“Keyfiyyətli qida məhsullarının istehsalı bazarlarda uğur əldə etməyin əsas şərtidir”

636

Günümüzün ən aktual mövzularından biri, heç şübhəsiz ki, qida təhlükəsizliyi ilə bağlıdır. Biz də bu mövzuda ətraflı məlumat almaq məqsədilə Keyfiyyət Assossasiyasının rəhbəri Samir Novruzlu ilə söhbətləşdik.

– Son illərdə istər insanlar arasında, istərsə də mətbuatda “qida təhlükəsizliyi” haqqında çox danışılır. Sizcə, nədir bu qida təhlükəsizliyi? İnsanların həyatındaki önəmi nədən ibarətdir?

– Qida təhlükəsizliyi dedikdə, istehlakçı üçün qida məhsullarının əlçatanlığı – istehlak bazarında qida məhsullarının fiziki mövcudluğu və istehlakçının öz tələbatını ödəməsi üçün həmin qida məhsullarını almaq, əldə etmək imkanı başa düşülür. Yəni, qida təhlükəsizliyi istehlak bazarındakı miqdarı və istehlakçının alıcılıq qabiliyyətinin vəhdəti ilə səciyyələnir. Qida təhlükəsizliyi dedikdə, hər hansı bir qida məhsulunun insan sağlamlığı üçün zərərli olan bioloji, kimyəvi və fiziki təhlükəli faktorlardan azad olması nəzərdə tutulur.

Qida təhlükəsizliyi hər hansı bir qida məhsulunun insan, heyvan və ətraf mühit sağlamlığı üçün təhlükə mənbəyi olmaq ehtimalından azad olmasıdır. Qida təhlükəsizliyi – sağlamlıq üçün fəsadlar yarada biləcək təhlükəli faktorların qida məhsullarının tərkibində qalmaq, sonradan yaranmaq və ya sonradan qida məhsullarının tərkibinə daxil olmaq ehtimalının istisnası deməkdir. Hər hansı bir qida məhsulunda təhlükəli faktorların yer alması ehtimalı məhsulun istehlakçıya çatanadək keçdiyi istənilən mərhələdə yarana bilər.

Məhsul xammalının istehsalı və saxlanması, xammalın daşınması, emalı və qablaşdırılması, hazır məhsulun saxlanması və daşınması, ticarət və ictimai-iaşə obyektlərində məhsulun saxlanması mərhələlərinin istənilən birində onun təhlükəli faktorlarla təmasda olmaq və ya yoluxmaq, bu faktorların məhsulun tərkibinə düşmək ehtimalı istisna deyildir.

Ona görə də qida təhlükəsizliyinin etibarlı təmin edilməsi üçün elə idarəetmə sistemi seçilməlidir ki, bu, məhsulun keçdiyi bütün mərhələləri əhatə etmiş olsun.

Yəni qida təhlükəsizliyinin idarəetmə mexanizmi qida məhsulunun istehsalından başlamış istehlakçıya çatdırılana qədər keçdiyi bütün mərhələləri əhatə etməli və vahid sistem halında fəaliyyət göstərməlidir. Göstərilən mərhələlərdən hər hansı birində müvafiq monitorinq sistemi yetərincə həyata keçirilməzsə, ümumi sistemin səmərəliliyini təmin etmək mümkün olmayacaqdır. Təcrübə göstərir ki, təhlükəli qida məhsullarına qarşı mübarizə tədbirlərinin ancaq istehlak bazarlarında həyata keçirilməsi, yəni artıq istehlak bazarına daxil olmuş hazır məhsulun təhlükəsizliyinin təmin edilməsi üçün həyata keçirilən tədbirlər bir o qədər də səmərəli olmamış və qida təhlükəsizliyinin idarə edilməsi mexanizmi kimi özünü doğrultmamışdır. Qida təhlükəsizliyinin etibarlı təminatı kompleks yanaşma tələb edir və istehlak bazarında hazır məhsula nəzarət etməkdənsə, qida məhsulları istehsal zəncirinin bütün mərhələlərində məhsulun zərərsizliyini şərtləndirən qida təhlükəsizliyinin idarə edilməsi mexanizmlərinin yaradılmasını və tətbiqini zəruri edir.

– Beynəlxalq standartların tələblərinə görə, müəssisələrdə qida təhlükəsizliyinə necə nail olmaq mümkündür?

