Kim qiymətləri süni şəkildə artırırsa…

560
“İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin istehlak bazarına nəzarət tədbirləri paytaxt Bakı ilə yanaşı, ölkə regionlarında da davam etdirilir”.
 Nazirlikdən verilən məlumata görə, Dövlət Xidməti tərəfindən Sumqayıt şəhəri, Koroğlu küçəsində Dağbəy İsmayılova məxsus “Elmar” marketdə, eləcə də Zaqatala şəhəri, F. Əmirov küçəsində “Siqma LTD” MMC-yə məxsus “Gross” marketdə aparılan yoxlamalar zamanı malların nəzarət-kassa aparatının yaddaşında olan qiymətlərin yarlıqda göstərilən qiymətlərdən artıq olması səbəbindən istehlakçıların qiymətdə aldadıldığı aşkar olunub. Nazirlik bildirir ki, qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlər görülüb, istehlak bazarına nəzarət tədbirləri davam etdirilir.

Qeyd edək ki, İqtisadiyyat və Sənaye Nazirliyi bir neçə gün öncə məlumat yayaraq bildirmişdi ki, manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması məqsədilə 21 fevral 2015-ci il tarixindən etibarən qəbul edilən Tədbirlər Planına uyğun olaraq, gücləndirilmiş nəzarət tədbirləri davam etdirilir: “Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin gündəlik keçirdiyi monitorinqlər zamanı topdansatış müəssisələri tərəfindən ticarət obyektlərinə satış üçün paylanan bəzi ərzaq məhsullarının qiymətləri ilə manipulyasiya edilməklə qiymətlərin əsassız artırılması əlamətlərinin olduğu müəyyən edilib və həmin təsərrüfat subyektləri barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Aparılmış yoxlamalar zamanı bir sıra ticarət obyektlərində malların yarlığında göstərilən qiymətlərlə nəzarət-kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərq yaradılmaqla əsassız qiymət artımına yol verildiyi, bununla da istehlakçıların qiymətdə aldadılması halları aşkar edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barədə tədbirlər görülüb”.

 

Vətəndaş müraciətləri araşdırılır

Bununla yanaşı, Dövlət Xidmətinə daxil olmuş vətəndaş müraciətləri də operativ olaraq araşdırılır. Aparılmış araşdırmalar zamanı bəzi təsərrüfat subyektləri tərəfindən məişət avadanlıqlarının qiymətləri ilə manipulyasiya edilməklə qiymətlərin əsassız artırılması əlamətlərinin olduğu müəyyən edilib və həmin təsərrüfat subyektləri barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Görülmüş tədbirlərin nəticəsi olaraq, hazırda əsas ərzaq məhsulları və dərman preparatları satışı bazarında qiymətlər sabitdir, artım müşahidə edilmir. Bununla belə, İqtisadiyyat və Sənaye Nazirliyi intensiv nəzarət tədbirlərini davam etdirir və bir daha xəbərdarlıq edir ki, süni qiymət artımına və sui-istifadə hallarına yol verən təsərrüfat subyektləri barədə qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlər görüləcək”.

 

Kisəsi 16 manata satılan un 22 manata

Qeyd edək ki, manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar təkcə Bakıda deyil, rayonlarda da istehlak bazarında ciddi qiymət artımları müşahidə olunur. Məsələn, manatın məzənnəsinin dəyişdirilməsinin səhərisi gün bir çox rayonlarda kisəsi 16 manata satılan un 22 manatadək bahalaşmışdı. Rayonlarda ərzaq məhsulları ilə yanaşı, meyvə-tərəvəzin də qiymətində kəskin artım olmuşdu. Hər halda dövlət xidmətinin regionlarda bu cür yoxlama və araşdırmalar aparması müsbət addım hesab olunmalıdır.

İstehlakçıların aldadılması ilə bağlı regonlarda Rayon İcra Hakimiyyəti başçılarının yanında komissiyalar da yaradılıb. Bunlardan Gəncə Şəhər İcra Hakimiyyətini, Biləsuvar Rayon İcra Hakimiyyətini misal göstərmək olar.

Hələ bir neçə gün öncə süni qiymət artımının qarşısının alınması üçün Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında yaradılmış komissiyanın iclasının keçirilməsi barədə məlumat vermişdik. İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirmişdi ki, bəzi ticarət obyektlərində çalışanlar süni qiymət artımı yaradır, vaxtı keçmiş məhsullar satır və əhali arasında narahatçılıq yaradırlar. Mübarizə tədbirləri məqsədi ilə 022-256-00-66 nömrəli “qaynar xətt” də fəaliyyətə başlayıb.

 

“Kim qiymətləri süni şəkildə artırırsa, dövlət tərəfindən öz cəzasını alacaq”

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən verilən başqa bir məlumata görə isə, 012-498-15-04 nömrəli “qaynar xətt”ə Bakı ilə yanaşı, rayonlardan da müraciətlər kəskin artıb. Ən çox şikayətlər də məhz istehlak bazarında qiymət artımının müşahidə olunması ilə bağlıdır. Müraciət və şikayətlərlə əlaqədar konkret nə kimi tədbirlər görülməsinə gəlincə, Dövlət Xidmətindən bildirildi ki, süni qiymət artımları ilə bağlı şikayətlərin hər biri İstehlak Bazarına Nəzarət Şöbəsinə yönəldilir və araşdırılır. Hər biri ilə bağlı konkret araşdırma aparılır və tədbir görülür.

Sonda qeyd edək ki, Prezident İlham Əliyev Mingəçevir şəhərinə səfəri zamanı sakinlərlə görüşündə vəziyyətdən istifadə edib, süni qiymət artırmağa çalışanlara sərt xəbərdarlıq etmişdi: “Bütün müvafiq qurumlara göstəriş verilib ki, süni qiymət artımına yol verilməsin. Monitorinq keçirilir və qiyməti süni şəkildə artırmaq istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görüləcək. Son illər ərzində ölkədə istehlak olunan əsas ərzaq məhsulları Azərbaycanda istehsal edilir. Belə olan halda, bu məhsullarda heç bir bahalaşmadan söhbət gedə bilməz. Kim qiymətləri süni şəkildə artırırsa, dövlət tərəfindən öz cəzasını alacaq”.