Kasıb Məmmədlə varlı Məmmədin 10 qəpiyi arasında nə fərq var?..

370

Havalar bir balaca soyuyan kimi paytaxtın ayrı-ayrı bölgələrində su, qaz və işıqla bağlı problemlər ortaya çıxır. Bəzi yerlərdə su, bəzi yerlərdə işıq, bəzi yerlərdə isə qaz olmur. Məsələn, hər kəsə məlumdur ki, son zamanlar Xırdalanda işıq və qazın veriməsində uzunmüddətli fasilələr olur. Bənzər vəziyyət təkcə Xırdalanda deyil, Bakının da müxtəlif ərazilərində tez-tez müşahidə olunur. İllərin bir-birini əvəz etməsinə baxmayaraq insanlar hər il bu cür problemlərlə üzləşirlər. Bəs görəsən, kommunal xidmət sektorundakı problemlər niyə birdəfəlik həll olunmur? Bu sahəyə hər il milyonlarla vəsait sərf olunmasına baxmayaraq bənzər problemlərlə təkrar-təkrar üzləşirik. Bu məsələ ilə bağlı irad bildirən zaman deyirlər ki, ötən əsrin 90-cı illərində bu sahədə vəziyyət daha acınacaqlı olub. Heç kim bunu inkar etmir… 90-cı illərlə müqayisədə bu sahədə vəziyyət müsbətə doğru çox dəyişib. Ancaq problem tam şəkildə həll olunmayıb. Əgər paytaxtın hər hansı bir küçəsində 3 gün işıq olmursa, o zaman problemin həll olunduğundan necə danışmq olar? Su, qaz, işıq problemini birdəfəlik həll etmək üçün bu sahəyə milyonlarla vəsait sərf etmək kifayət etmir. Kommunal xidmət sektorunda texniki problemləri həll etməklə vəziyyəti düzəltmək mümkün deyil. Hesab edirəm ki, bu sahədə ədalət anlayışı hər şeydən üstün olmalıdır. Bu barədə İmam Əlinin də məşhur bir kəlamı var: “Heç bir şey şəhərləri ədalət qədər abad etməz”. Əgər bir ölkədə su, işıq, qaz pulun prezidentindən tutmuş sıravi vətəndaşa qədər hər kəs eyni səviyyədə ödəyirsə o zaman bu xidmətləri də hamı eyni səviyyədə almalıdır. Bu ölkədə heç kim qazın bir kubmetri üçün 10 qəpikdən artıq ödəniş etmir. Kasıb Məmmədin 10 qəpiyi ilə varlı və vəzifəli Məmmədin 10 qəpiyi arasında nə fərq var? Əgər heç bir fərq yoxdursa, o zaman niyə varlı və vəzifəli Məmmədə qaz fasiləsiz verilir, ancaq kasıb Məmmədin qazı iki gündən bir kəsilir? Bəzən elektrik enerjisinin verilməsində yaranan fasiləni gərginliyin artması ilə əlaqələndirirlər. Deyirlər ki, havalar soyuduğu üçün xətlər həddindən artıq yüklənir və ona görə də fasilələr yaranır. Bu cür açıqlamaları yəqin ki, eşitmiziniz. Ancaq heç kim izah etmir ki, niyə yüklənmə şəhərin hər yerində eyni səviyyədə olmur. Bəyəm şəhərin bəzi yerlərində havalar soyumur? Əslində bu cür yanaşma təkcə su, işıq və qaz kimi kommunal xidmətlərin verilməsində müşahidə olunmur. Bütün sahələrdə belə ayrıseçkiliyə rast gəlmək mümkündür. Məsələn, paytaxt yollarının qardan təmizlənməsi hansı prinsiplə həyata keçirilir? Bizim yoltəmizləyənlər 1 ədəd “Rang Rover” sürüşməsin deyə şəhərin mərkəzindəki ara küçələri dərhal təmizləyirlər. Ancaq şəhərin kənar məhəllələrində yüzlərlə “07”nin, “06”nın hərəkət etdiyi əsas yollar qardan təmizlənmir. Halbuki ilk növbədə hərəkətin intensiv olduğu əsas yollar qardan təmizlənməlidir. Görünür bizim yoltəmizləyənlərin prinsipi belədir ki, yüzlərlə “07”i sürüşüb əzilsə də olar, təki bir ədəd “Rang Rover” sürüşüb əzilməsin. Belə ayrıseçkiliyə onlarla nümunə göstərmək olar. Yaxşı bilirik ki, bu gün varlıların və vəzifəlilərin yaşadığı məhəllələr, kasıb və ortababların yaşadığı məhəllələrdən daha yaxşı süpürülür. Halbuki varlılar və vəzifəlilər yaşayan məhəllələri süpürən süpürgəçilərə artıq əməkhaqqı ödənilimir. Bütün süpürgəçilər eyni əməkhaqqı alırlar. Bu sahəyə az-çox bələd olduğum üçün əminliklə deyə bilərəm ki, kasıb və ortababların yaşadığı məhəllələrdə sakinlər süpürgəçilərə daha çox “görüm-baxım” edirlər, nəinki varlılar və vəzifəlilərin yaşadığı məhəllələrdə. Ayrıseçkilik və ədalətsizliyin olduğu yerdə milyonlarla vəsait xərclənsə də bu cür problemləri həll etmək mümkün deyil… İnkişafın, rifahın tək yolu var, o da ədalətdir…

Allahverdi Aydın