verilən evim yoxdur.

– Ay hacı, ay bəy, axır elan yapışdırmısınız?!

– Xeyr, xeyr. Kirayə verilən evim yoxdur.

Amma ev sahiblərinin çoxu mərdanə sənə cavab verəcək ki, mən evimi müsəlmana vermərəm.

Bütün şəhəri gəzəsən, heç bir müsəlman səni evinə qoymayacaq. Axırda çarəsiz qalıb, gedirsən rus, yəhudi, erməni evində otaq tutub qalırsan. Müsəlmanlar da evlərini verirlər ruslara, yəhudilərə, qeyri-millətlərə.

Bu adətin iki yaxşı nəticəsi var: biri budur ki, müsəlman evdarları müsəlmanlara evlərini kirayə verməyəndə müsəlmanlar da gedirlər özgə millətlərin evlərində qala-qala bunlarnan üns tuturlar, yavıqlaşırlar, mehribanlaşırlar və bu da axırda millətlərin bir-birilə dostlaşıb, bir-birinə qarışmalarına səbəb olur. Müsəlman evdarları evlərinə müsəlmandan savayı, hər milləti qoymaqdan həmçinin belə nəticə hasil olur.

Yenə şükür eləmək lazımdır. Necə ki, müsəlmanlar deyirlər: Lənət heçə: ruslar da deyirlər ki, dünyada hər bir pis işin yaxşı tərəfi də var.

Yenə Allah bərəkət versin!

Qaldı bu adətin ikinci nəticəsi: ikinci nəticəsi də budur ki, Bakı müsəlmanları evlərini müsəlmanlara verməməklərindən bu çıxır ki, müsəlmanlar pis adamdırlar. Bu da ki, köhnə sözdür”.

Bu günlərdə rayonda yaşayan bir tanışım ali məktəbə girmiş oğlu üçün paytaxtda kirayə ev tapa bilməməsindən o ki var şikayətləndi. Və xahiş etdi ki, onun giley-güzarını qələmə alım. Mən də ona bu barədə bir yazı yazacağıma söz verdim. Amma iş elə gətirdi ki, ona Mirzə Cəlillə cavab verdim. Daha bilmirəm, düzmü addım atmışam, yoxsa yanlış? Amma kimin nə deyəcəyindən asılı olmayaraq, mənə elə gəlir ki, hərdən uşaqların anasının sözünə də qulaq asmaq lazımdır. Bir ammam da ondan ibarətdir ki, məni arvadağız adlandırıb dalımca şəbədə qoşmayasınız. Güman edirəm ki, Mirzəyə hörmət əlaməti olaraq, kimsə mənə belə ad verməz. Qvami Məhəbbətoglu