Keçmişin həsrəti

465

Keçən yazımda keçmişi, həsrət mövzusunu davam etdirəcəyimə söz vermişdim. Bu həsrət unutduğumuz, unutmaqda olduğumuz bir neçə adət-ənənələrdən gedir. O adət-ənənələr ki, insanları bir-birinə bağlayırdı, insanlar arasında yardımsevərlik, xeyriyyəçilik hisslərini inkişaf etdirər, ən azı, bu hisslərin ölüb getməməsinə xidmət edərdi. Sözümü yerinə yetirməyə çalışıram.

Çox qədim zamanlarda deyil, hətta çox keçmişdə də deyil, iyirmi il bundan əvvəl toy toy sahibinin insan çevrəsindən asılı olaraq böyük, ya da çox böyük insan kütləsinin bir məqsədə yönəlməsinə xidmət edirdi. Toy mərasimi üç-dörd, hətta beş-altı gün çəkərdi. Amma hələ bu mərasimin başlayacağı günədək bütün yaxın və uzaq qohumlar, qonşular, dostlar, yoldaşlar səfərbər olurdular. Qonum-qonşulardan çadır, qazan, qab-qaşıq kimi şeylər tədarük edilərdi. Kimilərinin öhdəsinə bazarlıq etmək, kimilərinin öhdəsinə çadır, masa, stul kimi əşyaları tapıb gətirmək, kimiləri musiqiçilərlə əlaqə qurub onlarla razılaşmaq, kimiləri dəvətnamələri paylamaq kimi vəzifələri öhdəsinə götürərdi.

Sonra biş-düş işləri, xonça-tabaq bəzəmək, toy həyətini səliqəyə salmaq, başqa sözlə, bu gün kino-filmlərdə tamaşa edib ruhumuzda bir sərinlik hiss etdiyimiz səhnələrdəki işlər bir-birini əvəz edirdi. Paltarbiçmə mərasimi ilə başlayan toy “Xına (Həna) gecəsi” ilə son mərasim mərhələsinə qədəm qoyardı. Xına gecələri qız-gəlinlərin ciddi hazırlıqları ilə başlayar, toyun stresini atmaq, qonaqları, qohum-qardaşı sevindirmək, əyləndirmək üçün qızlar dəridən-boğazdan çıxardılar. Yorulub yatanları döşəyə tikər, üz-gözünü his qarası ilə bəzəyər, qəşş edib gülərdilər. Mənasını hələ də anlaya bilmədiyim, bizim tərəflərdə “Akuşqa”, başqa yerlərdə “Haxışqa” və s. bu kimi sözlərlə adlandırılan “xalq yaradıcılığı” başlayar, dinləyənlər uğunub gedərdilər.

Oğlanların da daxil olduğu bir qrup gecə yarısı çal-çağırla oğlan evindən qız evinə xına aparardı və “Akuşqa” deyişməsi burada zirvəyə qalxardı. Qız evindən qazan, toyuq gətirməklə başa çatan gecəni cavanlar sübh tezdən dünən toy üçün kəsilmiş qoçların baş-ayağından qoyduqları xaşla davam etdirərdilər.

Hələ toy çadırı! Qonum-qonşunun kəmali-ədəblə mağarda öz yerlərini tutmasından və musiqiçilərin bəxşiş almasından sonra başlayan oynamaq, oxumaq bir başqa idi. Toy mağarı ətrafında tum satanlar, şəkər-xoruz satanlar, uşaqların analarına qısılıb xırda pul qopardıqdan sonra bu səyyar satıcıların yanına qaçıb məmnun halda geri qayıdan uşaqlar… Toybəyinin əlində söyüd çubuğu toyu idarə etməsi, rəqs etmək istəyənlərin növbəsini tənzim etməsi, hərdən meydanda o yan-bu yana qaçıb rəqs edənlərə mane olan uşaqları əlindəki çubuqla hədələməsi… Toyçuları müntəzəm çayla təmin etmək vəzifəsi verilmiş cavan oğlanın həssaslığı… Yerə tökülən şabaşları toplayıb səliqə ilə dəstələyən və toyçuların çamadanına yığan toybəyi köməkçisi… Eh, saymaqla qurtarmaz ki!

Keçmiş toylarda hamı bir-birinə bağlı idi, bir-birinə ehtiyacları var idi. Bugünkü toyda isə… Bu gün toy sahibi ilə toya dəvət olunanlar arasındakı fərqi müəyyən etmək çox çətindir. Dəvət etdiyi qonaqlar kimi, toy sahibi də toy günü bərbərdən birbaşa restorana gəlir. Fərq yalnız onun restorana bir saat erkən gəlməsindədir. Onun restoranın pulunu toplayıb ödəməkdən və evə borclu qalmadan rahat getməkdən başqa hansı qayğısı var ki?

Mən növbəti həsrət yazımı yas mərasimləri haqqında yazmaq istərdim, amma düşünüb-daşındım, gördüm ki, toyla yas mərasimlərimiz arasında fərq çox azdır. O zaman bunu yazmağın mənası varmı? Qoy hər kəs özü düşünsün, müqayisə etsin və nəticə çıxarsın.