Kim harda ağlayır, kim harda gülür…

726

Bir daha dönüşü olmayan, uzun, incə bir yoldayıq. O məşhur şeirdə deyildiyi kimi, gələn qalmaz, gedən gəlməz. Əlimizdə ömür adında bir sərmayə var və bu sərmayə saatlarla, günlərlə, illərlə əlimizdən sovrulub gedir və bizə məlum olmayan bir gün qurtaracaq. Bu sərmayə qurtaracaq, amma hər şey qurtarmayacaq. İmkanlarımız tükənəcək, bir qapıdan keçib, başqa bir həyata başlayacağıq. Və o zaman çox gözlər açılacaq, çox insanlar qəflət yuxusundan oyanacaq, çox dizlərə “ah-vay” deyə döyüləcək.

Ümumiyyətlə, dünya haqqında düşünəndə möminlərin əmiri, elmin, əxlaqın, şücaətin və təvazökarlığın uca zirvəsi olan Həzrət Əlinin sözləri ağlımıza gəlir: “Dünya hər an bizdən uzaqlaşmaqda, axirət isə yaxınlaşmaqdadır. Bunların hər ikisini də seçən insanlar var. Siz axirəti seçənlərdən olun, dünyanı seçənlərdən olmayın! Bu gün bu dünyada çalışmaq var, hesab yoxdur, sabah isə axirətdə hesab var, çalışmaq yoxdur”. Nə qədər də dəqiq, nə qədər də parlaq şəkildə ifadə edilib. Bəli, günbəgün dünya bizdən uzaqlaşır, axirət isə yaxınlaşır. İstəsək də istəməsək də, birindən çıxıb, o birisinə doğru yön alırıq. Əlimizdə ömür adında bir sərmayə var.

Könüllər sultanı Həzrəti Məhəmməd (s.ə.s.) bu dünyanı görün nə qədər gözəl, nə qədər parlaq boyalarla təsvir edib: “Dünya həyatı uzaq yoldan gəlib bir hovur dincimizi almaq üçün oturduğumuz bir ağac kölgəsi qədərdir”.

Bəli, gələn qalmaz, gedən gəlməz. Amma gedilən yerdə bizi nələrin gözlədiyini də Allah-Təala və Onun Rəsulu açıq-aydın bildirib. Seçim hər kəsin özünündür. Kim hansı yolu tutursa, o yolla hansı mənzilə varacağını da yaxşı bilməlidir.

Qayıdaq Həzrət Əlinin (ə.s.) o sözlərinə. Bu könüllər sultanı bizə axirəti seçməyi məsləhət görür. Axirəti seçmək necə olur axı? – Bu dünyanın bizə verdiyi imkanları gedəcəyimiz yerə göndərməklə. Biz buradan dünyanın o başına teleqram göndəririk və əmin oluruq ki, mesajımız ünvanına çatır. Belə olan halda, axirətə göndərdiyimiz nemətlərin ünvanına çatacağına niyə inanmayaq ki? Yoldan keçirsən, baxırsan ki, qoca bir qarı döyükə-döyükə sağına-soluna baxır, kiminsə yardımını gözləyir. Bir gün sənin də o yaşa gələcəyini, yardıma möhtac olacağını ani olaraq göz önündən keçirirsən və Allahın rəğbətini qazanmaq niyyətilə yaxınlaşıb ehmalca qolundan yapışırsan, zənbilini götürürsən, yoldan keçirib daha nə yardıma ehtiyacı olduğunu soruşursan. O da sənə dua edərək ağır-ağır yoluna davam edir. Sən artıq lazım olanı göndərdin.

Alimlərimiz buyururlar ki, həyatını doğru-düzgün yaşayan, Allaha ibadətdən geri qalmayan birisinin yuxusu da ibadətdir.

İnsan həyatının hər anına görə hesaba çəkiləcək. Övladlarımıza verdiyimiz tərbiyəyə görə, əlimizə düşən sərmayəni hara xərclədiyimizə görə, qolumuzun gücünü, gözümüzün nurunu hansı işlərə sərf etdiyimizə görə… hər şeyin hesabını verəcəyik. Həzrət Əlinin buyurduğu kimi, bu gün bu dünyadayıq və hələ möhlət olduğu üçün hesab-kitaba çəkilmirik. Çalışmaq, istədiyimiz variantı seçmək imkanına sahibik. Sabah isə axirətdə bütün bu imkanlar əlimizdən alınacaq və böyük bir hesabatla üz-üzə qalacağıq. Peyğəmbərimiz məhz ona görə də buyurur ki, hesaba çəkilmədən özünüzü hesaba çəkin.

