Keyfiyyətsiz sular təklif olunur

701

Fazil Talıblı: “Mütəmadi satışda olan sulardan nümunə götürüb yoxlayırıq”. Eyyub Hüseynov: “Xəstəliklərin 60%-i sudan qaynaqlanır”.

Suyun insan orqanizmi üçün həyati əhəmiyyət daşıdığı barədə çox eşidirik. Sağlam yetkin kişilərin vücudlarının 60%-i sudan ibarətdir. Qadınlarda isə bu rəqəm 50%-dir. Dünyaya yeni göz açan körpələrin isə bədənlərinin 70-75%-ni su təşkil edir. Beynimizin 95%-i, ağciyərlərimizin isə 90%-i sudan ibarətdir. Həkimlər bildirirlər ki, bədənimizdəki bütün sistemlər, orqanlar və hüceyrələr kifayət qədər su olmadan funksiyalarını həyata keçirə bilmirlər. Misal üçün, bədənimizdəki mayenin miqdarı çox az, təxminən 2% azaldığı təqdirdə, yorğunluq, yaddaş zəifliyi, diqqət dağınıqlığına səbəb olur.

Ölkəmizdə bir neçə gündür ki, isti hava müşahidə olunur. İyunun 22-si ilin ən isti fəslini – yayı qarşılayacağıq. Təbiidir ki, havaların isti olması insanlarımızın suya olan təlabatının da artmasına səbəb olur. Bu da keyfiyyətli su məsələsini bir daha gündəmə gətirir.

“Xəstəliklərin 60%-i sudan qaynaqlanır”

Mövzumuzla bağlı suallarımızı cavablandıran Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, qablaşdırılaraq insanlara təklif olunan suların keyfiyyətləri ürəkaçan deyil: “Mən neçə ildir ki, bu məsələyə aydınlıq gətirmək istəyirəm. Bu yaxınlarda bizim əməkdaşların iştirakı ilə ölkəmizdə satışa çıxarılan yerli firmaların istehsal etdiyi suların testlərini keçirdim. Nəticələr yaxşı deyildi. Su bazarı həddindən çox hərc-mərcliklə doludur. Mən bu barədə cəmiyyətə məlumat verdim. Amma həddindən artıq təzyiqlərlə üzləşdim”.

“Maraq doğuran məsələlərdən biri də budur ki, bazarda litri 20 qəpiyə də, 8 manata da su satılır. Doldurma qablarının fərqli olması suların qiymətində bu qədər fərq yarada bilməz”,-deyən müsahibimiz sözlərini belə davam etdirdi: “Bildiyiniz kimi, insan bədəninin 60%-i sudan ibarətdir. Hesab edirəm ki, apteklərdə, xəstəxanalarda insanlarımızın növbəyə dayanmasının səbəblərinin də 60%-i istifadə etdikləri suyun keyfiyyətsiz olması ilə bağlıdır”.

“T.D.S-tester” qablaşdırılmış suyun krantdan gələn sudan çirkli olduğunu göstərir”

E. Hüseynovun sözlərinə görə, insanlar mağazalardan aldıqları suların keyfiyyətini özləri “T. D. S-tester” cihazı vasitəsilə də ölçə bilərlər: “T.D.S-tester” cihazlarından bir çox insanlarda var. Bu cihazlar sutəmizləyici filtr satıcıları tərəfindən də paylanılır, həm də açıq satışda var. İstəyən kəslər onu rahatlıqla əldə edə bilərlər. Demək olar ki, hər həftə mənə 8-10 insan telefonla zəng vuraraq bildirir ki, “T.D.S-tester” qablaşdırılmış suyun krantdan gələn sudan çirkli olduğunu göstərir”. Müsahibimiz bildirdi ki, adıçəkilən cihaz barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət edib: “Aidiyyəti dövlət komitəsi bu cihazların suyun keyfiyyətini düzgün ölçüb-ölçmədiyini araşdırmalıdır. “T.D.S-tester” özünü doğrultmursa, hesab edirəm ki, saxta cihaz kimi satışdan yığışdırılmalıdır”.

