Kataloniya müstəqilliyinə nail ola biləcəkmi?

0
461

Ötən əsrin 90-cı illərinin əvvəllərində dünyanın ən böyük imperiyalarından biri olan SSRİ-nin dağılması, həmçinin II Dünya müharibəsindən sonra süni şəkildə yaradılan Yuqoslaviya Federasiyasının tarixdən silinməsi və onların yerində yeni müstəqil dövlətlərin əmələ gəlməsi ilə başlanan proses günümüzdə də Avropanı silkələməkdə davam edir.

Bu baxımdan Avropanın ən iri dövlətlərindən hesab edilən İngiltərədə Şimali İrlandiya, Şotlandiya və Uelsin, İspaniyada Kataloniyanın, Fransada Korsikanın müstəqillik uğrunda mübarizələrini ildən-ilə genişləndirməsi yeni müstəqil dövlətlərin meydana çıxmasının qarşısıalımaz proses olduğunu göstərməkdədir. Hər halda ötən gün bir vaxtlar İspaniya tərəfindən işğal edilən Kataloniyanın öz müstəqilliyi uğrunda apardıqları mübarizədə daha bir önəmli addım atması da Avropada əsarət altında olan xalqların belə bir vəziyyətlə artıq barışmaq niyyətində olmadıqlarının təsdiqi kimi dəyərləndirilir. Hələ 1871-ci ildə İspaniyadan ayrılmağa cəhd göstərən və 150 ildən atıq bir müddət ərzində müstəqilliyi uğrunda mübarizə aparan Kataloniya son illərdə ispanların əsarətindən xilas olmaq üçün müxtəlif tədbirlərə əl atmaqdadır. Bu çərçivədə də 1979-cu ildə muxtariyyət statusu əldə edən Kataloniyada 2009-2010-cu illərdə müstəqillik barədə qeyri-rəsmi referendum keçirildi. Referendumda iştirak edənlərin 90 faizi Kataloniyanın müstəqilliyinə səs verdi. 2012-ci ilin sentyabrında isə Kataloniyada bir milyondan yuxarı insan “Kataloniya Avropanın yeni müstəqil dövlətidir” şüarları altında küçələrə çıxdı. Kataloniyada müstəqillik hərəkatının yeni zirvəyə qalxmaqda olduğunu 2012-ci il noyabr ayının 25-də keçirilən regional seçkilərdə müstəqillik tərəfdarı olan güclərin qalib gəlməsi də sübut etməkdədir. Bunun da nəticəsi olaraq 2013-cü ilin yanvar ayının 23-də Kataloniya parlamenti muxtar qurumun müstəqilliyi haqqında deklarasiya- bəyannamə qəbul etdi. Ötən ilin noyabr ayının 9-da Kataloniyada müstəqillik haqqında referendum keçirilməli idi. Lakin İspaniya hökumətinin bu məsələyə sərt reaksiya verməsi Kataloniya muxtariyyəti rəhbərliyini qarşıdurmaya yol verməmək üçün geri addımlar atmağa məcbur etdi. Çünki Kataloniya muxtariyyəti rəhbərliyi müstəqilliyin dinc yollarla, qan axıdılmadan, sivil hüquq normalarına uyğun əldə edilməsini öz mübarizələrinin aparıcı prinsipi hesab edirlər.

Bu ilin sentyabr ayının 27-də keçirilən regional seçkilərdə müstəqillik tərəfdarı olan Junts Pel Si (“Birlikdə “bəli”) koalisiyası və ultra sol Xalq Birliyi Namizədi Partiyası qalib gəldi. Seçkilərin nəticələrinə görə, Junts Pel Si (“Birlikdə “bəli”) parlamentdə 135 deputat yerindən 65-ni əldə etdi. Təxminən 13 deputat yeri isə ultra sol partiyaya nəsib oldu. Xatırladaq ki, Junts Pel Si (“Birlikdə “bəli”) koalisiyasına Kataloniya muxtar hökumətinin başçısı Artur Masın Kataloniya Demokratik Konvergensiyası Partiyası və Oriol Junkerasın lideri olduğu Kataloniyanın Sol Respublikaçılar Partiyası daxildir.

Bu baxımdan noyabrın 9-da Kataloniya müstəqillik uğrunda apardıqları mübarizədə ən önəmli addımlardan birini atdı. Belə ki, Kataloniya parlamenti müstəqillik haqqında qətnamə qəbul edib. Qətnamənin lehinə 72, əleyhinə isə 63 deputat səs verib. Qətnaməyə əsasən 18 ay ərzində müstəqil respublikanın özünü idarəetmə strukturlarının yaradılması nəzərdə tutulub. Eyni zamanda ölkənin müstəqil Konstitusiyasının hazırlanmasının və qəbul edilməsinin də 18 ay ərzində başa çatdırılması planlaşdırılıb.

Qətnamədə həmçinin İspaniya Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarlara tabe olunmaması və bu qurumun müstəqil dövlətin daxili işlərinə müdaxilə etməyə hüquqlarının olmadığı da xüsusi vurğulanıb.

