Kimin qapısını döyüm?

572

(Bir futbolçunun monoloqu)
– Özümü təqdim etməyə o qədər də ehtiyac görmürəm. Odur ki, elə birbaşa keçirəm dərdimi izhar etməyə… O gün rəhbərlikdən komandamızın üzvlərini çağırıb dedilər ki, bəs klubun durumu o qədər də ürəkaçan deyil, yəni maliyyə burulğanında boğulur. Odur ki, gedin, özünüzə komanda tapın, orada çalışın. Mən də neçə gündür, şapkamı qarşıma qoyub hansı komandaya üz tuta biləcəyimi götür-qoy edirəm. Həmin götür-qoyları da sizinlə bölüşmək niyyətindəyəm. İndi mənim sizdən başqa kimim var ki? Deyirəm, bəlkə, Topaz Premyer Liqasının autsayderi olan “Rəvan”a üz tutum? Amma qorxuram. Qorxuram ki, komandanın baş məşqçisi Bəhmən Həsənov deyə ki, a kişi, məgər bilmirsən ki, bizdə vəziyyət lap kritikdir? Məgər bilmirsən ki, oyunçularımız acından, yəni maaşlarını ala bilməmələri ucbatından heç məşqlərə də çıxmaq istəmirlər? Elə bu imkansızlıq ucbatından altı oyunçumuzla yollarımızı ayırmadıqmı? Bu mövsümü birtəhər yola verə bilsək, böyük işdir. Amma mənə elə gəlir ki, bu klub çətin ki, ikinci dövrəyə başlaya…
Əgər “Xəzər Lənkəran” tərəfə getsəm, özümü lap urvatsız etmiş olaram. Nədən ki, çox yaxşı bilirəm ki, hələ devalvasiyaya qədər bu komandada küləklər əsirdi. İndi daha da şiddətlənib. Elə bu səbəbdən onun “hay-hayı gedib, vay-vayı” qalıb. Hətta iş o yerə çatıb ki, vaxtilə qış fasiləsində sorağı dünyanın adlı-sanlı yerlərindən gələn bu komanın indi Bakıda klublar arasında keçirilən mini turnirə belə gəlməyə, paytaxtda qısa müddət qalmağa imkanı yoxdu. İndi “Xəzər Lənkəran” qalıb akademiyanın uşaqlarının ümidinə. Bütün bunları bilə-bilə onlara üz tutmağa dəyərmi?
Hərgah “İnter”ə yan alsam, məni elə qapının ağzında qarşılayıb deyəcəklər ki, aman-günüdür içəri keçmə. Nədən ki, ixtisarların pik vaxtıdır. Belə olan halda mən oradakı tanışıma daha zəng edib deyə bilmərəm ki, aman günüdür, məni bu bəladan xilas et. Çünki o da deyər ki, “İnter”in yeni prezidenti var, hələlik, mənim sözüm onun yanında keçmir. Bəs nə tövr eləyim? Kimin qapısını döyüm? Hə, lap yadımdan çıxacaqdı. O gün AZAL-ın bir cavan futbolçusu ilə dərdləşdim. Üstüörtülü şəkildə komandanın durumu ilə maraqlandım. O mənə elə diplomatik bir cavab verdi ki… Yəni dedi ki, “Mən hələ cavanam, bu barədə heç nə deyə bilmərəm. Hazırda əsas məqsədim futbolumu oynayıb, uğurlu nəticə qazanmaqdır”. Qardaşım, məsələ aydındır da. Bundan nəticə çıxarıb AZAL eşqini başımdan birdəfəlik uçurdum.
Bəlkə, “Kəpəz”ə baş çəkim? Amma yox, nöşün ki, burada da vəziyyət yaxşı deyil. Eşitdiyimə görə, AFFA-nın ianələri hesabına var olan bölgə klubu daha yerli icra hakimiyyətindən dəstək görməyəcək. Bu isə o deməkdir ki, “Kəpəz”in başı əvvəlki kimi qarlı olmayacaq. Burada deyiblər də, sənə güvəndiyim dağlar sənə də qar yağmazmış.
Hərgah “Neftçi”yə güvənsəm, işim lap fırıq olar. Nədən ki, bu komandanın rəsmiləri də dəfələrlə bəyan ediblər ki, məlum məsələlərlə əlaqədar daha “neftçilərimiz” AFFA-dan pul çıxara bilmirlər. Bu məsələni “ASAN xidmət” də asanlıqla yoluna qoya bilmir. Eh, digər komandalara da üz tutmağa dəyməz. Onların da problemləri başlarından aşıb-daşır. Bəs mən nə edim? Başıma haranın topunu salım? Bəlkə, futbolçu karyerama son qoyum, hə? Amma yox, hələ tezdir. Maşallah, quş kimiyəm.
Aha, deyəsən başıma bir fikir gəldi. Hamısından yaxşısı budur ki, sərhədi keçim. Ağlınıza başqa şey gəlməsin, yəni deyirəm ki, xarici klublardan birinə üz tutum? Vallah-billah, onda hamı mənə “afərin” deyər. Amma bu məsələdə səbir etmək lazımdır. Nədən ki, mən bu işi təkbaşına görə bilmərəm. Bunun üçün də gərək bir babat menecer səsləyim? Adə, Menecer! Menecer!!!

 

Qvami Məhəbbətoglu