Eyyub Hüseynov onu da qeyd etdi ki, suların keyfiyyəti ilə bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin laboratoriyalarından birmənalı cavab ala bilmir: “Hesab edirəm ki, Azərbaycanda ekspertiza mafiyası var. Ölkəmizdə mükəmməl ekspertiza yoxdur”.

“Yerli və ucuz sular daha keyfiyyətlidir”

Əlində qablaşdırılaraq satışa çıxarılan sularla bağlı əsaslı dəlillərin olmasını iddia edən E. Hüseynov təzyiqlər səbəbilə ad çəkə bilmədiyini də ifadə etdi: “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən dəstək alandan sonra mən daha aydın araşdırmalar aparıb, nəticəsini ictimaiyyətə açıqlayacağam. Hesab edirəm ki, yerli və ucuz sular daha keyfiyyətlidir”.

“İnsanlar laboratoriyalara müraciət edərək, istənilən suyun keyfiyyətini analiz etdirə bilərlər”

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə bildirdi ki, suyun keyfiyyətinin aşağı olmasını iddia etmək üçün əldə laboratoriya nəticələri olmalıdır: “Heç kim suyun üzünə baxıb deyə bilməz ki, filan su keyfiyyətlidir, digəri keyfiyyətsiz”. Eyyub Hüseynovun adını çəkdiyi “T.D.S” cihazı haqqında da fikirlərini bildirən F. Talıblı sözlərini belə davam etdirdi: “O aparat praktikada özünü doğrultmur. Çünki suyun keyfiyyətini “T.D.S”lə müəyyənləşdirmək mümkün olsaydı, milyonlar xərcləyib laboratoriya qurmağa ehtiyac qalmazdı”. Müsahibimizin sözlərinə görə, istənilən vətəndaş akkreditasiyadan keçmiş laboratoriyalara müraciət edərək, istənilən suyun keyfiyyətini analiz etdirə bilər: “İndi çox insan var ki, həyətindən su çıxır. Həmin insanlar laboratoriyaya müraciət edərək, onun içməyə yararlı olub-olmamasını öyrənə bilirlər”.

“Mütəmadi olaraq satışda olan sulardan nümunə götürüb yoxlayırıq”

Satışda olan sular haqqında da danışan F. Talıblı bunları dedi: “Mütəmadi olaraq satışda olan sulardan nümunə götürüb yoxlayırıq. Yay mövsümündə yoxlamalarımız daha da intensivləşir. Standarta uyğun olmayan sular aşkar olunduqda istehsalçı şirkət cəzalandırılır və həmin sular satışdan yığışdırılır. Misal üçün, son olaraq yeddi istehsal müəssisəsində yoxlama aparmışıq. Onlardan Balakən rayonunun Qumlar kəndində Yunusov Yaşara, eyni zamanda Qax rayonu Qum kəndində yerləşən Əliyev Cunəliyə məxsus su firmaları istehsalda nöqsanları aşkar olunduğu üçün fəaliyyətləri dayandırılıb”.

“Plastik qablardakı suları gün şüaları tutan yerdə saxlamaq olmaz”

”Plastik qablardakı suları gün şüaları tutan yerdə saxlamaq olmaz”, – deyən müsahibimiz bildirdi ki, belə olan halda, istənilən su keyfiyyətini itirə bilər: “Hər bir məhsulun özünəməxsus saxlanma qaydaları var. Ona riayət olunmadıqda ən yüksək standartlarla istehsal olunan məhsul belə keyfiyyətini itirə bilər”.

F. Talıblı sonda onu qeyd etdi ki, Azərbaycanda insanlara təklif olunan suyun keyfiyyətinə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, İqtisadiyyat və Sənaye Nazirliyinin tərkibində olan İstehlakçı Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Səhiyyə Nazirliyi öz səlahiyyətləri daxilində nəzarət edirlər: “İstehlakçılar onsuz da yaxşını pisdən ayıra bilirlər. Amma yenə də hansısa məhsuldan şübhələndikləri halda, satıcıdan sertifikat tələb etsinlər. Onu da nəzərinizə çatdırmaq istəyirəm ki, insanlara, adətən, keyfiyyətsiz sular iaşə xidməti obyektlərində təklif olunur. İnsanlar elə bir halla rastlaşdıqları təqdirdə, 963 nömrəsinə zəng vurub, məlumat versinlər”.