Keçmişin həsrəti

0
620

Bir neçə həsrət qoxulu yazı yazmaq qərarına gəldim. Nə üçün? Çünki bu gün mənə həsrət yaşadan bir neçə şey bu günün gəncləri üçün naməlum, anlaşılmaz ola bilər. Başqa cür ola bilərmi? Axı onlar həyatın bu səhifələrini yaşamaq bir yana, nə görmüş, nə eşitmişlər.

Bunlardan biri haqqında bu gün danışacağam, digərləri haqqında sırası ilə. Təndirlər.

Təndirlərin qoyulduğu kiçik damlara təndirəsər deyərdilər. Əvvəlcə, yerdə dərin bir quyu qazardılar, sonra bu quyunun ətrafını at tükü ilə yoğurulmuş gildənpalçıqla hörər, hava üçün gilif adlanan baca qoyar, sonra gili şiddətli odda bişirərdilər. Təndir qoyan ailəyə qonşular gələr, təbrik edər, heyran-heyran təndirə baxar və onu başqa qonşuların təndirləri ilə müqayisə edərdilər. Gözəl idi o mənzərələr, çox gözəl!

İndi bəzi rayonlarda nəyə görəsə təndiri qadağan ediblər. Səbəbini bilmirəm, ancaq bildiyim bir şey var ki, o da təndirin insanlararası münasibətlərin möhkəmlənməsində xüsusi, müstəsna roludur.

Uşaqlığımda, xatırladığım budur ki, təndir hər həyətdə olmazdı, bir məhəllədə 30-40 evin yarısında, bəlkə 1/3-də olardı. Məhəllənin qadınları toyqabağı, bunun kimi başqa məclislərdən əvvəl, yaxud da qış ruzisi tədarükü üçün təndiri qalayar, lavaş yapardılar. Təndiri qalamaq üçün payızda, yazda ağacları budayanda, əkin-biçini pozanda odun tədarük edirdilər. İş çox zəhmət tələb etdiyi üçün çörək yapılan evə mütləq qonşu qadınlar toplaşardı. Kimi xəmir edər, o biri xəmiri açar, üçüncüsü onu təndirə hazırlayar, dördüncüsü təndirə yapardı. Ev sahibinin qızları qonşulara çay hazırlayar, yay fəslidirsə, ayran, salat, yaxud bunlar kimi yüngül yeməklər hazırlayardılar.

Qadınların təndirbaşı söhbətləri bambaşqa olardı. Kimisi ərindən, kimisi əsgərlikdəki oğlundan, kimisi yeni köçürdüyü qızından, kimisi özünün evdarlığından, bir sözlə, saya-hesaba gəlməyəcək mövzularda təndirbaşı söhbətlər baş alıb gedərdi.

Uşaqların ən həsrətlə gözlədiyi təndirdən çıxan ilk lavaşlar olardı. Arasına təzə pendir, arx kənarından dərilmiş yarpız, kərdilərdən toplanmış reyhan, kəvər, soğan…

Təndir insanları bir-birinə bağlayırdı, insanlar qonşusuz, qohumsuz, əqrəbasız yaşamağın mümkün olmadığının fərqinə varır, aralarındakı sevgi bağlarını möhkəmləndirirdilər. Çünki sabah olmasa, o biri gün, yaxud bir gün təndir başındakı qadınlardan birinin çörəyini yapmaq üçün yenə təndir başına toplanacaqdılar. Bu dəfə başqa bir həyətdə. Yenə söhbətlər, yenə uşaqların səs-küyü, yenə isti-isti təndirdən çıxarılan, adamın əlini yandıran lavaşlar, pendir, yumurta, yarpız, daha nələr, nələr…

Əlli, bəzən yüz kilo undan yapılmış lavaş dəstələrini saxlamaq üçün ya zirzəmidə, ya da anbar kimi istifadə edilən otaqlarda tavanın dirəyindən asılmış xüsusi taxta lövhələr olurdu, siçan, qurd-quş daraşıb yeyə bilməsin deyə…

– Ay bala, tez qaç filan xalagilə, de ki, qonağımız var, on-onbeş dənə lavaş versin, iki gün sonra yapacağıq, qaytararıq…

İndi təndir yoxdur, kəndlərdə çörəyi mağazadan alırlar. Ona görə də Fatma xalanın Zəhra xaladan, Zəhra xalanın Bəsti xaladan umacağı heç nə yoxdur. Onların bir-birilərinə ehtiyacı azaldığı üçün ərlərinin də, uşaqlarının da, ailələrin digər üzvlərinin də bir-birinə ehtiyacı əvvəlki kimi deyildir. İndi insanlar bir-birlərini toyda, yasda görür, bir-birilərinin paltarlarına, qır-qızılına baxır, evə gələndə də toyda gördüklərini danışmamış yatmırlar.

Necə bilirsiniz, təndirbaşı səmimiyyət üçün həsrət (nostalji) çəkməyimiz səbəbsizdirmi? Görəsən özümüzü bu gözəllikdən niyə məhrum edirik?

Nazim Əkbərov