– Hazırda dünyada qida təhlükəsizliyinin idarə edilməsi üçün ən çox istifadə olunan sistem HACCP (Hazard Analysis and Critical Control Point – Təhlükələrin Analizi və Kritik Nəzarət Nöqtələri) sistemidir və bu, qida təhlükəsizliyinin idarə edilməsi üçün mühüm əhəmiyyət kəsb edən, təhlükəli faktorların eyniləşdirilməsi, qiymətləndirilməsi və onlara nəzarət mexanizmidir. Təhlükəli faktor – insan sağlamlığı üçün təhlükə mənbəyi olub, ərzaq məhsullarında yer alan bioloji, kimyəvi və fiziki agent və ya ərzaq məhsulunun vəziyyətidir. Kritik nəzarət nöqtəsi isə təhlükəli faktorun qarşısını almaq, aradan götürmək və ya onu məqbul həddə salmaq üçün nəzarətin zəruri olduğu istehsal zəncirinin mərhələsidir.

HACCP müasir dövrdə qida təhlükəsizliyinin idarə edilməsi üçün istifadə edilən ən səmərəli sistem hesab edilir. Bir neçə beynəlxalq təşkilat bu sistemi beynəlxalq statuslu standart kimi qəbul etmiş və qida təhlükəsizliyinin idarə edilməsi üzrə texniki-normativ qaydalar hazırlanmışdır.

Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) HACCP sistemini ISO 22000:2005 “Qida təhlükəsizliyini idarəetmə sistemləri. Qida zəncirində iştirak edən bütün təşkilatlara olan tələblər” adlı beynəlxalq statuslu standart kimi qəbul etmişdir. Bir çox ölkələr bu standartı milliləşdirmiş və özlərinin standartlar bazasına daxil etmişlər.

Qida təhlükəsizliyini idarəetmə sistemi qida zənciri boyunca qida məhsullarının yaradılmasından tutmuş onun yeməkdə son istifadəsinə qədər qida təhlükəsizliyinin təmin edilməsinə imkan verən hamı tərəfindən qəbul olunmuş aşağıdakı əsas elementləri özündə əks etdirir:

– interaktiv informasiya mübadiləsi;

– idarəetmə sistemi;

– ilkin vacib şərtlər proqramı;

– HACCP prinsipləri;

– ISO 22000 standartın tətbiqi müəssisələrə aşağıdakı faydaları təmin edə bilər:

– texnoloji prosesin bütün mərhələlərində qida məhsullarının təhlükəsizlik parametrlərini əhatə edən sistemli yanaşmaya nail olunması;

– önləyici tədbirlərdən istifadə edilməsi;

– qida təhlükəsizliyinə təsir göstərən faktorlara nəzarət edilməsi;

– qida təhlükəsizliyinin təmin edilməsi üzrə səlahiyyətlərin müəyyən edilməsi;

– ümumi istehsalda itkilərin və zay məhsulun payının azaldılması;

– ISO 9001 və HACCP ilə inteqrasiya üçün əlavə imkanların yaranması;

– istehsal edilən məhsula istehlakçılar tərəfindən etibarın artması;

– yeni satış bazarlarına çıxış imkanlarının artması;

– istehsal edilən məhsulun rəqabət qabiliyyətinin artması;

– investisiya baxımından təşkilatın cəlbediciliyinin artması;

– təhlükəsiz və keyfiyyətli məhsul istehsal edən təşkilat imicinin formalaşması.

– Sizin fikrinizcə, respublikamızda qida məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi üçün hansı tədbirlər görülməlidir?

– Müasir dövrün iqtisadi proseslərinin təhlili və inkişaf etmiş ölkələrin təcrübəsi əyani şəkildə sübut edir ki, yalnız keyfiyyətli qida məhsullarının istehsalı və istər daxili, istərsə də xarici bazarlarda uğur əldə etmək üçün əsas şərtdir. Bu səbəbdən keyfiyyət həm dövlətin, həm istehsalçının, həm də istehlakçının başlıca marağıdır.

Dövlət üçün keyfiyyət xalqın həyat səviyyəsinin yüksəldilməsi, iqtisadiyyatın sağlamlığı və vətəndaşların təhlükəsizliyi, ekoloji əmin-amanlıq, milli malların rəqabətə davamlı olmasıdır.

Qida sənayesi respublikanın istehsal potensialının artırılmasında, iqtisadiyyatın intensiv inkişaf yoluna keçirilməsində, iqtisadiyyatın bütün sahələrinin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsində aparıcı rol oynayır. Qida məhsulları bazarının normal və səmərəli fəaliyyətinin təşkili məqsədilə bazar infrastrukturunun inkişaf etdirilməsi və genişləndirlməsi, strateji mallar bazarına dövlət nəzarətinin gücləndirilməsi, bəzi növ strateji məhsulların istehsal-emal və ixracı üçün stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi, strateji mallar bazarının səmərəli fəaliyyətinə şərait yaradan ictimai mühitin təmin edilməsi, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi lazımdir.

Elvin Əliyev