Kimlər daha çox vergi ödəyəcək?

Məlum olduğu kimi Milli Məclisin qəbul etdiyi və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilən “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna əsasən 2015-ci il yanvarın 1-dən Azərbaycanda fiziki şəxslərdən əmlak vergisi özəl mülkiyyətdə olan tikililərin sahəsindən asılı olaraq alınacaq. Gələn ilin ilk günündən etibarən əmlak vergisi 30 kvadratmetrdən artıq olan sahənin hər kvadratmetrinə görə hesablanacaq.
 Yəni, 30 kvadratmetrədək olan sahə əmlak vergisindən azad ediləcək. Qeyd edək ki, hazırda fiziki şəxslərdən əmlak vergisi tikilinin inventar dəyəri hesabından alınır. Belə ki, qüvvədə olan qanunvericiliyə əsasən, əgər əmlakın dəyəri 5 min manatdan azdırsa, ona vergi tətbiq edilmir, bu məbləğdən, yəni 5 min manatdan artıq olarsa, vergi tikilinin dəyərinin 0,1 faizini təşkil edir. Məsələn, tikilinin dəyəri 55 min manatdırsa, bunun 50 min manatlıq hissəsi vergitutmaya cəlb olunur və fiziki şəxsdən 50 manat əmlak vergisi alınır. Onu da bildirək ki, qüvvədə olan Vergi Məcəlləsinin 200-ci maddəsinə əsasən fiziki şəxslərin xüsusi mülkiyyətində olan tikililərə görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır və hər il noyabrın 15-dək yerli (bələdiyyə) büdcəyə ödənilir.Qeyd etdiyimiz kimi, Vergilər Məcəlləsinə edilən dəyişikliklərə əsasən, gələn ildən əmlak vergisinə görə aşağıdakı dərəcələr tətbiq ediləcək: 

100 sotdan çox torpağı olanlar

daha çox vergi ödəyəcəklər

Bundan başqa torpaq vergisinə edilən dəyişikliyə əsasən, gələn ilin əvvəlindən sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar, yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar üzrə vergilər torpaq sahəsinin 10 min kvadratmetrdən yuxarı olan hissə üçün artırılır. Hazırda Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində hər 100 kvadratmetrinə (1 sot)  görə 60 qəpik (0,5 AZN) vergi tutulursa, gələn ilin əvvəlindən 10 min kvadratmetrdən – 100 sotdan yuxarı olan hissənin hər 100 kvadratmetrinə – 1 sotuna görə 1 manat 20 qəpik (1,2 AZN) vergi hesablanacaq. Məsələn, Bakıda 20 min kvadratmetr – 200 sot torpağı olan şəxs hazırda 100 manat torpaq vergisi ödəyirsə, gələn ilin əvvəlindən 180 manat vergi ödəyəcək. Qeyd edək ki, bu məbləğ, yəni torpağın 10 min kvadratmetrdən – 100 sotdan yuxarı olan hissə üçün hesablanan vergi Gəncə, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunun qəsəbə və kəndləri üçün 1 manat, digər şəhərlər və rayon mərkəzləri üçün 60 qəpik, rayon tabeliyində olan şəhərlər, qəsəbələr və kəndlər üçün 20 qəpik olacaq. Onu da bildirək ki, hazırda Gəncə, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunun qəsəbə və kəndlərində  hər 100 kvadratmetr üçün 50 qəpik, digər şəhərlər və rayon mərkəzləri üçün 30 qəpik, rayon tabeliyində olan şəhərlər, qəsəbələr və kəndlər üçün 10 qəpik vergi hesablanır.

 

Fiziki şəxslər torpaq vergisini də

bələdiyyə büdcəsinyə ödəyəcək

Qüvvədə olan Vergi Məcəlləsinin 207-ci maddəsinə əsasən hesablanmış torpaq vergisi bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq müəssisələr tərəfindən dövlət büdcəsinə, fiziki şəxslər tərəfindən isə yerli (bələdiyyə) büdcəyə ödənilir. Eyni zamanda onu da qeyd edək ki, yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqları, dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının və onun qurumlarının, habelə Azərbaycan Respublikası Dövlət Neft Fondunun mülkiyyətində və ya istifadəsində olan torpaqlar, istehsal fəaliyyətinə cəlb edilməmiş dövlət, meşə, və su fondu torpaqları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına məxsus olan sektorunun altında yerləşən torpaqlar, dövlət sərhəd zolaqları və müdafiə təyinatlı torpaqlar, müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye və texnologiyalar parkının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər qanunvericiliyə uyğun olaraq, sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq, sənaye və texnologiyalar parkında istifadə etdikləri torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azaddırlar. Həmçinin Azərbaycan Respublikasının Milli Qəhrəmanları,         Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanları, Şöhrət ordeninin hər üç dərəcəsi ilə təltif edilmiş şəxslər, I və II qrup müharibə əlilləri, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadları (ərlərinin), 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslər, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslər, Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş fiziki şəxslərin mülkiyyətində olan torpaqlara görə ödəməli olduqları torpaq vergisinin məbləği 10 manat azaldılır.

Dəyişikliklərin edilməsində zərurət onunla izah edilir ki, Vergilər Məcəlləsi qəbul edildiyi dövrdən etibarən bələdiyyələr binaların inventar dəyəri müəyyənləşdirilmədiyinə görə əmlak vergisini yığa bilmədilər. “Yerli (bələdiyyə) vergi və ödənişlər” haqqında dəyişikliklərə əsasən, bələdiyyələr tərəfindən bu ödənişlərin nağd formada qəbuluna qadağa qoyulub.

Fiziki şəxslər tərəfindən yerli vergilərin ödənişi nağdsız ödəniş etmək məqsədilə banklar, poçt rabitəsi operatorları, həmçinin mövcud vasitələrlə həyata keçirilməlidir. ALLAHVERDI CƏFƏROV