Kiçik biznesin və məşğulluğun genişlənməsinə imkan yaradan amil

0
2786

Son illər qeyri-neft sektoru ilə bağlı həyata keçirilən tədbirlər digər sahələrlə yanaşı, turizmə də öz töhfəsini verməkdədir. Belə ki, bu sahənin sürətlə inkişafı ölkəmizə gələn turistlərin sayının getdikcə artmasına səbəb olub. Ötən il ölkəmizi ziyarət edən turistlərin sayı rekord həddə  – 3 milyon 170 min nəfərə çatıb ki,  bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 11, 4 faiz artım deməkdir. Bu fakt onu deməyə əsas verir ki, həqiqətən  ölkəmizdə turizm sahəsi inikişafdadır.

Turizm sektorunun inkişafı ölkəmizə valyuta axınında da mühüm rol oynayıb. Təkcə bank kartları ilə xarici turistlər Azərbaycanda 1 milyard 260 milyon manat pul xərcləyiblər. Ümumi hesablama göstərir ki, xarici turistlər ölkəmizdə bütövlükdə 4,3 milyard manat pul xərcləyiblər. Bu isə o deməkdir ki, turizm həm də mühüm gəlir mənbəyidir. Prezident İlham Əliyev fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda demişdir ki,  mən turizmi də ixrac növü hesab edirəm: “…əgər bunu ixrac növü kimi hesablasaq, neftdən sonra ikinci sahə turizmdir”. Sabitlik, əmin-amanlıq hökm sürən və qonaqpərvərliyi ilə seçilən ölkəmizdə turistlər üçün hər cür şərait olduğunu və artıq dünyanın bütün aparıcı otellərinin brendlərinin də fəaliyyət göstərdiyini vurğulayan dövlətimizin başçısı, həmçinin bu sahənin daha da inkişaf etdirilməsini tövsiyə edərək bildirmişdir: “Harada ki, boşluqlar var, biz öz turizm imkanlarımızı gərək səfərbər edək… Qış turizminin inkişafı, Şahdağ xizək kompleksinin gələcək inkişafı ilə bağlı göstəriş verilmişdir”. Bu isə  turizmin inkişafının bundan sonra da diqqət mərkəzində olacağından xəbər verir.

İstər Bakıda, istərsə də bölgələrdə turistlərin istirahəti üçün yüksək səviyyədə yaradılan şərait bir daha təsdiqləyir ki, hazırda ölkəmizdə turizm sektorunun inkişafına xüsusi diqqət yetirilir. Bu istiqamətdə görülən işlər bölgələrimizin potensial imkanlarının üzə çıxarılmasında, nəticədə bölgə əhalisinin rifahının əhəmiyyətli dərəcədə yüksəlməsində əhəmiyyətli rol oynayır. Məsələn, bu gün həm də ölkə başçılarının iştirakı ilə keçirilən beynəlxalq əhəmiyyətli görüşlərin, sammitlərin, mötəbər idman və mədəniyyət tədbirlərinin təşkil olunduğu bir məkana çevrilən Qəbələ dünyanın bir sıra kurort şəhəri ilə müqayisə oluna bilər. Prezidentin tapşırığı ilə inşa olunan  43 kilometrlik Ləki-Qəbələ dəmir yolu xətti isə təkcə Qəbələnin deyil, bütün regionun turizm potensialının daha da inkişafına böyük təkan verəcək. Yeri gəlmişkən qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatının turizm nazirlərinin Banqladeşin Dəkkə şəhərində keçirilmiş 10-cu konfransında Qəbələ şəhəri 2020-ci il üçün İslam Turizm Paytaxtı seçilib.

Bu fikirləri Quba rayonuna da şamil etmək olar. Belə ki, 2015-ci ildə Qubaya 942-si xarici olmaqla, ümumilikdə, 23 min 761 nəfər turist gəlmişdisə, 2019-cu ildə xarici turistlərin sayı 36,4 dəfə artaraq 34 min 328 nəfərə çatıb. Ümumilikdə isə turistlərin sayı 2,8 dəfə artaraq 66 min 870 nəfər  olub. Hazırda tikintisi aparılan Quba-Qonaqkənd və Susay-Xınalıq avtomobil yolları istifadəyə verildikdən sonra bölgəyə turist axınının daha da artacağı proqnozlaşdırılır.

Bəli, bütün bunlar turizm istiqamətində görülən işlərin nəticəsidir. Şübhəsiz, bu il əvvəlki ildən də çox ölkəmizə turist gələcək. Hər halda bu ilin ilk ayının statistikası belə deməyə əsas verir. Prezident bu barədə elə həmin tədbirdə demişdir: “Onu da bildirməliyəm ki, bu gün mənə məlumat verildi, bu ilin yanvar ayında 2019-cu ilin yanvar ayı ilə müqayisədə turistlərin sayı 18 faiz artıb. Özü də turistlər üçün o qədər də cəlbedici olmayan yanvar ayında. Keçən il 11 faiz, ondan əvvəl 4 faiz, ondan əvvəl 24 faiz, ondan əvvəl 22 faiz, ardıcıllıqla. İndi ancaq yanvar ayında 18 faiz. Ona görə hesab edirəm ki, əgər keçən il ölkəmizə 3 milyon 170 min turist gəlmişdisə, bu il daha çox gələcək”.

Mütəxəssislərin fikrincə, turizm axını həm də kiçik biznesin və məşğulluğun genişlənməsinə imkan yaradan amillərdən biridir. Ona görə də turizm gəlirlərinin əhəmiyyətli dərəcədə artırılması və mövcud potensialdan səmərəli istifadə edilməsi üçün kiçik mehmanxanalar sisteminin yaradılması, regionlarda ekoturizm potensialının maksimum reallaşdırılması, xidmətin keyfiyyətinin yüksəldilməsi və hava nəqliyyatının daha da inkişaf etdirilməsi vacib əhəmiyyət kəsb edir.

Qvami Məhəbbətoğlu, “İki sahil”