Yenə Allah Rəsulundan bir örnək gətirək:

Bir gün səhabələrlə söhbət zamanı Rəsulullah soruşur (Allah Rəsulu bir şeyi soruşanda öyrənmək üçün yox, öyrətmək üçün soruşardı. Soruşardı ki, cavabları alsın, yanlış varsa, düzəltsin və ən doğrunu göstərsin):

– Əgər bilsəydiniz ki, ömrünüzdən bircə saat qalıb, nə edərdiniz?

Hər kəs bir cür cavab verir:

– İnsanlarla halallaşardım.

– Alnımı səcdəyə qoyub o halımla canımı təslim edərdim.

– Borclarımı qaytarardım.

– Qəlbinə dəydiyim insanlardan halallıq alardım.

– Nəsə savab iş görməyə çalışardım.

Bəli, bu cür cavablar sıralanır. Hər kəs susur, gözlər Allah Rəsulunun mübarək çöhrəsinə dikilir. Təbəssümün, nurun əskik olmadığı o çöhrədə bir məmnunluq hissi var. Hər kəs düşünür ki, Allah Rəsulu kiminsə cavabını seçəcək və daha doğru olduğunu elan edəcək. Bəs Rəsulullah necə cavab verir, heç düşünürsünüzmü?

– Kimin əlində zəmanəti var ki, həyatından cəmi bircə saat qalmayıb?

Nə qədər də ibrətli və təsirli bir mənzərədir, elə deyilmi? Ölümün bir hikməti, bir gözəlliyi də ondadır ki, nə zaman yoluna çıxacağını bilmirsən.

“İki şey var ki, insanların çoxu onun qiymətini bilməz: sağlamlıq və boş vaxt”. Bunu da Allah Rəsulu buyurub. Qurani-Kərimdə də müxtəlif ayələrdə bizə verilmiş zaman möhlətini dəyərləndirmək, axirəti düşünmək, dünya həyatında ədalətli olmaq, ötəri gözəlliklərə aldanmamaq, nəfsinin əsiri olmamaq, ötəriyə deyil, əbədiyə bağlanmaq dönə-dönə tövsiyə edilir. Qurani-Kərimin əsas qayəsi əslində bizi həm bu dünyada, həm də axirətdə səadətə qovuşdurmaqdır. Yollar bəlli, əməllər bəlli, niyyətlər bəlli, varılacaq mənzillər bəlli…

Bəzən insan özünə aid olmayan çox incə mətləblər üstündə aylarla, illərlə baş sındırır. Enerjisini verir, gözünün nurunu axıdır, hansısa uzaq, heç zaman əlinin yetməyəcəyi bir mətləb, bir mövzu üçün çox şeyini fəda edir. Bəlkə də bu, fəda etmək deyil, fəna etməkdir, sovurmaqdır, itirməkdir. Çünki bizə əmr olunanlar bəllidir. Sən konkret olaraq qarşına qoyulan vəzifədən boyun qaçırıb sənə aid olmayan işlərlə məşğul olursansa zərərdəsən. Kimlərin zərərdə olduğu da Qurani-Kərimdə açıq-aydın bildirilir. Yenə Mövlanadan yan keçə bilmədik.

Bir nəfər onun yanına gəlir və deyir ki, ölümdən çox qorxur, bu qorxunu onun qəlbindən çıxarmaq üçün bir tədbir görsün. Mövlana da onun bu istəyini təbəssümlə qarşılayır və belə deyir:

– Kim haranı abad edibsə, orada oturmaq istər, haranı da bərbad edibsə, ora getmək istəməz. Sən bu dünya həyatında dünyanı düşünmüsən, axirətini düşünməmisən, dünyanı abad elədiyin halda, axirətini bərbad eləmisən. Ona görə də bu gün sənin üçün abad olan bu dünyadan qopub, yenə sənin üçün bərbad olan axirətinə getməkdən qorxursan.

– Bəs axirətimi abad eləmək üçün neyləməliyəm?

– Allah-Təalanın əmrlərini yerinə yetirməlisən, insanlara qarşı xeyirxah olmalısan, könlünü, ruhunu gözəlləşdirməlisən, nəfsinin istəklərinə əsir olmamalısan, Allahın rizasını sənə qazandıracaq əməllər işləməlisən.

Bəli, uzun, incə bir yoldayıq. Bu dünya həyatı bir hovur dincəlmək üçün oturduğumuz bir ağac kölgəsindən artıq deyil. Bir azdan qalxıb hər kəs öz yoluna davam edəcək. Və varılacaq mənzillər yolundan bəllidir. Yol dediyin də hər gün işə gedib evə döndüyün küçələr, səkilər, dalanlar deyil, niyyətindir, əməlindir…