Ölkə parlamenti tərəfindən müstəqillik haqqında qəbuyl edilən qətnamə yerli əhali tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb. Ötən gün ölkənin demək olar bütün ərazilərində parlamentin qəbul etdiyi müstəqillik haqqında qətnaməni dəstəklyən nümayişlər keçirilib.

Səsvermədən sonra Mas kütləvi informasiya vasitələri əməkdaşlarına verdiyi müsahibələrində müstəqillik haqqında parlament tərəfindən qəbul edilən qətnaməni böyük uğur adlandırıb. O qeyd edib ki, İspaniya mərkəzi hökumətinin narazılığına və bunu qeyri-qanuni adlandırmalarına baxmayaraq Kataloniyanın müstəqilliyinə heç bir qüvvə mane ola bilməyəcək. Mas eyni zamanda İspaniya hökumətini məsələ ilə bağlı yalandan demokratiyanın pozulması barədə hay-küy qaldırmalarını və bunun qabağını almaq üçün polis güclərindən istifadə edəcəklərini söyləmələrini də tənqid edib. O deyib ki, İspaniyanı idarə edənlər Kataloniyanın müstəilliyi məsələsində müxtəlif yollarla dialoqdan qaçır, xalqın müstəqilliyinin qarşısını polis güclərindən istifadə etməklə almaq istəyirlər. Mas belə hesab edir ki, polis güclərindən xalqın əleyhinə istifadə etmək niyyətində olan hökumətdən bundan artıq da heç nə gözləmir. Mas İspaniyanın baş naziri Raxoya məsləhət görüb ki, demokratik prinsiplərə əsasən hərəkət etsin və müstəqilliyini tələb edən xalqla problemi sivil yollarla həll etmək üçün danışıqlara başlasın. Mas katalonların öz müstəqilliklərini əldə etmək üçün bütün hüquqi əsaslara malik olduğunu xüsusi vurğulayıb.

İspaniya katalonların müstəqilliyini

qəbul etməyəcək

Kataloniyanın müstəqillik haqqında qətnamə qəbul etməsi Madriddə birmənalı qarşılanmayıb. Bununla əlaqədar İspaniyanın Baş naziri Raxo bildirib ki, katalonların müstəqillik haqqında qəbul etdikləri qətnamə adi kağız parçasından başqa bir şey deyil. Raxo: “Biz baş verənlərlə bağlı Konstitusiya Məhkəməsinə müraciət edəcəyik. Məhkəmə Kataloniyanın müstəqilliyi barədə qəbul edilən qətnamənin hüquqi qüvvəyə malik olmadığı barədə qərar qəbul edəcək”, – deyib.

Onun sözlərinə görə Konstitusiyaya əsasən ölkədə separatizm qadağan edilib və ayrı-ayrı subyektlərin ölkədən ayrılmasına yol verilmir. Raxo: “İspaniya Konstitusiyasına əsasən Kataloniya muxtar qurum statusuna malikdir və bu, onlara özlərini idarə etməyə imkan verir”, – deyib.

Xatırladaq ki, Kataloniyanın bundan əvvəl də müstəqillik cəhdlərinin qarşısını İspaniya hökuməti Konstitusiya Məhkəməsi vasitəsi ilə almışdı.

Kataloniyanın müstəqilliyini elan edənlərin də əks tələblərlə çıxış etdiklərini nəzərə alanda belə başa düşmək olar ki, Kataloniya parlamenti ilə İspaniya hökuməti arasında ziddiyyətlər daha da dərinləşəcək.

Kataloniya İspaniyanın xəzinəsidir

İspaniyanın Kataloniyanın müstəqilliyinə mane olmasının əslində önəmli səbəbləri var. Belə ki, İspaniyanın ümumdaxili məhsulunun 18-20 faizini Kataloniya verir. Katalonların orta aylıq əmək haqqı İspaniyanın digər yerlərində yaşayanlarındakından 35-40 faiz yüksəkdir. İspaniyanın xaricə ixrac etdikləri məhslulun 80 faizi Kataloniyanın payına düşür. Kataloniya İspaniya xəzinəsinə verdiyi gəlirlər nəticəsində ildə 8-10 milyard avro itirməkdədir. Belə bir vəziyytədə İspaniyanın Kataloniyanın müstəqilliyini həzm edə bilməsi ağlabatan görünmür. Dünən İspaniya hökuməti Kataloniyanın müstəqilliyi barədə məsələni müzakirə edərək onun ölkə Konstitusiyasına zidd olduğunu bəyan edib. Bununla bağlı Konstitusiya Məhkəməsinə müraciət edilib. Konstitusiya Məhkməsinin isə Kataloniyanın müstəqilliyi haqqında parlament tərəfinən qəbul edilən qətnamənin hüquqi qüvvəyə malk olmadığı barədə qərar qəbul edəcəyi şübhə doğurmur. Ancaq bu yolla çətin ki, İspaniya hökuməti Kataloniyanın müstəqilliyinə mane ola bilsin.

Əziz Mustafa