“Kasıbın malı” – ucuz bəzək əşyaları baha başa gələ bilər

748

Esmira Hidayətova
Hər bir qadın zövqlə geyinməyi xoşlayır. Ən əsas da yaz-yay ayları gələndə xanımlarımız geyindikləri hər bir geyimə uyğun bəzək əşyaları taxmağı xoşlayırlar. Ümumiyyətlə, bir qadını zövqlü göstərən onun geyim tərzidir. Zövqlə seçilmiş bəzək əşyaları da insanın gözəlliyinə gözəllik qatır. Bəzi xanımlarımız isə gündəlik geyimlərinə uyğun bijuteriyalar taxmağı daha çox sevirlər. Əvvəllər xanımlar qızıldan olan bəzək əşyalarına daha çox üstünlük verirdilər. Son vaxtlar qiyməti baha olduğu üçün istər-istəməz bir çox xanımlar üçün qızıl əlçatan olmur. Bəlkə elə buna görədir ki, dükanlarda satılan rəngbərəng, gümüşdən və sadə metaldan hazırlanmış bəzək əşyaları diqqəti daha çox cəlb edir. Həm qiymətləri sərfəlidir, həm də görünüşü. Bəs, görəsən, bu bəzək əşyalarının insan orqanizminə hansı təsirləri var? Ticarət mərkəzlərində bu əşyalara tələbat necədir?
Heç bir dükanda bu malların keyfiyyətini təsdiq edən sənəd olmadı
Əvvəlcə, çoxsaylı və müxtəlif çeşiddə satılan bijuteriya dükanında bir neçə xanımla həmsöhbət olduq. Şəhər sakini İradə İbrahimli bijuteriyalara marağı olduğunu dedi: “Müəlliməyəm, həmişə istəmişəm ki, geyindiyim paltara uyğun bəzək əşyaları taxım. Ona görə də bu bəzək əşyalarından istifadə edirəm. Amma onu da deyim ki, bu əşyalar heç bir qızılın yerini verə bilməz. Qızılı da gündəlik taxmaq olmur. Onun da öz yeri var”.
Gümüş bijuteriya məhsulları satan Şahlar Həsənov isə bizimlə söhbətində 10 ildən artıqdır bu işlə məşğul olduğunu söylədi: “İndiyədək heç bir müştərim şikayətçi olmayıb. Biz satdığımız mala cavabdehik. Gündəlik tələbat da var. Bütün malların etiketinin üstündə “dəriyə ziyansızdır” yazılıb. Satdığımız malları “Sədərək”dən gətiririk”.
Çox təəssüflər olsun ki, heç bir dükanda bu malların keyfiyyətini təsdiq edən sənəd olmadı.
“Heç keyfiyyəti bizi maraqlandırmır”
Digər bir həmsöhbətimiz – Reyhan Nəbiyeva isə dedi ki, bijuteriyalar kasıb malıdır: “Toya -tamaşaya gedəndə bu əşyaların dəstinə 12-13 manat verib alırıq. Ən bahalısının qiyməti isə 35-40 manatdır. Qızıl-gümüş almağa imkanımız olmadığı üçün bu növlərə daha çox üstünlük veririk. Heç keyfiyyəti bizi maraqlandırmır. Sadəcə, bizi onun gözəlliyi, parlaqlığı maraqlandırır. Bu gün 5 manat verib, bir boyunbağı aldım. Həm qiyməti sərfəlidir, həm də görünüşü çox xoşuma gəldi”.
Demək olar ki, gün ərzində bir necə dükanda olduq və eyni mənzərə ilə qarşılaşdıq. Qadınların çoxu ancaq bu bəzək əşyalarının gözəlliyi ilə maraqlanırdı. Onların keyfiyyəti, dəriyə hər hansı bir ziyanın olub-olmaması isə qadınları, demək olar ki, maraqlandırmırdı. Onlar bildirdilər ki, arzuladığımız çeşidləri asanlıqla tapa bilirik, bu da bizi qane edir.
Həkim xəbərdarlığı
Keyfiyyətinə dair satış mərkəzlərində heç bir sənəd olmayan bəzək əşyalarının insan orqanizminə hansı təsirlər göstərə biləcəyi ilə bağlı suallarımızı isə Mingəçevirdə yerləşən Dəri-Zöhrəvi Xəstəxanasının həkimi, dermatoloq Kənan Möylamlı cavablandırdı. Həkim bildirdi ki, bu barədə bizə müraciət edən xəstələr çoxdur: “Dəfələrlə dərilərində müxtəlif səpgilərlə, qızartı ilə bizə müraciət edən qadınlar olub. Keyfiyyətsiz, ucuz, mənşəyi məlum olmayan bəzək əşyalarından uzun müddət istifadə etdikdə dəridə qızartı, sulanma ola, baş ağrıları yarana bilər. Hətta bəzi xanımların dərisi zərif olduğundan dərialtı və dəriüstü qızartılarla yanaşı, şişlər də meydana gələ bilər. Bu əşyaları satan insanlar onun keyfiyyətinə zəmanət vermirlər. Düzdür, xanımlar bir bəzək əşyası kimi bu bəzək növündən istifadə edirlər, amma diqqətli olmaq lazımdır. Qulaqda, boyunda, qolda hər hansı bir qızartı, sulu yaralar meydana gəlsə, dərhal bu bəzək əşyalarından istifadəni saxlamaq və həkimə müraciət etmək lazımdır”.
Sonda onu da vurğulamaq yerinə düşərdi ki, bu əşyalar ölkəmizə əsasən Çindən və İrandan gətirilir. Gümüş adı altında əhaliyə satılan bu məhsulların əksər hissəsi əslində gümüşdən deyil, dəri üçün zərərli olan metallardan hazırlanır…