“Keçmişdən zəng” olacaq

380

Bu gün Akademik Milli Dram Teatrında Ukrayna yazarı Anatoli Krımın eyniadlı pyesi əsasında gənc rejissor ƏR-Toğrulun quruluşunda hazırlanmış “Keçmişdən zəng” tamaşasının premyerası keçiriləcək. Pyesi Azərbaycan dilinə  Dilsuz tərcümə edib. Janrı bir hissəli tragikomik virtual oyun kimi müəyyənləşdirilmiş tamaşa üzərində çalışan yaradıcı heyətin əksəriyyətini gənclər təşkil edir. Tamaşanın quruluşçu rəssamı Samirə Həsənova, musiqi tərtibatçısı Kamil İsmayıov, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Xanım Həsənovadır. Səhnə əsərində rolları    Əməkdar artist Sevinc Əliyeva (Qadın), aktyorlar    Rəşad Bəxtiyarov (Eynəkli) və Elnar Qarayev (Kişi) ifa edirlər.

Gənc rejissor ƏR-Toğrul və tamaşanın yaradıcı heyəti bu günə qədər Azərbaycan teatrına tanış olmayan müəllifin pyesinə müraciət edərək, mövzu, problematika, eləcə də forma baxımından müasir tamaşa yaratmağa çalışıb. Tamaşanın qısa süjeti belədir:

Eynəkli haker 15 il əvvəl onu aldadan arvadı və dostundan aldığı mənəvi zərbədən sarsılır. O, bu sarsıntını aradan qaldırmaq üçün “keçmişdən zəng” adlı virtual oyun qurur və dostu ilə arvadını da bu oyuna iştirakçı qismində əlavə edir. Oyun vasitəsilə Eynəkli  mənəvi əzabdan qurtulur…

…Və oyunun sonunda o, köhnə həyatından qalan bütün xatirələri silir və yeni həyata başlayır.