“Kim bunu edirsə, səhvə yol verir”

0
422

Bəzən yol nişanlarının üzərinə “kamera quraşdırılır” və s. bu kimi reklam kağızları yapışdırılır. Ekspertlərin fikrincə, bu, sürücünün diqqətini yayındıra və qəzalara səbəb ola bilər. Mövzu ilə bağlı “Yeniavaz.com”un sualını “Azəravtoyol” ASC-nin mətbuat katibi Anar Nəcəfli cavablandırdı: “İlk növbədə yol nişanı ona görə qoyulur ki, sürücü ona baxıb avtomobilini rahat idarə edə bilsin. Xüsusən, o yol nişanları gecə, qaranlıq vaxtı işiq effektinə malikdir. Onun üzərinə işiq düşdükdə əks elətdirir və sürücü yol nişanına uyğun avtomobilini idarə edir. Amma bəzən yol nişanlarının üzərinə yoldan keçən adamlar və ya hansısa şirkətin nümayəndələri reklamlar vururlar. Onlar elə düşünür ki, ən münasib yer yol kənarıdır, yol nişanıdır, daha tez nəzərə çarpacaq. Yəni əlçatan və münasib olan yer kimi nəzərdə tuturlar. Düşünürlər ki, onların reklamını həm sürücü, həm sərnişin rahatlıqla görə bilər. Ancaq fikirləşmirlər ki, bədbəxt hadisələrə səbəb ola bilər. İkincisi, bizim əməkdaşlar belə reklam kağızlarını görən kimi qoparmağa çalışırlar. Ancaq başqa bir problem ortaya çıxır. Reklam kağızını qoparanda yol nişanı zədələnir. Çünki kağızlar xususi yapışdırıcılarla vurulur. Bu halda yol nişanını dəyişdirmək məcburiyyətində qalırıq. Hələ ki, bununla bağlı sadəcə media vasitəsi ilə xəbərdarlıq edirik, ancaq görsək ki, bu davamlı olur, o zaman tərəfimizdən addımlar atılacaq”.
“Bizim qanunvericiliyin o tipli səhvlər “ağlına” gəlmir”
“Onların hamısı qanunsuzdur, belə şeylər olmamalıdır”. Bunu nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov dedi. Onun sözlərinə görə, nişanların təhrif olunması, nişanların hərəkət iştirakçıları tərəfindən anlaşılmaması halına gətirilməsi yolverilməz və təhlükəlidir: “Kim bunu edirsə, səhvə yol verir. Bizim qanunvericiliyin o tipli səhvlər “ağlına” gəlmir. Ümümiyyətlə, nişanlara belə qanunsuz müdaxilələr etmək, nişan yerini dəyişmək, nişanlar üzərinə nəsə əlavə etmək cəriməyə səbəb olur. Ona gərə də, yol polisi əməkdaşları və digər məsul şəxslər bu işə nəzarət etməlidirlər. Belə hal olan kimi, dərhal normal vəziyyətə gətirmək lazımdır. Çünki çox təhlükəli hadisələrə səbəb ola bilər. Həmin qanun pozuntusunun 80-100 AZN cəriməsi var. İndi tutaq ki, yol polisi görübsə, həmin şirkətlə əlaqə saxlayıb araşdırır, onlar da məlumat verirlər ki, “biz reklam kağızlarını yaymaq üçün kuryerə vermişdik, onlar da rahat olsun deyə aparıb ora yapışdırıblar”. Əslində onları da tapmaq olar. Hər bir halda bu işlər izlənilməlidir”.
Ruzbeh Məmməd